Modern.az
Qəzənfər Həmidoğlu Savaş tamtamları, nekrofil çastuşka və Putinin şaman ayini...

Qəzənfər Həmidoğlu

Savaş tamtamları, nekrofil çastuşka və Putinin şaman ayini...

Analitika

12 Fevral 2022, 04:15

Qəzənfər Həmidoğlu

Dünya nizamının transformasiyası bitmək bilmir və güman ki, bu, sonsuz prosesdir. Yəni, “tarixin sonu” görünmür - Frensis Fukuyama düz 30 il əvvəl dərc etdirdiyi bestsellerində bizimlə, yumşaq desək, zarafat edib: soyuq müharibənin bitməsi ilə münaqişələr aradan qalxmadı, liberal demokratiya isə qlobal təntənə əvəzinə fiaskoya uğradı. Aydın oldu ki, iri dövlətlərin iddiaları qlobal təhlükəsizlik arxitekturası üçün formulun tapılmasına imkan vermir...

Ötən ilin payızında Rusiya qoşunlarını Ukrayna sərhədlərinə yığıb savaş tamtamları çalmağa başladıqdan sonra turbulent vəziyyətə düşən dünya fevralın ilk günlərində məkik diplomatiyası, yüksəksəviyyəli rəsmi təmas və səfərlər sayəsində guya bir qədər nəfəs dərdi. Əvvəlcə Conson, sonra Ərdoğan Kiyevə səfər edib Zelenski ilə görüşdülər. Putin Pekində Si Çinpinin qonağı oldu. Makron Moskvada və Kuyevdə rusiyalı və ukraynalı həmkarları ilə danışıqlar apardı, kansler Şolts Baydenlə Ağ evdə görüş keçirdi. Daha sonra Şolts, Makron və Anjey Duda Berlində "Veymar üçbucağı" (Almaniya, Fransa və Polşa) formatında bir araya gəldilər. Həmçinin “Normand dördlüyü” (Rusiya, Ukrayna, Fransa və Almaniya) liderlərinin müşavirlərinin ikinci görüşü dünən Berlində baş tutdu. Qarşıdakı çərşənbə axşamı isə Putin Kremldəki məşhur yumurtavari 5 metrlik stolda bu dəfə Şoltsla qarşı-qarşıya oturacaq.

Regionda gərginlik səngiməsə də, bu görüşlər belə illüziya yaradır ki, deeskalasiya imkanları tükənməyib. Həmçinin normal məntiq və ağıl da diqtə edir ki, savaş Putinə və Rusiyaya xoş heç nə vəd etmir. Hətta general-polkovnik Leonid İvaşov kimi “patriot-qırğı” belə Putinə hərbə girsə, ölkənin başını bəlaya soxacağı barədə xəbərdarlıq etdi...

Amma Qərb ölkələri öz vətəndaşlarını Ukraynadan çıxarmaqda davam edir, əmin deyillər ki, sərt sanksiyalar və Ukraynaya hərtərəfli dəstək Rusiyanı müdaxilədən çəkindirəcək. Kim bilir Putinin ağlında nə var? Rusiya cəmiyyətini də tam anlamaq mümkün deyil. Amma Rusiyanı biz heç, özləri də anlayıb bir yana çıxa bilmirlər. Fyodor Tütçev demişkən:

Ağılla Rusiyanı anlamaq olmaz,

Ümumi arşın ilə də ölçmək olmaz:

O, təkcə özünə məxsusdur –

Rusiyaya yalnız inanmaq olar.

Ruslar Rusiyanı ilahi, müqəddəs bir yer saya bilərlər, Amma kabus kimi bir məkana inanmaq da yaxşı əlamət deyil...

Maraqlıdır, Putin Tütçevin sonuncu misrasını (в Россию можно только верить”) təhrif edir: o, rus-gürcü 5 günlük savaşı dönəmində Fransanın o zamankı prezidenti Sarkozi ilə görüşərkən belə demişdi: “Rusiyaya sadəcə inanmaq lazımdır” (“в Россию нужно просто верить”).

Sarkozinin sələfi Makron ilə fevralın 8-də Kremldə keçirilən brifinqdəsə Rusiya lideri bu dəfə çastuşka oxudu. Həmin gün diplomatik etiketi pozan Putin Zelenskinin Minsk anlaşmasının maddələrindən narazılığını şərh edərkən ədəb-ərkana da tüpürdü: “Xoşuna gəlir və ya gəlmir, döz, mənim gözəlçəm. Əməl etməlisən, başqa cür olmur”

(“Нравится — не нравится, терпи, моя красавица. Надо исполнять, по-другому не получится”). Sosial şəbəkələr dərhal reaksiya verdilər, bəlli oldu ki, bu misralar “Krasnaya Plesen” pank-qrupunun “Əzizim tabutda yatır” (“Лежит милая в гробу”) mahnısındandır. Bu qrup ən debil və marginal yeniyetmələr üçün oxuyur və Putin zorakılığı təbliğ edən küçə mahnısından sitat gətirir. Rusiya telekanallarındakı siyasi tok-şoularda isə bu sitatı şəhvətlə şərh etdilər. Heç kimin tanımadığı bu debil pank-qrup bir saatın içində rus estradasının ən populyar qrupuna çevrildi...


Kremlin mətbuat katibi Peskov isə qaş düzəldərkən vurub göz çıxardı. Peskovun sözlərinə görə, Putin çətin ki, “Krasnaya Plesen” qrupunun yaradıcılığı ilə tanış olsun, güman ki, o, folklordan bəhrələnib. Əgər pank-qrupun yatmış gözəldən bəhs edən çastuşkası sadəcə seksual xarakterli idisə, folklor nümunəsi başdan-ayağa biədəb və nekrofil, sadist xarakterli anekdot-çastuşkadır.

Çastuşkanın məzmunu bir yana, Putinin o sözləri deyərkən aşkar hiss edilirdi ki, Kremlin sahibinin canı müharibə çəkir. General İvaşov öz bəyanatında diqqəti buna cəlb edir ki, Ukrayna ətrafında baş verənlərin ilkin səbəbi Kremlin ictimai fikrin diqqətini daxili problemlərdən xaricə yöltmək istəyi ilə bağlıdır. Rusiya telekanallarında insanları narahat edən problemlərə toxunulmur, hər gün yorulmadan xarici aləmə nifrət aşılanır. Millətin beyni belə miflə zəhərlənib ki, “Rusiyaya hər tərəfdən real təhdidlər var”. Halbuki, ağlı olan Rusiya kimi bədheybətə hücumu ağlının ucundan belə keçməz və bunu Putin də yaxşı bilir. Lakin Rusiya lideri özünü düşmənsiz narahat hiss edir, onun anlamında cəmiyyətin konsolidasiyası rəqibsiz mümkün deyil, “mütləq kiməsə qarşı birləşmək lazımdır”. Təsadüfi deyil ki, Rusiyada bu gün daxili rəqiblər də ucdantutma rəsmən “xarici agent” elan edilir.

20 il ərzində Putin rus xalqını həsrətini çəkdiyi rifaha çatdıra bilmədi. Tək Krımla, döyüşkən ritorika və təbliğatla, Solovyov-Simonyan boşboğazlığı ilə qarın doymur. Rəy sorğularına görə, RF prezidentinin reytinqi artıq çoxdandır ki, 50%-in altında dolaşır. 2024-cü il seçkisinə kimi bu reytinq plintusun altına da yuvarlana bilər. Belə təhdid qarşısında Putin onu uğura (işğala) aparan ənənəvi paradiqmaları xortlatmaqdan başqa çarə tapa bilmir...

Rusiyanın mövqeləri baxımından regionda geosiyasi situasiya 2021-ci ilin payızı ilə müqayisədə daha kritikdir. 4 ay əvvəl status-kvodan narazı olan Putin qoşunlarını Ukrayna sərhədlərinə yığaraq eskalasiyaya getdi. Sonrakı müddətdə Putin cüzi uğura imza ata bildi: Dünyanın diqqətini özünə cəlb etdi, hərbi potensialını nümayiş etdirməklə Qərbi qıcıqlandıra bildi, bu fonda neft-qazın qiymətini qaldırmağa nail oldu və s.

Eskalasiyanı dərinləşdirməklə Moskva istədiyi status-kvoya nail olmadı - ABŞ-ın ultimatumunu rədd etməsi ilə Kreml naqolay geosiyasi konyunkturaya düşdü: Qərb Kiyevə ciddi hərbi-siyasi dəstək verməyə və Ukraynanı silahlandırmağa başladı. Ukraynada anti-Rusiya ovqatı daha da gücləndi. Putinin davranışları Qərb və NATO-nu daha sıx birləşməyə məcbur etdi. Rusiyanın etibarsız tərəfdaş olduğunu görən Qərb enerji təhlükəsizliyi üçün başqa mənbələr axtarışına vadar oldu.

Beləliklə, Putin son 2-3 ayda o qədər irəli getdi ki, gəlib çıxdığı yerdə dayanması və ya geri çəkilməsi onun sadəcə blef ustası olduğunu göstərəcək. Bu, Rusiya və lideri üçün faktiki olaraq məğlubiyyətdir. Belə statusla onu Kremldə oturtmazlar, Putin nəsə etməlidir. Məsələn, genişmiqyaslı müdaxiləyə cəsarət etməsə də, lokal hərbi əməliyyata əl ata bilər. Və yaxud ekskalasiyanı bir qədər də dərinləşdirməklə danışıqlardakı pozisiyasını möhkəmlətməyə cəhd edə bilər.

Putinlə bağlı situasiyanı belə konstatasiya etmək olar: o, müharibə istəyir, əmindir ki, yığılmış ziddiyyətlərin başqa həlli yolu yoxdur, amma Rusiya lideri müharibə tərəfdarı kimi də görünmək istəmir. Məlum olduğu kimi, Putin SSRİ-nin gorbagor olmasını XX əsrin ən böyük fəlakəti sayır və onun revanşını almaqla adını tarixə yazmaq istəyir. Amma onu da bilir ki, iddiaları yekə, imkanları şübhəlidir. Kiyev yürüşü onu tarixə “qanlı Putin” kimi də həkk edə bilər.

Rusiya prezidenti şübhələr içindədir və tərəddüdlərdən normal ağılla çıxmaq mümkün deyil, çarə fövqəl, mistik güclərədir... Yeri gəlmişkən, MGIMO-nun keçmiş kafedra müdiri, ekssentrik siyasi analitik Valeri Solovey “Exo Moskvı” radiosunun efirindən iddia edib ki, Makronla görüşü ərəfəsində, ötən bazar günü Putin üçün Soçidəki “Boçarov Ruçey” iqamətgahında şaman ayini keçirilib: “Şamanlar ona vəd ediblər ki, Vladimir Vladimiroviç dünyanın ən yaxşı dövlət başçısı olacaq. Ayin zamanı qartal qurban edilib. Həmin vaxt Sibirdə isə bir ayı qurban edilib. Ayinlər uğurlu olub və şamanlar deyiblər ki, Putini böyük qələbə gözləyir. Bu Putini xeyli ruhlandırıb...”. Radionun əməkdaşları gülüşməyə başlayanda Solovey “tutarlı” cavabla onları susdurub: “Əcaib adamlarsınız, sizin inanmamağınız o demək deyil ki, Rusiya prezidenti və ətrafı inanmır. Putin ayindən məmnun qalıb və Şoyquya deyib ki, baharda gecə-gündüz bərabərliyində ayin üçün özü tayqaya gedəcək”.

Soloveyə inanan inanar, inanmayan özü bilər. Amma problem bundadır ki, Putin patriarx Kirildən daha çox, Tuva türklərinin ruhlarla danışan şamanlarına inanır. Rusiyada kimsəyə sirr deyil ki, Putinin bu ölkədə çəkindiyi iki adamdan biri Navalnıdırsa, digəri yakutiyalı şaman-döyüşçü Qabışevdir. Adam 3 il əvvəl Yakutiyadan Moskvaya piyada getmişdi ki, şeytanı Kremldən qovsun. İmkan vermədilər. İndi Qabışevi az qala həyətindən çölə çıxmağa qoymurlar. Əslində Qabışev şaman-zad deyil, amma Kremldə onun hansısa mistik gücə, magiyaya sahib olduğuna inanırlar.

Amma şamanlar aləm adamlardır, tutub Rusiyanın iki simvolunu (ikibaşlı qartal və ayı) Putinə qurban kəsiblər...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var