Modern.az

“Alo!!! Bura QHT ofisidir? Xeyr bura hamamdır!”

“Alo!!! Bura QHT ofisidir?  Xeyr bura hamamdır!”

19 Avqust 2010, 19:13

QHT-lərə Dövlət Dəstəyi Şurası 2010-cu ildə “Azərbaycan QHT-ləri” adlı kitab hazırlayıb. Bu nəşrdə Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 3 minə yaxın QHT-dən 800-ü barədə məlumatlar – ad, ünvan, telefon nömrələri və s. – qeyd olunub. Lakin araşdırmalar göstərir ki, bəzi QHT-lərin özləri barədə “Azərbaycan QHT-ləri” kitabına verdikləri məlumatlar düzgün deyil. Kitabda göstərilən ünvana gedəndə, telefona zəng vuranda qarşı tərəfdən gülməli cavablar eşitmək olar.

Modern.az-ın əməkdaşı bu günlərdə ekologiyaya aid bir mövzu ilə bağlı araşdırma apararkən adları “Azərbaycan QHT-ləri” kitabında olan ekoloji yönümlü bəzi QHT-lərdən münasibət öyrənmək istəyib. Amma həmin kitabdan götürülən telefon nömrələrinə zəng vuran müxbirimiz bir çox hallarda “səhv düşmüsünüz!” cavabını eşidib. Maraqlı dialoqlar yaşanıb.

- Alo, salam. Bağışlayın bura “Ekoleks” Ekoloji Hüquq Mərkəzinin ofisidir?
- Bura evdir, özü də bizim xəstəmiz var. Xahiş edirik bir də bizi narahat eləməyəsiniz!


- Salam. Ekoloji Tarazlıq İctimai Birliyinin sədri ilə danışmaq istəyirik.
- Nəyin tarazlığııı...? Ay yoldaş, bura laboratoriyadır.


- Üzr istəyirəm, bura “Ekosfera” Sosial Ekoloji Mərkəzidir?
- Nəə? O nə olan şeydir?
- Qeyri-hökumət Təşkilatıdır.
- Nə təşkilat, xeyr bura hamamdır. Bizim hökumətlə-filanla nə işimiz var...


- Salam. Mənə “Ekoloq” Ətraf Mühitin Qorunması İctimai Birliyindən bir nəfər lazımdır. Ekoloji məsələylə bağlı münasibət öyrənmək istəyirəm.
- Əleykimə salam. Amma səhv düşmüsünüz, bura komputer mərkəzidir.

Beləcə əməkdaşımız 10-a yaxın ictimai birliyinin telefon nömrəsinə zəng vurmaqla telefon xəttinin o başından “bura bərbərxanadır”, “bura məktəbdir, “bura evdir” cavablarını alıb.

Bu bizim təsadüfən yoxladığımız 10-a yaxın QHT-nin telefonları idi. İstisna deyil ki, bəzi QHT-lər özlərinin varlığını sübut eləmək üçün saxta telefon nömrələri və ünvanlar verməklə “Azərbaycan QHT-ləri” kitabına qeydiyyata düşüblər. Bu məsələ bir qədər də QHT rəhbərlərinin özlərinin şəffaflığa meylli olmadlğlnı göstərir.

Vüqar Ağamalıoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı