Modern.az
Qəzənfər Həmidoğlu Arxetipimiz: simvollarla “rəqs”... 

Qəzənfər Həmidoğlu

Arxetipimiz: simvollarla “rəqs”... 

Aktual

4 Yanvar 2022, 10:01

Qəzənfər Həmidoğlu

Psixoanalizin ikinci atası sayılan isveçrəli Karl Qustav Yunq hesab edirdi ki, arxetiplərini itirən mədəniyyət məhvə məhkumdur. Çünki məhz arxetipik strukturlar insanı öz mədəniyyətinin özəyinə qaytarır, keçmiş hadisələri canlandırmaq və dəyərləndirməklə indisinə anlam yükləyir. Biz indimizi, bu günümüzü adətən keçmişimizlə müqayisə etməklə yoxlayır, sınaqdan keçiririk – bu müqayisə zamanı arxetiplər kriteriya kimi çıxış edir. Arxetiplər hər xalqın mədəniyyətinin keçmişi ilə əlaqəsinin kəsilməməsinə, öz kökündən dəstək almasına kömək edir...

Bir sözlə arxetip həm vacib, həm də qəliz məsələdir. Mərhum professorumuz Həsən Quliyev "Qorqud nəslinin arxetipləri" əsərində ilk dəfə Azərbaycan xalqının mentalitetinin arxetipik komponentlərini tədqiq edib. Həsən müəllimi arxitiplər mentalitet problemi kontekstində maraqlandırırdı. Məsələn, azərbaycanlı mentalitetində “qismət” (“nəsib”) arxetipi ilə bağlı professor yazır ki, bu arxetip mahiyyət etibarı ilə bizim gündəlik həyatımızı “total manipulyasiya” edir: “Faktiki olaraq əvvəldən axıra, hətta kiçik təzahürləri ilə belə həyat – “qismət”dir: doğum və ölüm, yerəşən piyalə və ya damdan yıxılan uşaq, təsadüfən tapılan dəfinə və ya qəfildən vəzifədə yüksəliş, uğurlu nikah və ya boşanma və s. və i.a. Praktiki olaraq hər hadisəni biz sakitcə taleyin yazısı kimi qəbul edirik... Azərbaycanlı baş verənlərə “qismət” prizmasından baxır və onun təzahürü kimi dəyərləndirir... Dünyaya və öz həyatına belə münasibəti sayəsində azərbaycanlı bütün baş verənləri yetərincə sakit qarşılayır. Heç nə onu xüsusi olaraq nə həyəcanlandırır, nə təəccübləndirir... Azərbaycanlının baş verən hadisələrə belə və ya buna oxşar reaksiyası təsadüfi deyil – onun üçün həyat taleyin bəxş etdiyi “5 günlük dünyadır”...O, hər şeyi olacaq kimi qəbul edir və çalışır ki, öz düşüncəsini şübhələrlə zibilləməsin. Onun kritik situasiyalarda özünəxas davranışlarını, həmçinin qeyri-ordinar hadisələrə reaksiya mexanizmini “qismət” arxetipinin təsiri ilə izah etmək olar...” Professor “alın yazısı” və ya “olacağa çarə yoxdur” pradiqmasından daha sonra azərbaycanlıların tolerantlığı ilə bağlı öz sosial-mədəni və siyasi qənaətlərini çıxarır. Allah Həsən müəllimə rəhmət eləsin...

Ümumbəşəri “kollektiv qeyri-şüuri” məzmuna malik arxetiplər fərdin düşüncə və davranışlarına spontan, məcburi və bəzən “demonik” təsir edir. Arxetip dərk edilirsə, onun təsiri heç olur. Dərk edilmədiyi üçündür ki, yaradıcı təfəkkür, təkrarlanan sosial-mədəni modellər və motivlər mövcudluğunu qoruyur...

Arxetiplər tarixi keçmişimizdə yaşanan arxaik, dərin təcrübə və reallıqları özündə ehtiva edərək bu gün fərdin həyatına təsir etməklə ümumbəşəri və ya milli fenomen kimi rastımıza çıxır. Arxetiplər tarixi, mifoloji və ya dini subyekt, hadisə və ritualların obrazlaşdırılması və simvollaşdırılmasıdır...

Başınızı bu qədər ağrıtdıqdan sonra gələk mətləbə. Azərbaycan “arxetip matrisası” ta qədimlərdən obrazlarını simvollaşdırmaqda mental aqressivlik qarşısında çarəsizdir. Şəhid generalımız Polad Həşimovun anasının açıqlamasını spekulyasiya predmeti etmək, tərəf seçib polemikaya girmək cəhdləri ilə bu naçarlığı bir daha sərgilədik.

Və yaxud götürək “ziyarət arxetipi”ni. Araq dükanının sahibi “Vodka” Məhərrəm baxır ki, sağdakı dükanın sahibi baqqal Həsən həccə gedib Hacı olub, soldakı dükanın sahibi – “kaptorq Hüseyn” tezəliklə Kərbaladan qayıdıb, olub Kəbleyi. Burada “eldən-obadan ayıbdır” və dəbb “arxetipləri” birlikdə Məhərrəm kişiyə təzyiq edir. Araq dükanının sahibi arvad-uşağı götürüb tezbazar Məşhəddə İmam Rzanın məzarını ziyarətə gedir, həm də alış-veriş edir. Ordan Məşədi Məhərrəm kimi qayıdır və arağını satmaqda davam edir. Hörməti hörmət, izzəti izzət... Nə olsun ki, Abdulla Şaiq “Tülkü həccə gedir” əsəri ilə 100 il əvvəl zəvvar “arxetip”inin altına şübhə toxumları səpib...

Şuşa ziyarətləri də qəfildən polemika mövzusu oldu. Şuşa - Qarabağın, Zəfərin, muğamın rəmzi kimi çoxdan simvollaşıb. Şübhəsiz ki, Qalaya ziyarətlər də yüksək rəmzi anlam daşıyır və mesajlar verir. Lakin bizim yüksək dəyərlərimizi bəsitləşdirmək, içini boşaltmaq qabiliyyətimizə söz ola bilməz. İctimaiyyət nümayəndələrinin Şuşaya ilk səfərləri maraqla izlənilirdi. Sonrakı səfərə münasibətdə qibtə hissi özünü göstərməyə başladı – kim Şuşada olmaq istəməz ki?!. Daha sonrakı səfərdə seçilməyənlər narahat olmağa və sual verməyə başladılar: “Məni niyə aparmırlar?” Lap sonrakı səfər revizionist münasibəti ortaya çıxardı: Kimi seçirlər, kim seçir, nəyə görə, hansı kriteriya ilə seçirlər, o ora layiq deyildi, şəkildə elə pozada durub ki, sanki Şuşanı bu, fəth edib, mən də getməliydim, mənin haqqım daha çox çatır...

Əksər çoxluq isə eşşəyini itirmiş Məhəmmədhəsən əmi kimi küsüb. Qismətləri belə imiş. Həzrət-Abbasa ərizə yazan Məhəmmədhəsən əminin övrəti İzzət o vaxt zəvvarbaşı çavuşa ilk mənbə kimi açıqlamasında kədərli situasiyanı arxetipik-praqmatik dəyərləndirmişdi: “Qardaş, Məhəmmədhəsən əminin alnına yazılmamışdı Kərbəlayı olsun”.

Şuşa ziyarəti sizə də qismət-nəsib olsun!

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var