Modern.az

Bəzi KİV-lər Facebook statuslarından xəbər düzəltmək əndazəsini aşıb”

Bəzi KİV-lər Facebook statuslarından xəbər düzəltmək əndazəsini aşıb”

Media

19 İyun 2016, 15:08

Baş redaktorlar: “Sosial şəbəkələr öz statusları ilə ciddi medianın rəqibi ola bilməz”


Dünyada sosial şəbəkə istifadəçilərinin sayı hər ötən gün çoxalır. Araşdırmalar göstərir ki, əksər istifadəçilər sosial şəbəkələrə məhz informasiya almaq məqsədilə daxil olur. Bu gün internetdəki social şəbəkələr xəbər yayımı baxımından artıq elektren media qurumları ilə rəqabət aparmağa iddialıdır. Təkcə dünyada deyil, elə Azərbaycanda da…

Müşahidələr də göstərir ki, sosial şəbəkələrdə yayılan informasiyalar həmin andaca artıq xəbər portalların lentlərində özünə yer tapır. Təbii ki, sosial şəbəkələrdə xəbər yüklü statuslar onu yazan istifadəçinin ictmai nüfuzundan asılıdır.

Məsələyə baş redaktorlar da münasibət bildiriblər. Modern.az saytı sosial şəbəkələrdəki statuslardan düzəldilən xəbərlərə KİV rəhbərlərinin münasibətini təqdim edir.

“Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü hesab edir ki, sosial şəbəkələr jurnalistlər üçün ən asan xəbər mənbəyinə çevrilib: 

“Peşəkar jurnalist informasiya əldə edə biləcəyi hər yerdən xəbər çıxarmağı bacarmalıdır və bu işdə sosial şəbəkələr köməkçi vasitə kimi, çox mühüm rol oynayır. Ancaq təəssüf ki, Azərbaycanda hələlik nə peşəkar medianın mövcudluğundan, nə də onlar arasında sağlam bir informasiya rəqabətinin olmasından danışa bilərik. Hazırda Azərbaycanda kəmiyyətcə hədsiz dərəcədə çox, ancaq keyfiyyət etibarilə çox az xəbər saytı var. Demək olar ki, əksər saytlar maksimim 10-15 agentlik və portalın zəhmətini mənimsəməklə, onların kölgəsində gizlənməklə məşğuldurlar. Ona görə də bir saytın hansısa xəbərində gedən kobud bir səhv, demək olar ki, eynilə hamısında da təkrarlanır. Təkcə bu faktın özü mediamızın və jurnalistikamızın hansı səviyyədə olduğunu göstərən ən yaxşı detaldır.

Cəmiyyətimizdə, o cümlədən mediamızda mövcud olan eybəcər hüquqi-mənəvi mühit, hər kəsin “qazanc üçün ən asan yol”a əl atması peşəkarlığı və sağlam rəqabəti arxa plana keçirib. Sosial şəbəkələr də hazırda jurnalistlərimiz üçün bir növ həmin “asan yol”lardan birinə çevrilib. Hansısa siyasətçi və ya ictimai statusu olan şəxsin sosial şəbəkələrdə yazdıqlarını tez “kopyalayıb” sayta yerləşdirilər. Halbuki, jurnalist xəbəri emal etməli, onun üzərində işləməlidir. Elə tanınmış şəxs var ki, heç öz Facebook statusunu əməlli-başlı yaza bilmir, cümləsinin nə əvvəli, nə axırı bilinir, jurnalistlərimiz də onu olduğu kimi götürüb köçürürlər, adı da olur, guya, xəbər... Yəni, mən o düşüncədəyəm ki, sosial şəbəkələr peşəkar mediaya alternativ ola bilməz, bu, jurnalist üçün yalnız köməkçi vasitə rolunu oynamalıdır”.

“Turkustan.info” saytının baş redaktoru Aqil Camal sosial şəbəkələrdə yazdığı statusları xəbərə çevrilən şəxslərdən danışıb:

“Sosial şəbəkələrdə yazılan statusları medianın rəqibi kimi deyil, əksinə, bu gün informasiya mənbələrindən biri kimi qiymətləndirirəm. Bu gün istər Facebook-da, istər Twitter-də dövlət adamlarının, ictimai-siyasi xadimlərin, sənətçilərin yazdıqları statuslar ciddi xəbərə çevrilir, xüsusilə onlayn media vasitəsilə oxucuya çatdırılır. Ümumiyyətlə isə bu gün sosial şəbəkə bütün yönləri ilə medianın mövzu və xəbər bazasının az qala 50 faizini təşkil edir. Azərbaycanda daha çox millət vəkillərinin, müxtəlif sahələr üzrə ekspertlərin yazdıqları statuslar xəbərə çevrilir. Məsələn, millət vəkili Fazil Mustafa, iqtisadçı Qubad İbadoğlunu qeyd edə bilərəm. Bəzi hallarda, Azərbaycan prezidentinin, Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun tvitləri olur. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev önəmli günlərdə statuslar yazır, fəaliyyəti ilə bağlı xəbərləri paylaşır. Statusdakı xəbərlərin dəqiqliyi onu yazan şəxsin kimliyi ilə bağlıdır. Təbii ki, media qurumları da statusdan xəbər hazırlıayarkən, onu yazan şəxsin ciddiliyini, ictimai nüfuzunu əsas götürürlər”.

“Korrespondent.az” saytının baş redaktoru Aygün Muradxanlı düşünür ki, sosial şəbəkədəki statuslar medianın rəqibi ola bilməz: 

“Sosial şəbəkələr yazılan statusları ilə təbii ki, medianın, xəbər saytlarının rəqibi ola bilməz. Bu statuslar xəbər yükü daşısa belə, sonucda bir nəfərin fikridir. Məsələn, sosial şəbəkələrdə yetərincə aktiv olub günün önəmli siyasi, iqtisadi olaylarına operativ şərh yazan bir neçə tanınan ekspert var.

ABŞ-ın Düke Universitetinin professoru Qubad İbadoğlu, politoloq Elxan Şahinoğlu, iqtisadçı-ekspert Vüqar Bayramov, eləcə də siyasi liderlər, xüsusən müxalifət partiyalarının rəhbərliyində təmsil olunan şəxslər... Bu şəxslərin statusları dolayısı ilə medianın da operativliyini təmin edir. Bu səbəbdən, sosial şəbəkələrdə yayılan bəzi statuslarda fayda var. Sözsüz ki, bu statuslar xəbər yüklü olarsa və ciddi analitik təhlilə söykənərsə. Əgər tanınan, cəmiyyətdə nüfuz sahibi olan insanlar konkret olayın şahidi olublarsa və onu sosial şəbəkələr üzərindən yayıblarsa, ilkin qaynaq kimi qəbu edilə bilərlər. Ancaq xəbərin qanunu ən azı iki qaynaqdan dəqiqləşdirməkdir”.

“Azpolitika.az” saytının baş redaktoru Elnur Məhərrəmli bildirib ki, son vaxtlar sosial şəbəkələrdəki statuslardan xəbər düzəltmək əndazəni aşır:

“Sosial şəbəkələr müəyyən qədər xəbər saytlarının rəqibi hesab oluna bilər. Amma ciddi rəqib deyil, çünki sosial şəbəkələrdə məsuliyyətlilik məsələsi çox aşağıdır. Bəli, istənilən informasiyanı sosial şəbəkələr vasitəsilə ictimailəşdirmək mümkündür, amma oxucu sosial şəbəkələrdə oxuduğu məlumatı ciddi xəbər saytlarında görməyənə qədər ona şübhə ilə yanaşır. Sosial şəbəkə statuslarından xəbər düzəldilməsi normal haldır. Amma bir şərtlə ki, bu stratusun müəllifi tanınsın və sözünə etibar olunsun.

Yəni medianın maraq dairəsində olan bir şəxsin - ictimai-siyasi xadimin və ya bir başqasının statusundan xəbər düzəltmək olar. Çünki bu statusu yazmaqda həmin şəxsin məqsədi fikirlərini ictimailəşdirməkdir. Amma biz müşahidə edirik ki, “onlayn” mediada statuslardan xəbər düzəldilməsi məsələsi bəzən əndazəni aşır. Müəyən populyar şəxslərin hər bir statusu dərhal xəbər saytlarına düşür - əhəmiyyəti oldu-olmadı. Belə saytları sosial şəbəkələrin arxasınca sürünən saytlar adlandırmaq olar. Yəni saytların yazdıqları sosial şəbəkədə müzakirə olunmalıykən, sosial şəbəkələrdə yazılanlar saytlarda müzakirəyə çıxarılır və manşetdən təqdim olunur. Bu tendensiya xəbər saytlarını hörmətdən salır”.

“Musavat.com” saytının baş redaktoru Xalid Kazımlı deyib ki, statuslardan düzəldilən xəbərlər ona istinad edilən şəxslərin ciddiliyinə bağlı olan məsələdir:

“Sosial mediadakı hansısa xəbər və ya status peşəkar medianın yazılarına rəqib ola bilməz. Statuslardan fərqli olaraq mediada bu işin mütəxəssisləri çalışırlar və xəbər, yazı hazırlamağın texnikasını, şərtlərini, standartlarını bilirlər.  Sosial şəbəkələrdə yer alan statuslardan xəbər düzəldilməsi halları çoxdur, amma bunlar o adamlardır ki, öz sahələrinin ustasıdırlar. Məsələn, siyasətçidirlər, hüquqşünasdırlar, iqtisadçıdırlar və s. Ən ümdəsi tanınmış və ciddi adamların statusundan xəbər düzəldirlər. Məsələn, iqtisadçı Qubad İbadoğlunun hansısa statusu bir saat ərzində 10-dan artıq saytda xəbərə, yazıya çevrilir. Statuslardan düzəldilən xəbərlərin dəqiqliyinə gəlincə, onu demək olar ki, bu da istinad edilən adamın ciddiyyətinə bağlıdır. Əgər onlardan kimsə öz rəyini bildirmirsə, sensasion xəbər verirsə, o xəbər mütləq yoxlanılmalıdır”.

“Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə hesab edir ki, sosial şəbəkədəki lazımlı statuslardan xəbər düzəldilməsinə normal yanaşmaq lazımdır :

“Kasıblar qəpiyə güllə atdıqları kimi, bu gün ölkə saytları da sözün həqiqi mənasında xəbər üçün ölüm-dirim savaşına giriblər. Bu baxımdan oxucuya operativ və həqiqət payı çox olan sanballı xəbər çatdırmaq amacıyla kifayət qədər tanınmış personaların konkret olaylarla bağlı statuslarının saytlarda xəbər kimi yerləşdirilməsində qeyri-adi bir şey yoxdur və məncə məmnuniyyətlə qarşılanmalıdır.

Eyni zamanda bu statuslar heç bir halda xəbər saytları üçün rəqib hesab oluna bilməz. Çünki kiminsə statusunda konkret bir olayla bağlı müəllifin düşüncələri, baxışları izhar olunduğu halda saytlar yüzlərlə xəbəri məmləkət insanına və dünyanın dörd bir yanındakı azərbaycandilli oxucuya çatdırır. Konkret statuslara gəldikdə isə, Moderator.az millət vəkilləri Qənirə Paşayevanın, Fazil Mustafanın, Zahid Orucun, tanınmış hüquqşünaslar Aslan İsmayılovun və Qurban Məmmədovun, iqtisadçı ekspertlər Qubad İbadoğlunun, Vüqar Bayramovun, Əkrəm Həsənovun statuslarını ictimai maraq kəsb etdiyi üçün xəbər kimi oxuculara təqdim edir”.

Ağa AKİFOĞLU

 

p.s. Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Sosial mediada etik normalar və milli-mənəvi dəyərlərin qorunmasında medianın rolunun artırılması” layihəsi çərçivəsində dərc olunur. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı