Həftənin ilk gününün əsas xəbərləri sırasında Türkiyənin Mərmərə bölgəsində İstanbulda da hiss olunan 4 zəlzələnin baş verməsi, Azərbaycan ordusunun 2 hərbçisinin Salyanda yaşadıqları evdə ölü tapılması, eləcə də Fələstin-İsrail qarşıdurmasındakı bəzi yeniliklər, Bakıya və Bakıdan bir neçə rəsmi şəxslərin səfərləri yer alıb.
Modern.az 4 dekabr tarixini əhatə edən icmalını təqdim edir:
Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib. Onlardan 38-i kişi, 54-ü qadın, 15-i isə uşaq olub. Qəbul olunan xəstələrdən 55-i dərmandan, 23-ü sirkə turşusundan, 9-u etanoldan, 7-si dəm qazından zəhərlənib. 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin 2 nəfəri ilan, 1 nəfəri həşərat sancıb. Zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib. Onlardan 3-ü kişi, 1-i qadın olub.
Dünən Türkiyənin Mərmərə bölgəsində ardıcıl olaraq 4 zəlzələ baş verib. Episentri Bursanın vilayətinin Mudanya rayonu və Mərmərə dənizindəki Gemlik körfəzi olan təkanlar müvafiq olaraq 5.1, 4.5, 3.5 və 3.3 bal gücündə olub. Silkələnmə təkcə Bursa və körfəz ətrafında yox, bütün Mərmərə bölgəsində, eləcə də İstanbulda hiss olunub. Bəzi yerlərdə bir sıra tikililər ziyan görüb. Bununla belə, insan itkisi qeydə alınmayıb.
Qəzzada HƏMAS və İsrail arasında qarşıdurma davam edir. Hava hücumu nəticəsində İsrail HƏMAS-ın Şati batalyonunun komandirini öldürüb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib ki, komandir oktyabrın 7-də baş verən hücum zamanı İsrail ərazisini işğal etməkdən məsul olub. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Prezidenti Mirjana Spoljaric Qəzzaya gedib. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin mətbuat xidməti bəyanat yayıb. Bəyanatda bildirilib ki, Prezident Spoljaric Qəzzada mülki əhalinin qorunmasına, müharibə qanunlarına hörmət etməyə və girovların dərhal azad edilməsinə çağırış edəcək. BQXK Prezidentinin yaxın həftələrdə İsrailə səfər edəcəyi də qeyd olunub. Qəzzada Prezident Spoljaric BQXK-nın yerli komandası ilə ilə görüşəcək və Avropa Xəstəxanasına baş çəkəcək. Müharibə başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 15 899-a çatıb. Məlumata görə, daha 42 min nəfər isə yaralı haldadır. Humanitar atəşkəsin bərpası və Qəzza zolağında radikal HƏMAS hərəkatının saxladığı girovların qaytarılması ilə bağlı rəsmi danışıqların tezliklə bərpa olunacağı ehtimalı yoxdur.
Ermənistanda silahdan istifadə etməklə vətəndaşların özünümüdafiə hüququ məsələsini qanunvericilik səviyyəsində tənzimləmək lazımdır. Bu barədə Ermənistan parlamentində müzakirə olunub. Müdafiə və Təhlükəsizlik məsələləri daimi komissiyasının iclasında “Silah dövriyyəsinin tənzimlənməsi haqqında” qanuna dəyişiklik və əlavələr edilməsinə dair qanun layihələri paketinin müzakirəsi zamanı hakim “Mülki razılaşma” fraksiyasının deputatı Vilen Qabrielyan deyib ki, təqdim olunan paket bu sahədə mümkün korrupsiya təzahürlərinin aradan qaldırılması, qanunsuz silahların sayının azaldılması və tədricən qeyri-qanuni dövriyyədən çıxarılması məqsədi daşıyır. "Ölkə vətəndaşları bir sıra tələblərə, o cümlədən psixi sabitliyə, müvafiq lisenziyanın olması və s.-yə əməl etdikdə odlu silah gəzdirmək hüququ əldə edəcəklər", - deyə deputat izah edib. Müzakirə nəticəsində qanunvericilik paketinə müsbət rəy verilib.
İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Böyük Britaniya Dövlət Katibinin Parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Malkolm Offord bu ay Azərbaycana səfər edəcək.
"Ermənistan silah müqabilində pul almadığına görə Rusiya Federasiyasını məhkəməyə vermək niyyətində deyil". Bunu Ermənistan müdafiə nazirinin müavini Hraçya Sarkisyan deyib. "Silahların çatdırılması olmayıb, amma məhkəməyə getməyəcəyik. Düşünürəm ki, tərəfdaşlıq çərçivəsində məsələ həllini tapacaq", - o qeyd edib. Ermənistan yüksək texnologiyalar nazirinin müavini Avet Poqosyan isə "Armenpress"ə bildirib ki, Ermənistanda Rusiya kanallarının yayımı məsələsi ilə bağlı tərəflərin məsləhətləşmələri dekabrın ortalarına planlaşdırılıb.
Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun atəşi nəticəsində Ermənistan hərbçisinin ölməsi xəbəri yalandır. Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. "Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik", - məlumatda deyilir.
4 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Səfər zamanı, nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. Dekabrın 5-də Rusiyanın paytaxtı Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə baş tutacaq tədbirə Azərbaycanla yanaşı İran, Qazaxıstan və Türkmənistan nümayəndələri qatılacaq. Tərəflər Xəzər əməkdaşlığının inkişafı üçün prioritetləri vurğulayaraq, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etməyi planlaşdırırlar.
Ermənistan parlamentinin komissiyası “Ayakve” mülki təşəbbüsü çərçivəsində irəli sürülən qanun layihəsi ilə ölkənin Cinayət Məcəlləsinə təklif etdiyi dəyişikliklərin əleyhinə səs verib. Dəyişikliklər Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququndan imtinaya görə cinayət məsuliyyətini nəzərdə tuturdu. Layihəni parlamentin müvafiq komissiyasına “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan təqdim edib. Lakin komissiya Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına qoyulan qadağanı dəstəkləməyib. Komissiyanın üç üzvü (müxalifət nümayəndələri) qanun layihəsinin qəbulunun lehinə, yeddisi isə (hakim “Mülki müqavilə” fraksiyasından olan parlamentarilər) əleyhinə səs verib.
Rusiya prezidenti Vladimir Putin bu həftə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanına səfər edəcək. Bu barədə onun köməkçisi Yuri Uşakov bildirib. Bu, Putinin Ukraynada müharibə başlayandan sonra bu ölkələrə ilk səfərləri olacaq. 2022-ci il fevralın 24-dən sonra o, yalnız qonşu ölkələrə, eləcə də Çin və İrana səfər edib.
Böyük Britaniya Ukraynaya pilotsuz təyyarələri məhv etmək üçün istifadə edilən çoxməqsədli "Martlet" raketləri təhvil verib. Bu barədə "The Times" qəzeti yazıb. Britaniya hakimiyyəti rəsmi olaraq bu raketlərin tədarükünü elan etməsə də, onların Ukraynada istifadəsi haqqında xəbərlər yayılıb. Sentyabrda Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirmişdi ki, London önümüzdəki aylarda Ukraynaya hava hücumundan müdafiə, uzaqmənzilli raketlər və Ukrayna ordusunun təlimi daxil olmaqla mühüm sahələrdə yardım göstərəcək. Lazerlə idarə olunan "Martlet" raketləri Fransanın "Thales" müdafiə sənayesi qrupu tərəfindən Belfastdakı obyektdə istehsal olunur. "Martlet"in uzunluğu 1,3 m, kalibri 76 mm, çəkisi 13 kq-dır. Raket döyüş başlığının kütləsi 3 kq, uçuş məsafəsi 8 km-dir.
Litva Müdafiə Nazirliyi hərbi qulluqçuların asudə vaxtlarında səyahətinə qadağa qoyulması təklif olunan ölkələrin siyahısını hazırlayıb. Belə ki, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Ermənistan, Azərbaycan, Gürcüstan, Çin, Moldova, həmçinin separatçı Cənubi Osetiya, Abxaziya və Dnestryanıya səyahət qadağası qoyulması təklif edilib.
ABŞ-nin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn dekabrın 6-dan 8-dək Azərbaycan və Rumıniyaya səfər edəcək. Bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, O'Brayn Bakıda “Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədilə Azərbaycanın vəzifəli şəxsləri ilə görüşəcək”.
Salyan şəhərinin N.Babayev küçəsində yerləşən mənzildə kirayə yaşayan 2 hərbçinin meyiti aşkar edilib. Onlar dəm qazından zəhərlənərək vəfat edib. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır. Vəfat edən şəxslər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri olub.
Azərbaycanda 30 ildə 30 mindən çox insan minadan zərər görüb. Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin silahların yaratdığı təhlükə məsələləri üzrə koordinatoru Bişnu Mahat "Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib: “Azərbaycanda 30 ildən çoxdur fəaliyyət göstəririk. Bizim əsas məqsədimiz mina qurbanları ilə işləməkdir. Bundan başqa, Müdafiə Nazirliyinə və ANAMA-ya dəstəyimizi göstəririk. 10 mina qurbanı ilə hazırda təlimçi kimi əmədaşlıq edirik”.
Gürcüstanla Rusiya arasındakı Yuxarı Lars keçid məntəqəsində 2300-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir. Bu barədə RF Şimali Osetiya Respublikasının nəqliyyatın idarə edilməsi mərkəzi məlumat yayıb. Bildirilib ki, “yaşıl zona”da 250 avtomobil var və onların “Yuxarı Lars”dan keçmək üçün 12 saat vaxtı var. Rusiya tərəfdən Gürcüstana daxil olmaq üçün ümumilikdə 2287 yük maşını gözləyir.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər salmaq olar: