Modern.az

Papirosum yana-yana...Deputatlar nə vaxtdan, hansı markadan siqaret çəkirlər?

Papirosum yana-yana...Deputatlar nə vaxtdan, hansı markadan siqaret çəkirlər?

30 Noyabr 2010, 17:12

Siqaretin zərərini hamı bilir, onu çəkməyənlər də, çəkənlər də...  Hamının bildiyi zərərli vərdişə qarşı təbliğat hələki nəticəsiz qalır, siqarat çəkənlərin sayı ilbəil çoxalır. Bu vərdişə aludə olanlar arasında hər bir təbəqədən olan insanlar var...
Bu günlərdə Türkiyə Böyük Millət Məclisində (TBMM) siqareti atmaqla bağlı maraqlı aksiya keçirilib. Aksiya nəticəsində siqareti tərgidən 15 millət vəkilinə bu addımlarına görə sertifikat verilib.
Azərbaycan Milli Məclisində siqaret çəkən deputatlar az deyil. Modern.az ötən dəfə olduğu kimi, yenə də bir qrup deputatı sorğu-suala çəkərək onlardan bu zərərli vərdişə nə zaman başladıqlarını, hansı markadan olan siqaret çəkdiklərini, onu niyə tərgidə bilmədiklərini soruşub.

Siqaret çəkməyə gec başlayan deputat Astan Şahverdiyev  bildirdi ki, təxminən 30 yaşlarında bu zərərli vərdişə aludə olub. Hansı səbəbdən siqaret çəkməyə başladığı isə depudatın yadında deyil.
“Bəzən çox deyirlər ki, siqaret səhhətə pis təsir edir, bunu mən də eşitmişəm. Amma hələki mənim səhhətimə pis təsir etmir. Siqareti tərgitmək məsələsinə gəlincə, deyə bilərəm ki, mən siqareti çox da ürəkdən sevmirəm, deyə bilmərəm ki, bundan ayrıla bilmərəm, bu məndə bir vərdiş deyil, sadəcə olaraq bir hobbidir”.
A.Şahverdiyevin sözlərinə görə, siqareti tərgitmək istəsə, hər vaxt bunu edə bilər.  Deputat bildirdi ki, onun hec vaxt bahalı siqaret çəkməyə imkanı olmayıb. “Hər zaman yerli siqaret çəkmişəm, indi də bu prinsipə əməl edirəm” . 

Heç vaxt siqaret çəkməyən deputat Musa Quliyev bir həkim olaraq tam məsuliyyəti ilə bildirir ki, siqaret könüllü qəbul edilən zəhərdir.
“Heç kim siqareti özünə yaxın buraxmasın, çəkənlər məsləhətim odur ki, cana ziyandır, ondan uzaq dursanız yaxşıdır”-deyə millət vəkili qeyd edib.
M.Quliyev eyni zamanda Milli Məclisdə siqaretçəkmə əleyhinə sənəd hazırlanması üçün məsələ qaldırıb: ”3 –cü çağırışda Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini kimi artıq layihəni hazırlamışam. Hesab edirəm ki, 4- cü çağırışda bu məsələ öz həllini tapacaq.
Siqaret çəkənlərə bildirmək istəyirəm ki, onu həmişəlik astınlar, siqaret yalnız sağlamlığa ziyan deyil, siqareti atmaq eyni zamanda əmin- amalığa doğru addımdır”.

Deputat Əhməd Vəliyev bildirdi ki, o, ziyanlı vərdişlərdən həmişə uzaq olub, eləcə də siqaretdən: “Ömründə siqaret çəkməmişəm. Hər bir insan kimi, mənim də uşaqlıq, gənclik, tələbəlik dövrüm olub, ətrafımda siqaret çəkənlərin gəzib, buna baxmayaraq, siqaretə heç vaxt maraq göstərməmişəm”.
Əhməd Vəliyev siqaret çəkənlərə bildirdi ki, həyatda sağ qalmaq istəyirlərsə, ondan uzaq olsunlar. Deputat hesab edir ki, siqaret insanlar üçün əlavə yükdür. Ə.Vəliyevin rektoru olduğu “Odlar Yurdu” Universitetində də siqaret çəkmək qadağandır. “Müəllim və tələbə bir yerdə siqaret çəkirsə, o təhsil müəssisəsində təlim-tərbiyədən söhbət gedə bilməz. Müəllim və ya tələbə əgər siqaret çəkmək istəyirlərsə, universitetin həyətindən kənara çıxmalıdırlar”.
Deputad bu məsələ ilə bağlı qanun qəbul edilməsinin tərəfdarıdır. O, hesab edir ki, bu qanunla qapalı yerlərdə siqaret çəkmək tam qadağan olunmalıdır.
Əhməd Vəliyev bir məsələyə də toxundu, dedi ki, ABŞ-da səfərdə olarkən 20 – 25  mərtəbəli bir binanın ancaq birinci mərtəbəsində zibilxanaya bənzəyən bir yerdə siqaret çəkilməyə icazə verildiyini görüb. Siqaret çəkənlər də ora gedəndə özlərini alçaldılmış hiss edirlər, insanlara psixoloji təsir göstərən bu məsələyə görə, həmin ölkədə siqareti tərgitməyə başlayıblar.

Siqareti olduqca pis vərdiş hesab edən deputat İlyas İsmailov  bildirdi ki, siqaretə ömrü boyu nifrət edib. İ.İsmayılov ABŞ alimlərinin son açıqlamalarına istinadla bildirdi ki, siqaret xərcəng risgini artırır, elə buna görə də insanlar ondan uzaq olsunlar.

4-cü çağırış parlamentin yeni deputatı Musa Qasımlı da heç vaxt siqaret çəkməyib. O da siqaretçəkməni pis və ziyanlı vərdiş hesab edir. Ümumuyyətlə siqaretə yaxın durmayan deputat onu çəkənləri də bu ziyan əməldən uzaqlaşmağa çağırdı. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı