Uzun fasilədən sonra oktyabrın 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Şəki-Bakı istiqamətində Almaniyanın “MAN” şirkətinə məxsus iri tutumlu “Neoplan” avtobusları ilə ilk gecə reysləri xidmətə başlayıb.
Həmin vaxt Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova Modern.az-a bildirmişdi ki, qanuni gecə reysləri avtomatik olaraq qeyri-qanuni daşımaların qarşısını alacaq. Amma hələ də paytaxtdan bölgələrə qeyri-qanuni daşımanı həyata keçirən avtobuslar fəaliyyət göstərir. Özü də yalnız avtovağzaldan deyil, şəhərin müxtəlif nöqtələrindən sərnişin yığıb yola çıxanlar var...
Məsələ ilə bağlı DANX-ın mətbuat katibi Nuridə Allahyarova Modern.az-a yeni açıqlama verib. O bildirib ki, gecə qanuni reysləri gecə qeyri-qanuni resylərinin qarşısını artıq qismən də olsa alıb:
“Nəzərə almaq lazımdır ki, biz yeni avtobusları məhdud istiqamətlərdə xətlərə buraxmışıq. Bunlar Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Şəki-Bakı istiqamətləridir. Bu istiqamətlərdə də qeyri-qanuni daşımaların qarşısı xeyli alınıb”.
N.Allahyarova qeyd edib ki, növbəti ildən etibarən bölgələrə işləyən avtobusların böyük əksəriyyəti dəyişəcək:
“Növbəti ilin mart ayından sonra yeniliklər regionlara işləyən avtobusların 70-80 faizini əhatə edəndə əsaslı dəyişikliklər hiss olunacaq”.
DANX rəsmisi bildirib ki, təmsil etdiyi qurum yalnız avtovağzalların ərazisindən çıxan nəqliyyat vasitələrinə məsuldur:
“Biz qeyri-qanuni daşımaların qarşısını yalnız optimallaşma apararaq, xətlərə komfortlu avtobuslar buraxaraq ala bilərik. Qanunvericilikdə qeyri-qanuni daşımalara qarşı hər hansı inzibati tədbirlərin görülməsilə bağlı səlahiyyətimiz yoxdur. Bununla aidiyyatı qurum məşğuldur”.