Modern.az

Bilinməzlər ölkəsi: Şimali Koreyanın hərbi gücünü artırmağa kimlər kömək edir...

Bilinməzlər ölkəsi: Şimali Koreyanın hərbi gücünü artırmağa kimlər kömək edir...

Dünya

4 Dekabr 2023, 17:18

Koreya Xalq Demokratik Respublikası (KXDR) - Şimali Koreya ötən əsrin 50-ci illərindən beynəlxalq siyasət səhnəsində yer alsa da, dünyadakı sosialist blokunun dağılmasından sonra köhnə sistemi qoruyan tək-tük ölkələrdən biri kimi daha çox diqqət mərkəzinə yerləşmiş oldu. Üstəlik, digər analoqlarından fərqli olaraq maksimum qapalı sistemlə idarə olunduğu üçün məlumat azlığı bu ölkəni daha da maraq doğuran bir məmləkətə çevirdi.

 

Daim dünyanın müxtəlif ölkələrini, xüsusən də Cənubi Koreya, Yaponiya və ABŞ-ı hədələyən Şimali Koreya hərbi potensialını - iddia olunduğu qədər güclü olmasa da - nəyə borcludur? Özünü dünyadan təcrid edən bu dövlətin hərbi müttəfiqləri kimlərdir?

 

Qeyd etmək lazımdır ki, hər nə qədər qapalı ölkə olsa da, KXDR ənənəvi müttəfiqləri olan Çin və Rusiya ilə güclü əlaqələrə malikdir. Ölkənin nəinki hərbi, eləcə də siyasi və iqtisadi münasibətləri də əsasən bu iki ölkə ilə qurulub. Doğrudur, formal baxımdan Şimali Koreyanın bir çox başqa ölkələrlə də diplomatik müstəvidə əlaqələri yox deyil. Lakin bu vaxta kimi KXDR-i ayaqda saxlayan məhz Çin və Rusiya olub demək, yəqin ki, mübaliğə sayılmaz.

 

Şimali Koreyanın son illərdə hərbi paradları və meydan oxuyan açıqlamaları ilə müşayiət olunan raket sınaqları ölkənin hərbi potensialı haqqında müəyyən məqamları ortalığa qoysa da, detallarla bağlı müxtəlif təxminlər, bir sıra yarı-rəsmi tədqiqatlar mövcuddur. Məsələn, Şimali Koreya lideri Kim Çen İnin Rusiya səfərində yeyinti sənayesi və texnologiya məhsulları qarşılığında silah və hərbi texnika ticarəti barədə razılığa gəlindiyi ilə bağlı müxtəlif rəylər var.

 

 

Nüvə proqramını inkişaf etdirən KXDR-in Ukrayna müharibəsində cəbbəxanasını işlədib qurtaran Rusiyaya "yardım əli uzatması" ilə bağlı da bəzi məlumatlar yayılıb. Şərqi Asiya və Sakit okean regionundakı Yaponiya və Cənubi Koreyanın təhdid hesab etdiyi, habelə ABŞ və müttəfiqlərinin təhlükə saydığı Pxenyan dünyanın ən böyük konvensional gücünüə sahib ölkələrdən biri hesab olunur. ABŞ Dövlət Departamentinin hesabatlarına görə, dünyanın sosial-iqtisadi baxımdan ən yoxsul ölkələri sırasında yer alan KXDR ÜDM-nin təxminən 25 faizini hərbi sahəyə ayırır.

 

Məlumatlara görə, Şimali Koreya hazırda Cənubi Koreya ilə arasındakı demilitarizasiya olunmuş zona boyunca yerləşdirilmiş 25 kilometrə yaxın ortamənzilli (raket atmaq imkanı olan) 4800 topa malikdir. Cənubi Koreyanın yaşayış məntəqələrinə və əsas şəhərlərinə də atıla biləcək bu top mərmiləri vasitəsilə təxminən 1 saata 100 mindən çox insanın həyatına son qoyulması riski kifayət qədər realdır. Fərqli mənbələrdə KXDR-inin 4000 tank və 2500 zirehli maşına sahib olduğu qeyd olunur.

 

Bundan başqa, Şimali Koreyanın kimyəvi və bioloji silahlara malik olduğu barədə müəyyən rəylər var. Hazırda KXDR-in 600 mini ehtiyatda olmaqla ümumilikdə 1.8 milyon nəfərə yaxın şəxsi heyətdən ibarət ordusu olduğu güman edilir. Ölkədə hərbi xidmət qadınlar üçün də icbaridir. Son illərdə raket potensialını inkişaf etdirən Şimali Koreyanın müxtəlif texniki xüsusiyyətləri olan 1000-dən çox qısa və ortamənzilli raketi olduğu deyilir. Ölkə rəhbərliyi iddia edir ki, bunların içində ABŞ-dakı hədəfləri də vurmağa qadir olan raketlər mövcuddur.

 

 

Qeyd etmək lazımdır ki, KXDR raket proqramını məhz SSRİ-nin SS-1c (Scud-B) raketləri əsasında inkişaf etdirməyə başlayıb. Bu, Şimali Koreyanın keçmiş SSRİ və hazırda onun siyasi xələfi olan Rusiya ilə hansı miqyasda əlaqələrə malik olduğunu göstərən nümunələrdən biridir. Bundan başqa, "Hwasong-Musudan" raketləri də SSRİ-nin "R-27 Zyb" (SS-N-6 Serb.) sistemləri əsasında təkmilləşdirilib.

 

Şimali Koreya Hərbi Hava Qüvvələrinin SSRİ və Çin istehsalı olan 950 təyyarədən ibarət arsenalı olduğu da məlumdur. BMT KXDR-ə nüvə proqramına görə sanksiyalar tətbiq edir. Bu proqramın da SSRİ və Çinin köməyi ilə başladıldığı güman olunur.

 

Modern Təhlil və Araşdırma Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi