Modern.az

DİN-də kollegiya iclası keçirilib: cinayətkarlığın altı aylıq statistikası

DİN-də kollegiya iclası keçirilib: cinayətkarlığın altı aylıq statistikası

Ölkə

29 İyul 2010, 13:52

st1:*{behavior:url(#ieooui) }

İyulun 29-da Daxili İşlər Nazirliyində cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

İclası daxili işlər naziri, general-polkovnik  Ramil Usubov açıq elan edib. Hesabat məruzəsi ilə daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov çıxış edib. Nazir müavini deyib ki, bütün subyektlər üzrə 11.375 cinayət qeydə alınıb, onların 96 faizi, yəni 10.920-si daxili işlər və prokurorluq orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində təhqiqatı və istintaqı aparılan hüquqazidd əməllər olub. Cinayətlərin strukturunda hədə-qorxu ilə tələb etmələr 33,3 faiz, soyğunçuluqlar 26,3 faiz, quldurluqlar 14,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 2,3 faiz, zorlamalar 2,6 dəfə azalıb. Adamları girov götürmə cinayətləri qeydə alınmayıb. Cinayətlərin açılması 1,3 faiz yaxşılaşaraq 87,3 təşkil edib, bağlı qalanların sayı 164 fakt və ya 11,2 faiz azalıb. Bir sıra ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən qəsdən adam öldürmələrin açılması 84,7 faizdən 94,1 faizədək, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 81,8 faizdən 87,4 faizədək, soyğunçuluqların açılması 69,1 faizdən 75,5 faizədək, oğurluqların açılması 54,2 faizdən 62 faizədək, onların içində mənzillərdən edilənlərin açılması 47,5 faizdən 63 faizədək yüksəlib. Banditizm və hədə-qorxu ilə tələb etmə cinayətləri tam açılıb.

Prokurorluq orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 188 ağır və xüsusilə ağır cinayətin  açılması təmin olunub. Bundan əlavə, 91 cinayət,  o cümlədən 6 qəsdən adam öldürmə və 1 ona cəhd, 3 qəsdən sağlamlığa ağır zərər vurma,  6 quldurluq, hərəsi 4 fakt olmaqla soyğunçuluq və oğurluq,  61 nəqliyyat vasitəsinin qaçırılması və s. “isti izlərlə” açılıb.

Qeyd olunub  ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi davam etdirilərək yerli və dövlətlərarası axtarışda olan 1134, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 68 nəfər tutulub. İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 45 nəfərin və İnterpol xətti ilə digər üzv ölkələrdə axtarılan 21 şəxsin yeri müəyyən edilib.

Cinayətkar dəstələrə və qruplara qarşı aparılan mübarizə də səmərəli olmaqla 391 ağır və xüsusilə ağır cinayət, o cümlədən 12 qəsdən adam öldürmə, 3 adam oğurluğu, 1 banditizm, hərəsi 35 fakt olmaqla quldurluq və soyğunçuluq törətmiş 383 nəfəri birləşdirən 110 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 664 odlu silah və 50 minə yaxın patron götürülüb, bu növ cinayətlərə görə 38 nəfər məsuliyyətə cəlb olunub.

İnsan həyat və sağlamlığına ziyan vuran saxtalaşdırılmış və kontrafakt məhsulların istehsalı və dövriyyəsi sahəsində qanunla müəyyən edilmiş vəzifələrin məqsədyönlü təşkili də nəzarətdə saxlanılıb, qeyri-leqal dövriyyədən ümumi məbləği 303 min manat təşkil edən 4011 ədəd saxta əskinas çıxarılıb, habelə İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ilə əlaqədar 11 cinayət müəyyən edilərək 57 tondan çox istifadə müddəti ötmüş müxtəlif ərzaq məhsulları, saxta tikinti materialları, 1200 ədəd kontrafakt içki çıxarılmış, 4 gizli istehsal müəssisəsi aşkar edilib.

Transmilli mütəşəkkil cinayətkarlığa qarşı aparılan  mübarizə də effektli nəticələr verməklə 115 nəfərdən ibarət 36 cinayətkar qrup və dəstə zərərsizləşdirilib, qanunsuz dövriyyədən 317 kiloqramdan çox narkotik vasitə çıxarılıb, 63,5 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Həyata keçirilən əməliyyat-profilaktiki tədbirlərlə ümumi çəkisi 214 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib. İnsan alverinin qarşısının alınması və aradan qaldırılması ilə bağlı görülmüş qabaqlayıcı tədbirlərlə 57 cinayət faktı aşkarlanaraq 21 nəfər məsuliyyətə cəlb olunub, bu hüquqazidd əməllərin qurbanı olan 27 şəxs müəyyən edilib.

Respublikada ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrası üzrə həyata keçirilən məqsədyönlü tədbirlərlə ekoloji cinayətlər törətmiş 112 nəfər məsuliyyətə cəlb olunub, habelə 545 şəxs haqqında qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb.

“102” xidmətinə daxil olmuş məlumatlar əsasında keçirilən operativ tədbirlərlə bütövlükdə 60 cinayət açılıb, habelə məişət zəminində baş vermiş 788 hüquqpozmanın qarşısı alınıb. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təmin edilməsində səmərəli rol oynayan «Təhlükəsiz Şəhər» Xidməti tərəfindən  videomüşahidə sistemlərinin tətbiqilə 16 cinayətin  üstü açılıb, 972 yol-nəqliyyat qəzası, o cümlədən vətəndaşların xəsarətlənməsi ilə nəticələnən 23 analoji hadisə müəyyən edilib. Yol hərəkəti qaydaları əleyhinə olan 16 mindən çox inzibati xəta aşkarlanıb.

Cari ilin 6 ayında yol-nəqliyyat hadisələrinin sayı 3,5 faiz, qəzalarda xəsarət alanların sayı 5,5 faiz azalıb. Sürücülərin yol hərəkəti qaydalarını kobud  şəkildə pozmalarından irəli gələn hadisələr 28,9 faiz, o cümlədən sürət həddinin aşılması nəticəsində baş verənlər 7,2 faiz, ötmə qaydalarının pozulması və qarşıdan gələn nəqliyyatın yoluna çıxma ilə əlaqədar olanlar 12,1 faiz, avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi səbəbindən törədilənlər 50 faiz, piyadaların vurulması ilə bağlı hadisələr 1,7 faiz azalıb. Yol hərəkətinə nəzarət prosesində 417.639 qayda pozuntusu aşkarlanıb ki, bu da  2009-cu illə müqayisədə 9,5 faiz çoxdur. Müvafiq inzibati xətalara görə 45.715 sürücü yerində cərimələnib, 1400 nəfərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılıb. Avtoxuliqanlıq etdiyinə görə  408 sürücü barəsində qanunla müəyyən edilmiş ölçülər götürülüb.

Vətəndaşlara şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi sahəsində məqsədyönlü şəkildə həyata keçirilən tədbirlərlə cari ilin altı ayında respublika üzrə 228.211 nəfər ümumvətəndaş pasportu, 481.205 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib, yaşayış yeri üzrə qeydiyyat qaydalarının pozulmasına görə 14.966 nəfər haqqında inzibati tədbirlər  görülüb. Ölkədə yaşamaq icazəsi və ya müvafiq qeydiyyatı olmayan 1440 əcnəbi deportasiya edilib.

Müxtəlif inzibati xətalara görə bütövlükdə 471.158 şəxs haqqında protokol tərtib olunaraq 411.452-si cərimələnib, 1.355 nəfər inzibati qaydada həbs edilib.

Müzakirələrdə çıxış edənlər görülmüş işlər, fəaliyyətdə mövcud olan nöqsanlar, onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər haqda ətraflı məruzə ediblər.

Kollegiya iclasına yekun vuran nazir Ramil Usubov hesabat dövründə daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətini bütövlükdə müsbət qiymətləndirib, eyni zamanda ayrı-ayrı xidmət sahələrinin və ərazi orqanlarının işində nəzərə çarpan nöqsan və çatışmazlıqların aradan qaldırılması yollarına dair zəruri tapşırıqlar verib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü