Modern.az

Avtomobillərin tam sığortası qaydası yanvarın 1-dən qüvvəyə minir

Avtomobillərin tam sığortası qaydası yanvarın 1-dən qüvvəyə minir

9 Dekabr 2010, 11:08

Fziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortalanması üzrə yeni qaydaları müəyyən edilib


Gələn il yanvarın 1-dən avtomobillərin könüllü sığortası üzrə vahid qaydanın tətbiqinə başlanılacaq.  Qeyd edək ki, «Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta Qaydaları» Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Yeni qaydalar Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Qanunun 16.5-ci maddəsinə və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanıb.

Modern.az saytı «Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta Qaydaları»nın  mahiyyəti, və  yeni qayda üzrə sığorta məbləğinin necə hesablanacağı ilə maraqlanıb.
Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev bildirib ki, yeni qaydaların 2011-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Onun sözlərinə görə bu, fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortalanması üzrə qaydaları müəyyən edir. Minik avtomobillərinin tam sığortası dedikdə  avtonəqliyyat vasitələrinin sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və fərdi qəza və xəstəlik sığortası kimi sığorta siniflərini özündə birləşdirən sığorta növü nəzərdə tutulur:  “Sığortalı yuxarıda qeyd olunan siniflərdən biri, yaxud bir neçəsi üzrə Qaydalarda müəyyən olunan şərtlər üzrə sığorta təminatı ala bilər”.

Yeni qayda üzrə sığorta məbləğinin necə hesablanacağına gəlincə, M.Piriyev deyib ki, sığorta qanunvericiliyinə əsasən sığorta məbləği sığortaçının öhdəliyinin müqavilə üzrə müəyyən olunmuş məbləğlə ifadə olunan son həddidir.
“Yəni sığortaçı sığorta hadisəsi baş verdikdə müqavilədə müəyyən olunmuş məbləğdən çox sığorta ödənişi verə bilməz. “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta Qaydaları” na əsasən sığorta məbləği avtomobilin bazar dəyərindən artıq ola bilməz”,- deyə nazirlik rəsmisi bildirib.

M.Piriyev onu da əlavə edib ki, hüquqi şəxslərin sahibliyində olan minik avtomobillərinin sığortası ilə bağlı vahid qaydalar hələ ki yoxdur. Bu növ üzrə qaydalar ayrı-ayrı sığorta şirkətləri tərəfindən tərtib olunur və sığorta nəzarəti orqanı tərəfindən təsdiq edilir.

Avtomobillərin sığortası ilə bağlı dəyişikliyə münasibət bildirən iqtisadçı-alim Vüqar Bayramov qeyd edib ki, vahid qaydanın tətbiqindən sonra kreditlə avtomobil alan şəxslər elə həmin şirkətdə avtomobilləri sığortalamağa məcbur olmayacaqlar: “Onların sığorta paketini seçmək imkanları olacaq. Eyni zamanda  kretitlə avtomobil alanlar sığortanın müddətini müəyyənləşdirə biləcəklər. Bu da avtomobillərini sığorta etdirənlərin bunun üçün daha az vəsait ödəmələrinə imkan  verəcək. Əvvəlki qaydalarda sığortanın müddəti avtomobil və ya sığorta şirkəti tərəfindən müəyyən edilirdi”.

V.Bayramov yeni qaydaları daha mütərəqqi hesab edir. Müətəxəssisin fikrincə, yeni qayda kreditlə avtomobil alanların sığorta xərclərinin azalmasına gətirib çıxaracaq: “Bu artıq avtomobil alanlar üçün sığorta probleminin yumuşalmasına səbəb olacaq. Seçim imkanı daha ucuz və səmərəli paketlərdən istifadə imkanı yaradacaq. “Avtomobillərin könüllü sığortası" üzrə vahid qayda sığorta paketinin verilməsinin məqsədləşdirilməsinin qarşısını alacaq”

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı