Modern.az

Tanınmış virtouz ifaçı vəfat etdi

Tanınmış virtouz ifaçı vəfat etdi

21 Dekabr 2023, 16:16

Tanınmış virtouz sənətkar Məhərrəm Nəcəfzadə vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə mərhumun dostları sosial şəbəkələrdə məlumat yayıblar.

57 yaşlı musiqiçi Bakıda qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Məhərrəm Nəcəfzadə 15 musiqi alətində ifa bacarığı ilə tanınıb.

Məhərrəm İsmayıl oğlu Nəcəfzadə 1966-cı il noyabrın 30-da Bakıda anadan olub.

1973-1981-ci illərdə Yasamal rayonundakı 172 saylı məktəbdə oxuyub. 1981-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunun tar sinfinə daxil olub və təhsilini 1986-cı ildə başa vurub. Burada ona ixtisas-not üzrə Fikrət Əbdülqasımov, muğamdan Sabir Ələkbərov dərs deyib. O, təyinatla Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki uşaq musiqi məktəbinə göndərilib. Sonralar əmək fəaliyyətini müxtəlif yerlərdə davam etdirib. Xırdalan şəhərindəki Abşeron Mədəniyyət Sarayında ansambl rəhbəri, Müəllimlər Mərkəzində konsertmestr, Dövlət Muğam Teartrının muğam-studiyasında xanəndə Mürşüd Məmmədovun sinfində müşayiətçi, tarzən-konsertmeystr, "Şəms" instrumental ansamblının yaradıcısı və bədii rəhbəri olub.

Məhərrəm Nəcəfzadənin qardaşları Abbasqulu, Mehdi, İlham da istedadlı, ali təhsilli, hərtərəfli inkişaf etmiş musiqiçilərdir. Onlar 1988-ci ildə "Qardaşlar" kvarteti yaradıblar. 
Abbasqulu Nəcəfzadə kamança, violin (skripka), tar, ud, milli nəfəs alətlərini, ümumilikdə, səksən musiqi alətini ifa edir. Mehdi Nəcəfzadə tar, saz, bas tar, ud, domra və elektrogitaranı, İlham Nəcəfov klarnet, saksofon və milli nəfəs alətlərini ifa edir.

Məhərrəm Nəcəfzadə isə tar, digər simli və milli nəfəs alətlərində çalmağı bacarırdı.

M.Nəcəfzadə 1983-1984-cü illərdə "İrs" foklor, 1981-1989-cu illərdə "Dastan" folklor, 1988-ci ildən "Meyxana" instrumental ansambllarında nəfəs və simli alətlər ifaçısı kimi xüsusi fəaliyyət göstərib.

M.Nəcəfzadə 1991-ci ildən 1994-cü ilə qədər ustad sənətkarla iş birliyində olub.

M.Nəcəfzadə 1997-ci ildən İ.Əbilov adına Mədəniyyət Mərkəzində işləyib, 2015-ci ildən bədii rəhbər olub. 

Allah rəhmət eləsin.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək