Modern.az

Ülvi Quliyev istifadə edəcəyi seçki texnologiyasını açıqladı

Ülvi Quliyev istifadə edəcəyi seçki texnologiyasını açıqladı

Parlament

19 Oktyabr 2010, 14:18

17 saylı Yasamal üçün seçki dairəsindən deputatlığa bitərəf namizəd Ülvi Quliyev təbliğat-təşviqat kampaniyasında istifadə edəcəyi seçki texnologiyasını açıqlayıb.

Modern.az-ın məlumatına görə, Ü.Quliyev deyib ki, daha çox hər bir seçici ilə fərdi görüşlərə üstünlük verəcək: “Tezliklə seçicilərlə görüşlərə başlayacam. Əsasən fərdi görüşlərə üstünlük verəcəm. Seçicilərlə fərdi ünsiyyət Qərb ölkələrində geniş yayılmış seçki texnologiyasıdır və “qapı-qapı” təbliğat metodu adlanır. Mən də belə qərara gəlmişəm ki, seçicilərə çox əziyyət verməyim. Düzdür, qanunla nəzərdə tutulan yerlərdə görüşlər gecirəcəm. Ancaq daha çox insanlarla fərdi görüşlərə üstünlük verəcəm”.

Deputatlığa namizəd bildirib ki, fərdi görüşlər seçicilərin problemlərini ayrılıqda dinləmək, onlarla daha yaxından ünsiyyətdə olmaq imkanı verir: “Hesab edirəm ki, deputat hər bir seçicinin, Azərbaycanın hər bir vətəndaşının deputatı olmalıdır. Bunun birinci yolu isə onların hər biri ilə təkbətək görüşüb problemlərini dinləmək, təkliflərini öyrənməkdən keçir. Ona görə də biz bu yolu mütləq keçəcəyik”.  

Ü.Quliyev seçki kampaniyasının arxada qalan mərhələlərini müsbət qiymətləndirib: “Namizədliyimin irəli sürəndə, imza toplayanda və qeydə alınanda heç bir problemlə üzləşməmişəm. 17 saylı Yasamal üçüncü seçki dairəsinin seçiciləri mənə həvəslə imza verdilər. İndi isə təbliğat materallarını yayırıq. İnsanlar yenə də böyük məmuniyyətlə qapını mənim nümayəndələrimin üzünə açıb təbliğat materallarını alırlar. Ona görə də seçkidə qalib gələcəyimə dair əminliyim günü-gündən artır”.

Ülvi Quliyev 1966-cı il sentyabrın 17-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Əməkdar məşqçi, əməkdar idman ustasıdır. Karate idman növü üzrə Avropa və dünya çempionudur. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Rus və ingilis dillərini bilir.

1988-ci ildən 1992-ci ilədək aptekdə provizor-analitik, baş provizor vəzifələrində işləmişdir. 1992-2002-ci illərdə “Loğman” aptekinin müdiri vəzifəsindəı çalışıb. 2002-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə şöbəsinin rəisi, 2005-ci ildə “Gömrükçü” İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini vəzifələrində çalışıb

2005-ci ildə 21 saylı Nəsimi birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Bitərəfdir. Evlidir, 2 övladı var.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı