Modern.az

İnqilab fotoqrafı - 10 il boyunca Fidel Kastronu izləyən, Çe Gevaranı çəkən fotoaparatlı ADAM

İnqilab fotoqrafı  - 10 il boyunca Fidel Kastronu izləyən, Çe Gevaranı çəkən fotoaparatlı ADAM

Reportaj

29 Sentyabr 2015, 10:47

Yəqin ki, hər biriniz üçün maraqlı olardı ki, dünyaca məşhur inqilabçı Çe Gevaranın məşhur portret fotoşəklinin müəllifi kimdir?

Bəlkə də heç tale özü də inanmazdı ki, “qız tutmaq” məqsədilə fotoqrafçılığa başlayan Korda sonralar Kubanın ən məşhur fotoqrafı olacaq, dünyaca məşhur inqilabçıların simalarını bəşər tarixində əbədiləşdirəcək. 

Modern.az-ın məlumatına görə, Alberto Korda adı ilə bilinən  kubalı Alberto Dias Qutierres  1928-ci il 14 sentyabr tarixində Kubanın paytaxtı  Havana şəhərində dünyaya göz açıb. Fotoqrafiyaya ilk gəlişi “qız tutmaq” məqsədi olan bu məşhur fotoqraf heç özü də bilməzdi ki, sonralar bu qədər məşhurluq  əldə edə bilərdi.

Onun fotoqrafiya ilə ilk tanışlığı atasına məxsus  fotoaparatla öz sevgilisinin şəkillərini çəkməklə baş tutub. Korda dəmiryolu işçisinin ailəsində dünyaya gəlib. O, fotoqraf olmazdan əvvəl bir neçə işlə məşğul olub. Kariyerasına da ziyafət məclislərində və toylarda şəkil çəkməklə başlayıb.

1952-cü ildə Korda digər kubalı fotoqraf Luis Piers ilə birlikdə ilk foto-studiyasını açır. Bununla da, Korda və Peirs dəbdən reklama qədər müxtəlif növ şəkillər çəkməklə məşğul olublar.

Kuba inqilabı fotoqrafın həyatında dönüş nöqtəsi olur. Özünün də təbirincə desək,  inqilab  30 yaşlarında mənasız keçən həyatını tamamilə dəyişən qeyri-adi bir hadisəyə çevrilir.

1959-cu ildə yeni yaradılmış bir qəzet fotoqraflar üçün geniş imkanlar yaradır ki, onlar öz fotolarını həmin qəzetdə yayımlasınlar. Korda həmin qəzetdə çalışmağa başlayır.

O əsasən inqilabın liderlərinin fotolarını çəkməyə başlayır. Bir inqilab fotoqrafı kimi Korda həmişə öz iş tempində işləyirdi. Mətbuat və digər yerlərdən sıxıntıya məruz qalmırdı.

İnqilabdan sonra Korda 10 il Fidel Kastronun şəxsi fotoqrafı oldu. Fidel  Kastronun getdiyi hər yerdə onu izləyirdi. Onun Kastro ilə  aralarında olan münasibəti yalnız işçi müdir münasibəti deyildi. Aralarında möhkəm,səmimi dostluq  imkan verirdi ki, Kardo öz işini rahatlıqla görə bilsin.

Kastro ilə birgə  Korda da  da bütün Kuba, xarici ölkələr və Sovet İttifaqına səyahətlər edirdi.


Elə bu səyahətlərin birində Korda özünün ən məşhur fotolarından birini çəkib. O, Kastronu 1959-cu ilin aprelində Linkoln Memorialına səfər etdiyi zaman lentə alıb.


Fotoqraf 1963-cü ildə Fidel Kastro və Nikita Xruşovun söhbət edərkən fotolarını çəkib.


Bundan əlavə, Kordanın  məşhur fotoları arasında 1959-cu ildə Fidel Kastronun Nyu York zoo-parkında pələngin gözünə diqqətlə baxarkən çəkdiyi fotoşəkildir.

Kordanı dünyaya tanıdan ən məşhur fotosu isə çəkdiyi  inqilabçı Çe Gevaranın  portret fotosudur. Bu fotoşəkilin çəkilmə tarixi də maraqlıdır.


Belə ki, 1960-cı ildə Gevara "La Coubre" silah gəmisinin partlaması zamanı qurbanlara kömək etmişdi. Xilasetmə əməliyyatı sırasındakı ikinci partlayışla birlikdə ölənlərin sayı yüzü keçmişdi. Bu partlayışda ölənlərin cənazə mərasimində Alberto Korda Çenin məşhur fotoşəkilini çəkir.  Həmin dövrdə Albert Korda  Kubanın məşhur “Revolución” qəzetində işləyirdi. 

Maraqlısı odur ki, bu foto həmin il heç yerdə işıq üzü görmür. Düz 7 ildən sonra fotoşəkil  mətbuatda yayımlanır. Belə ki, Çe Gevaranın ölümündən sonra italiyan müxbir inqilabçının “Boviliya gündəliyi” qeydlərini  rəsmi qaydada öz əlinə keçirərək  yazısında Kordanın çəkdiyi məşhur portret fotodan da istifadə edir.

Korda fotonun  paylaşılmasına dair mətbuatda heç bir qadağa qoymadan rahatlıqla icazə verir. Yalnız, bu foto daha sonra özündən icazə alınmadan dəfələrlə yayımlanır. Sonralar foto dəxlisiz reklam kampaniyalarında istifadə edilir.  Bununla əlaqədar, fotoqraf 2000-ci ildə spirtli içki şirkəti Smirnoffu məhkəməyə verir.

Fotodan qeyri-ciddi məqsədlərlə  istifadə edənlərə şəxsən fotoqrafın sözləri belə olur: "Çe Gevaranın uğrunda öldüyü idealları dəstəkləyən biri kimi bu fotonun onun xatirəsini yaşatmağa və dünyadakı sosial ədaləti təmin etməyə çalışanların istifadə etməsinə qarşı çıxmıram. Amma alkoqol kimi ticari şeyləri reklam etmək üçün Çenin şöhrətindən istifadə etməyə çalışanların qarşısındayam". 
Korda məhkəməni udur. Əvəzində  aldığı 50.000 dollar təzminatı Kuba Səhiyyə Sisteminə bağışlayır və "Əgər Çe yaşasaydı, o da belə edərdi",-deyə bildirir.

Nə yazıq ki, inqilab fotoqrafı 2001-ci ildə Parisdə öz sərgisinə hazırlaşarkən ürək infarktından dünyasını dəyişir. Lakin inqilab fotoqrafının çəkdiyi fotolar tarixin yaddaşında böyük izlər qoyub.

Leyla Əfqan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı