Modern.az

Cinayət dünyasının zərif bucağı

Cinayət dünyasının zərif bucağı

13 İyul 2010, 13:47

Hələ o zamanlardan dahilər deyib ki, dünyanı qadınlar xilas edəcək. Düzdür, hər sahədə işgüzar xanımlar getdikcə artır. Ancaq... Qadın kəlməsini cinayət sözü ilə birgə çəkilməsini adam ağlına belə gətirmək istəmir. Amma "qadın-qadını baltalayıb" kimi hadisələr barədə eşidəndə adamın "ayağı yerdən kəsilir". Məsələn, ötən il Bakının Ramana qəsəbəsində milliyyətcə rus olan 32 yaşlı Marqarita Alikina 49 yaşlı Əntiqə İsayevanı balatalayıb. Əntiqə İsayeva aldığı xəsarətlərdən yerindəcə keçinib. Soyğunçuluqda ittiham olunan və 8 aylıq hamilə Nailə Kruqliyeva isə elə məhkəmə zalındaca həbs olunub. Onun dünyaya gətirəcəyi, gələcəyimiz olan uşağının taleyi necə olacaq? Hələ Almaniyada daha dəhşətlisi baş verib. Almaniyanın şimalındakı Darri kəndində yaşayan qadın narkotik maddələr qəbul edəndən sonra 3-9 yaşları arası 5 oğlunun başına polietilen kisə salaraq boğub. Sonra da 31 yaşlı qatil-ana polisə təslim olub. Polislər və psixoloqlar hadisədən dəhşətə gələrək, qadının ağlını itirdiyini güman edirlər.

Bu cinayətkarlar gec-tez həbs olunurlar, ancaq onların açdığı yaralar uzun zaman yaddan çıxmır.

 

Narkomaniya dünyasından insan alverinə…

 

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, ölkədə baş verən cinayətlərin 25 faizi qadınların iştirakıyla, ya da qadınlara qarşı törədilən cinayətlərdir. Qadınlar əsasən ailə-məişət zəminində və qısqanclıq halları ilə bağlı cinayətlər törədirlər. Son vaxtlar qadınların adı ağır cinayətlərdə, qəsdən adam öldürməkdə də çəkilir.

Qadın məhkumların sayına görə Azərbaycan MDB məkanında sonuncu yeri tutur. ABŞ, Çin, Rusiya və Tailand kimi ölkələr sıralamada ilk yerdədir. London Kral Kollecinin 187 ölkədə apardığı araşdırmalara görə, Rusiya həbsxanalarında cəza çəkən qadınların sayı 55400-dür. Rəsmi statistikaya görə, Rusiyada hər 12 məhkumdan biri qadındır. 2000-ci illə müqayisədə qadın məhkumların sayı 38 faiz artıb. Belarusda isə bu göstərici 7,5 faiz təşkil edir. Xoşbəxtlikdən Azərbaycan bu sırada ən axırıncı yerlərdən birindədir.

Bütün bunlara baxmayaraq, son illər Azərbaycanda cinayət törədən qadınların sayı artıb. Qadınlar tərəfindən törədilən cinayətlər arasında narkotiklə bağlı cinayətlərin sayının artması narahatlıq doğurur. Baş prokurorun müavini Namiq Əsgərov “Qadınlara qarşı zorakılığa yox deyək” mövzusunda keçirilən dinləmələrdə deyib ki,  2008-ci ildə qadınların törətdiyi cinayətlərin sayı 2197, bu ilin 10 ayında 1789 olub.

Hazırda 4 saylı Cəzaçəkmə Müəssisəsində 300-dən çox qadın məhkum var. Əksəriyyəti də ağır maddələrlə ittiham olunub. Ölüm, dələduzluq, narkotik və ən əsası da qadın alveri ilə ittiham edilərək cəza alanlar çoxluq təşkil edir. Məhkumların cəzaçəkmə müəssisəsində cəmiyyətdə müəllim, həkim, aktyor və vaxtı ilə iş adamı olmuş qadınlar da var. Hətta onların içərisində ərini yatdığı yerdə diri-diri yandırıb öldürənlər də var.

Azərbaycan Daxili Işlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin  2009-cu ilin 1-ci rübü üzrə təhlilində qeyd olunur ki, insan alveri ilə bağlı cinayətlərə görə 77 nəfər məsuliyyətə cəlb olunub. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı -4,9% (-3; 58-61) azalıb, həmin cinayətləri törədənlərin 63,6% (49) qadınlar olub. Elə ona görə də Azərbaycanda insan alveri deyiləndə, ilk növbədə qadın alveri başa düşülür. Psixoloqların fikrincə, ümumilikdə kişilərin həbsə düşməsi qəbul edilən faktdır. Ancaq qadınların həbsə düşməsinə münasibət fərqlidir. Bu, onların ailələrinə qayıtmasına, iş tapmasına, bir sözlə, həyatlarına qaldıqları yerdən davam etməsinə mane olur. Sonra da insan alverinin qurbanına çevrilir. Yetkinlik yaşına çatmayan qızların həbsxanaya düşməsi isə daha təhlükəlidir. Məhbəs həyatı onların şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərir.

Bu zaman mütləq həbsxanada məhkumlarla psixoloqlar əlaqə saxlamalıdır. Məsələn, Latviyanın qadın koloniyalarında 300 məhkumla 1 psixoloq söhbət edir. Azadlığa çıxan həmin insanlardan yenidən cinayət törədib geri qayıdan olmayıb.

 

 

Xanımlara qıyanlar

 

Yuxarıda yazdıqlarımız bəlkə də heç eşitmək istəmədiklərimzdir. Bəlkə də qadınlar həmişə incə olduğu üçün kobudluğu, cinayəti onlara yaraşdırmaq istəmirik. Əgər qadınlar bir cinayət törədirsə, bu gün qadınlara qarşı yüzlərlə cinayət törədilir. Araşdırmalar göstərir ki, qadın intiharlarının, qadın ölümünün sayında artım var. Birləşmiş Millətlər Təşkilatının Demoqrafik Fondunun məlumatına görə, hər il dünyada 5 mindən çox qadın namus məsələsinə görə öldürülür.  Qadın cinayət qurbanlarının 70 faizi ərləri, ya da sevgililəri tərəfindən öldürülür. Dünyada hər 3 qadından 1-i həyatının bir dönəmində zorakılığa məruz qalır. Hər 5 qadından 1-i isə həyatının hansısa mərhələsində təcavuz və yaxud təcavuz cəhdinin qurbanı olur. ABŞ-da hər 90 saniyədə 1 qadın təcavüzə uğrayır, İraqda 2003-cü ilin aprelindən bu yana ən azı 400 qadın təcavüzə uğrayıb. Bu cinayətlər daha çox Banqladeş, Braziliya, Ekvator, Misir, Hindistan, İsrail, İtaliya, İordaniya, Mərakeş, Pakistan, Türkiyə, Uqanda və İngiltərədə baş verir.

ABŞ-da qadınlar daha çox silahla öldürülür, Hindistanda amansız yola əl atırlar. Hindlilər qadınları döyür, sonra da yandırırlar. Polislərə isə “mətbəx qəzası” deyib, canlarını qurtarırlar.  Türkiyədə mürtəce tayfa adət-ənənələri və namus məsələsi qadınların həyatı üçün real təhlükədir. Türkiyənin ədliyyə naziri Sadullah Ergin nəzərə çatdırıb ki, 2002-ci illə müqayisədə  2009-cu ildə qadınlara qarşı törədilən cinayətlərin sayı bu ölkədə 14 dəfə artıb.  Əgər 2002-ci iljə 66 qadın öldürülübsə, 2009-cu ilin ilk 7 ayında bu rəqəm 953-ə çatıb.

48 ölkədə aparılan araşdırmalara görə, qadınların 69 faizi həyat yoldaşının zorakılığına məruz qalır. Zorakılıqla üzləşənlər əsasən yoxsul qadınlardır. Avstraliya, Kanada, İsrail, Cənubi Afrika və ABŞ-da cinayətə qurban gedən qadınların isə 70 faizinin daha əvvəllər fiziki zorakılığa məruz qaldığı əri və ya məşuqu tərəfindən öldürüldüyü ortaya çıxıb. Ümumən dünyadakı qadınlara qarşı törədilən cinayətlərin 29 faizi namus, 29 faizi ailəyə uyuşmazlıq, 15 faizi həyat yoldaşını aldatma, 10 faizi qan davaları, 3 faiz təcavüz, 3 faizi qız alıb-verməklə bağlıdır.

Son vaxtlar qadın intiharlarının da sayı artır. Azərbaycanda 2010-cu ilin yanvar ayının 1-dən may ayının 1-dək ölkə ərazisində 104 nəfər intihar edib. Canına qəsd edənlərin 79-u kişi, 25-i qadındır. Bu ilin yanvarında Cəlilabad rayonunda 11 yaşlı  Zülfiyyə Mirzəağa qızı Sadıqovanın yaşadığı evdə özünü asaraq intihar etməsi daha çox suallar doğurur. 11 yaşında olan, ölümün mahiyyətini hələ dərindən anlamyan  qız niyə intihar etsin? İntiharların səbəbi müxtəlifdir, sosial, psixoloji amillər var. Ancaq qız uşaqlarının intiharı göstərir ki, zorakılıq və ölüm səhnələrinin nümayişi ilə bağlı telekanallara sərt qadağalar qoyulmalıdır.  Türkiyədə “Kəmər” lahiyəsində qadınlara qarşı baş verən cinayətləri araşdıran türk psixoloq Julidə Aral isə maraqlı fikirlə çıxış edib. Onun fikrincə, həm cinayəti işləyənə, həm də onu məcbur etdirənə cəza verildiyi üçün intiharlar artıb. İndi namus cinayətlərinin adını da intihar qoyurlar. Dünyadakı intiharlara nəzər saldıqda, aydın olur ki, qadın intiharları ilə kişi intiharları fərqlidir. Kişilər əsasən silahdan özlərinə atəş açmaqla, maşınla qəza törətməklə intihar edirlər. Qadınlar nisbətən asan yol seçirlər, özlərini asırlar. Yaxın Şərqdə isə vəziyyət spesfikliyilə seçilir. Qadınlar intihara məcbur edilirlər. Qadınları elə vəziyyətə salırlar ki, o, çarəni yalnız ölməkdə görür.

Azərbaycanda isə hər 4 cinayətdən biri qadınlara qarşı törədilir. DİN-in məlumatına görə, 2001-2005-ci illərdə 246 qadın qətlə yetirilib. Qadın ölümünə cəhd edilməsinə görə 100, qadınların döyülməsinə görə 8833 fakt qeydə alınıb. 2291 qadın isə müxtəlif dərəcəli bədən xəsarəti alıb., 2008-ci ildə Azərbaycanda 14 qadın onlara qarşı cinayətkarlığın nəticəsində dünyasını dəyişib. 2009-cu ilin 10 ayında isə bu rəqəm 16 olub. 2008-ci ildə 18 nəfər qız öz iradəsinə zidd olaraq qaçırılıb. 2009-cu il bu rəqəm 15 olub.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Qadınlara qarşı zorakılığa yox deyək” mövzusunda keçirilən dinləmələrdə qeyd edib ki, 2009-cu ildə Dövlət Statistika Komitəsinin keçirdiyi sorğuda iştirak edən respondetlərin 77 faizi bildirib ki, qadın və uşaqlar daha çox zorakılığa məruz qalır. 2008-ci ildə 6352 qadın zorakılığa məruz qalıb, onların 3408-i məişət zorakılığının qurbanıdır. 2009-cu ilin 10 ayında Komitəyə müraciət edən qadınların əksəriyyəti məişət zorakılığına məruz qaldıqlarını bildiriblər. 2009-cu ilin 10 ayında 400-dən artıq qadın boşanmaq üçün məhkəmələrə müraciət edib.

Daxili İşlər Nazirliyində hesab edirlər ki, Azərbaycanda qadınlarla bağlı cinayətlərin artması ölkədəki kriminogen vəziyyətin gərginləşməsi ilə əlaqədar deyil, qadın hüquqları ilə bağlı maarifləndirmə işləri genişləndirilir, bu səbəbdən bölgələrdə yaşayan qadınlar hüquqlarını daha ciddi şəkildə müdafiə edə və çəkinmədən polisə şikayət edə bilirlər.

 

Qızları hələ də istəməyənlər var...

 

"Qadınlar kişinin qabırğasından yaranıb" deyirlər. Ancaq onların başı elə ana bətnində olandan dərddədir.

Cenevrədə "Silahlı Qüvvələrə Demoqrafik Nəzarət Mərkəzi"nin "Qadınlar Təhlükəsiz Dünyada" adlı hesabatında son 10 il ərzində yer üzündə ən azı 60 milyon qızın hələ ana bətnində olanda dünyaya gətirilmələrinin istənilmədiyi və həyata göz açmadan "işlərinin bitdiyi" məlum olub. Müayinə zamanı uşağın qız olduğu bilinəndə, onların məhv edilməsinə daha çox Afrikada, Çində, Hindistanda rast gəlinib. Çində 100 qıza qarşı 119 oğlan doğulur. Ancaq bioloji olaraq 100 qız uşağına 103 oğlan düşməlidir. Bütün ölkələr kimi Azərbaycanda da bu hallara rast gəlinir. Ancaq o qədər də yox. 2008-ci ilin oktyabrın 1-nə olan demoqrafik göstəricilərə görə, doğulanların ümumi sayından 53,6 faizi oğlan, 46,4 faizi isə qızdır. Oğlanların sayı çox olsa da, yenə də ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir. Yəni hər 1000 kişiyə 1027 qadın düşür.

Azərbaycanda da 2009-cu ildə iqtisadi qeyri-stabillik və ailə gəlirlərinin azalması abortların artması ilə müşahidə olunub. Hər halda Qadın Krizis Mərkəzində belə hesab edirlər. Qadın Krizis Mərkəzinin müşahidələrinə və daxil olan məlumatlara görə, əsasən üçüncü uşaqların dünyaya gəlməsi məqbul sayılmır. Digər tərəfdən, Azərbaycan ailələrində belə bir baxış hökm sürür ki, əgər birinci övlad qız olubsa, ikincisi mütləq oğlan olmalıdır. Əgər müayinə zamanı dünyaya gələcək ikinci uşağın da qız olacağı məlum olarsa, o halda mütləq əksəriyyət aborta üstünlük verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF də bu sahədə birgə monitorinq aparmaqdadır. Dövlət Komitəsinin sədri Hicran Hüseynova da qadınların qız uşağı dünyaya gətirmək istəmədiklərini təəssüflə qeyd edib. Ancaq qız uşaqlarına belə münasibət gələcəkdə ölkəni demoqrafik böhranla qarşılaşdıra bilər.

Yeri gəlmişkən, BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə, noyabrın 25-i qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq gün kimi qeyd olunur. BMT, ATƏT və Avropa Şurası Azərbaycanda məişət zorakılığının qarşısını almaq üçün xüsusi qanunun qəbulunu vacib sayır.

Bəs Azərbaycanda bu istiqamətdə hansı işlər görülür?

Bu barədə fikirlərini açıqlayan və ikinci oxunuşa hazırlanan “Məişət  zorakılığının qarşısının alınması haqqında” qanunla bağlı məlumat verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirir ki, qanun layihəsinə əsasən məişət zorakılığı ilə bağlı şikayətlərə müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr baxacaq. Məişət zorakılığı ilə bağlı araşdırmanın aparılması üçün müvafiq qurumlara şikayət daxil olmalıdır. Zərərçəkmiş şəxsin dövlət vəsaiti hesabına dərhal tibbi yardımla, yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təminatı nəzərdə tutulur. Dövlət məişət zorakılığını törətmiş şəxsləri profilaktik qeydiyyata alacaq və onlarla tərbiyəvi qabaqlayıcı işlər aparacaq. Məişət zorakılığını törətmiş şəxslərin valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulur. Qanuna əsasən, zərərçəkənlər yardım mərkəzlərində 2 ay, yetkinlik yaşına çatmayan şəxslər isə 3 ay müddətinədək sığınacaqla təmin olunacaqlar…

 

Nuranə Məmmədova

 

 

Qeyd: Yazı Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ)  “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsi “Hüququn KİV-də yayılması” proqramı çərçivəsində jurnalistlər arasında “Azərbaycanda gender problemləri” mövzusunda keçirilən mübaqiyə təqdim olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü