Modern.az

Qədim Gəncə, şanlı tarix və təzadlı ovqat…

Qədim Gəncə, şanlı tarix və təzadlı ovqat…

Aktual

29 May 2012, 10:22

Cümhuriyyətimizin 94 illiyini biz bu şəhərdə qeyd etdik

 

Tale elə gətirdi ki, mayın 28 –  Respublika Gününü bu dəfə Cümhuriyyətimizin ilk beşiyi olan Gəncədə qeyd etmək, bu məqsədlə Şəhər İcra Hakimiyyətinin düzənlədiyi bayram tədbirinə və Aqrar Universitetdə elmi – praktiki konfransa qatılmaq xoşbəxtliyi bizə - Parlament Jurnalistlər Birliyinin bir qrup üzvünə nəsib oldu. Bunun təşəbbüskarı PJB rəhbərliyi oldu və müvafiq instansiyalar bu təklifimizə dəstək verdilər. Sağ olsunlar!!!

Artıq vədələşdiyimiz kimi saat 9. 30 – da Gəncədəyik və düz 94 il öncə Şərqdə ilk demokratik cümhuriyyət qurmuş bir millətin ən qədim şəhərinin yeniləşən xoş görkəmi bizi qarşılamağa gələcək bələdçidən öncə sanki “xoş gəldiniz” deyir. Bir qədər sonra  Şəhər İcra Hakimiyyəti binasının qarşısına toplaşırıq və başçının humanitar məsələlər üzrə müavini Nizami Hacıyevin müşayəti ilə şəhərin tarixi binalarını, yenicə təmirdən çıxmış Cavadxan küçəsini, digər görməli yerlərini ziyarət edirik. Açığı, rastlaşdığımız mənzərədən tək mən yox, bütün həmkarlarım məmnun görünürlər və bələdçinin bütün bu işlərin yeni icra başçısı Elmar Vəliyevin şəxsi təşəbbüsü və yorulmaz əməyi sayəsində qısa zaman kəsiyində - təxminən 7 – 8 ay ərzində ərsəyə gəldiyini söyləməsini “görməzliyə” vursaq da gerçəkdən də yeni abadlıq işlərinin miqyası və keyfiyyəti diqqətimizi cəlb edir. İlkin olaraq 1606 – cı ildə Şah Abbasın əmriylə Şərqin ən məhşur riyaziyyatçı - memarlarından olan Şeyx Bahəddin Məhəmməd Amilinin memarlığı ilə tikilib istifadəyə verilmiş “Şah Abbas məscidi”ni ziyarət edirik. Bələdçi bildirir ki, bu bina 300 il ərzində məscid kimi istifadə olunsa da sovetlər hakimiyyətə gəldikdən sonra müxtəlif təyinatlı məkan kimi istifadə edilib, şəkil qalereyası, xalçaçılıq muzeyi kimi fəaliyyət göstərib. Müstəqilliyə 1991 – ci ildə ikinci dəfə qovuşduqdan sonra yenidən ilkin təyinatı kimi şəhər əhalisinin istifadəsinə verilib. Bələdçi sualımıza cavab olaraq bildirir ki, ziyarət etdiyimiz dini məbəddən savayı Gəncədə təxminən 10 – a yaxın məscid fəaliyyət göstərir və onlardan ən məhşurlarının – Qırıxlı, Şahsevənlər, Cümə, Xəlfəli, Hüseyniyyə məscidlərinin adını sadalayır. Şah Abbas məscidinin bir özəlliyi diqqətimizə çatdırılır ki, memar tərəfindən o elə inşa edilib ki, məhz minbərin kölgəsi məscidin həyətinə düşdükdə müsəlmanlar namaz vaxtının olduğunu bilirmişlər. Məscidin böyründə daha bir tarixi memarlıq abidəsini və Gəncənin qədimliyinin daşlaşmış sübutunu – şamla qızdırıldığı iddia olunan “Çökək hamam” deyilən yeri ziyarət edirik. İnsanlar həmin hamamda pak olduqdan sonra Şah Abbas məscidinə gələrək dini ayinlərini icra edirmişlər. Bir neçə metr aralıda isə Azərbaycanın kişilik və mərdlik nümunəsi kimi tarixə əbədi möhürünü vurmuş Ziyadoğlular nəslinin ən parlaq nümayəndəsi, Gəncənin sonuncu xanı Cavad Xanın məqbərəsi yerləşir. Bələdçi deyir ki, Cavad xanın məzarı üstündə gördüyümüz abidə “Heydər Əliyev Fondu”nun şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə 2005 – ci ilin 17 yanvarında ərsəyə gətirilib. Bizə bildirilir ki, 1804 – cü ildə oğlanları və digər ailə üzvləriylə general Sisianovun başçılığı ilə Gəncəyə soxulmuş rus qoşunlarına qarşı mübarizədə şəhid olmuş Cavad xanın nəşi 90 – cı illərin əvvəllərində Şəbiskardakı məzarlıqda Əskərağa Goraninin sərdabəsindən çıxarılaraq Şah Abbas məscidinin yaxınlığında dəfn olunub. Cavd Xanın ölümündən və xanlığın süqutundan sonra Gəncənin adı dəyişdirilərək rus çarının şərəfinə Yelizavetpol adlandırılır və 1918 – ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanadək nəinki bu ad qalır, hətta o vaxtlar “Gəncə” adını dilə gətirməyə görə cərimə növü də tətbiq edilirmiş. 1918 – ci ildə isə şəhərin adı özünə qaytarılır. 23 aylıq Xalq Cümhuriyyəti süqut etdikdən sonra hələ bir müddət Gəncənin adına toxunulmur, yalnız 1935 – ci ildə Kirovabad adlandırılır. 1989 – cu ildə isə ikinci dəfə tarixi ədalət zəfər çalır və Gəncənin şərəfli keçmişi olan qədim adı birdəfəlik özünə qaytarılır.

Gəzintimiz davam edir və məlumat alırıq ki, bu ilin 21 yanvarında ölkə başçısı İlham Əliyev növbəti dəfə Gəncəyə gələrkən əslən gəncəli olan dahi bəstəkarımız Fikrət Əmirovun adını daşıyacaq Gəncə Dövlət Filarmoniyasının yeni binasının təməlqoyma mərasimində iştirak edib. Bizə bildirildi ki, Bakıdan sonra ölkədə yalnız Gəncədə fəaliyyət göstərən Dövlət Filarmoniyası Gəncə çayının kənarında yerləşdiyindən çay yatağındakı çökmə nəticəsində qəzalı vəziyyət düşübmüş, ona görə də başqa ünvanda, şəhərin mərkəzində yeni filarmoniya binasının tikilməsinə qərar verilib.

Nəhayət, Gəncənin “Torqovı”sı na - Cavad Xan küçəsinə keçirik və bələdçi qeyd edir ki, bu küçənin təxminən 480 metrlik hissəsi yalnız piyadalar üçün nəzərdə tutulub və şəhər sakinlərinin, eyni zamanda qonaqların rahat gəzişmələri üçün avtomobillərin hərəkətinə yasaq qoyulub. İnsaf naminə qeyd etmək lazımdır ki, Cavad xan küçəsində Bakı “Torqovı”sında rastlaşmadığımız komfort, səliqə - sahmanla rastlaşırıq, keyfiyyətli təmir – bərpa işlərinin həyata keçirildiyi, eyni zamanda qədimliyi, tarixiliyi qorunub saxlandığı hər addımda sezilir. Məlumat verilir ki, bütün bu quruculuq, təmir – bərpa işləri qısa zamanda həyata keçirilib və icra başçısı hər gün bura baş çəkərək işlərin tez və keyfiyyətli həyata keçirilməsinə yerindəcə nəzarət edib. Yeri gəlmişkən, Gəncədə ilk dəfə olan əcnəbi və yerli vətəndaşın təkcə Cavad Xan küçəsiylə addımlaması yetərlidir ki, gəncəlilərin həm xalq qəhrəmanına sonsuz vəfalılıq və hörmət göstərdiyinə şahidlik edəsən, həm də şəhərin qədim və özünəməxsus memarlıq üslubunun qorunub saxlandığını görəsən. Küçə başdan – başa tarixi memarlıq abidələriylə doludur və hər addımda sanki Cavad Xanın ayaq səsləri, gəncəlilərin yadelli işğalçılara qarşı müqavimətinin sədaları qulaqları cingildədir. Cavad xan küçəsində ölməz Nizaminin şəcərəsindən olan Şeyxzamanovların vaxtilə yaşadıqları ev də diqqətimizi cəlb etdi. Bildirilir ki, ümimiyyətlə Cavad xan küçəsində bəylər yaşayıb. Bir qədər getdikdə qarşımıza daha bir tarixi bina çıxır və Cümhuriyyətimizin qurucularından olan Xasməmmədovların evinin qarşısına vurulmuş lövhə diqqətimizi cəlb edir. Bir az irəlidəki binanın qarşısında isə yazılıb: “Dahi Azərbaycan şairi və mütəfəkkiri Şeyx Nizami Gəncəvi nəslinin nümayəndələri şeyxzamanlılar 1899 – cu ildə bu evdə yaşamışlar”. Bizə bildirilir ki, Xasməmmədovlar altı qardaş olublar və onların bir bacısı olub, o da Nəsib bəy Yusifbəylinin xanımı olub. Binanın qarşısına vurulmuş lövhədə isə yazılıb: “1888 – ci ildə inşa edilmiş bu binada ilk ədliyyə naziri Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov bu evdə yaşamışdır”.  Daha bir addım irəlidə isə bizi qırmızı kərpicdən tikilmiş binanın giriş qapısında “”Azərbaycan” qəzetinin ilk sayı 15 sentyabr 1918 – ci ildə bu binadakı mətbəədə çap olunmuşdur” lövhəsi “salamlayır”. Daha sonra yazıçı Anarın qaynatası, mərhum Nigar Rəfibəylinin atası Xudadat bəyin də yaşadığı evin qarşısından keçirik. Qeyd edək ki,demək olar küçə başdan – başa qırmızı kərpiclərdən tikilmiş yerli əhəmiyyətli tarixi binalardan ibarətdir və əsasən ikimərtəbədən olan evlərin bu “şəhərciy”in hər daşının özündə sirli – sehrli bir tarix yaşatdığı təəssüratı insanda izaholunmaz ovqat yaradır. Sən demə, çar Rusiyası dövründə həmin küçə ətrafında 13 kilometrlik qala olub, sonradan həmin qala tamamilə sökülərək məhv edilib.

 

 Cavad Xan küçəsiylə zövqverici tanışlıqdan sonra Gəncənin girişinə - Nizaminin yenicə təmirdən çıxmış və bir müddət öncə açılışında prezident İlham Əliyevin də iştirak etdiyi məqbərəsinə istiqamət götürürk. Məqbərənin həyətində inanılamz təmir işlərinin getdiyi, demək olar ki, ərazinin görünüşünün tamam dəyişdirildiyi, əlavə fəvvarələr, hovuzlar inşa edildiyi, yaşıllıqlar salındığı diqqətimizi cəlb edir. Məqbərəylə üzbəüz yolun o biri tərəfində 4 mərtəbədən ibarət olacaq Nizami muzeyinin artıq 3 – cü mərtəbəsində şıdırğı işlərin getdiyini görürük, məqbərənin direktoru Gülnarə İsmayılova məlumat verir ki, həmin muzeyin təməli İlham Əliyevin bu ilin 21 yanvarında Gəncəyə səfəri zamanı qoyulub. Direktor nəql edir ki, Nizaminin dəfn olunduğu bu yer vaxtilə sərdabə olub və el arasında pir kimi tanınıb. İllər ötdükcə Gəncə tədricən yerini dəyişir və sərdabə şəhərdən xeyli uzaqlaşır, 1606 – cı ildə isə indiki Gəncə yaranır. 1922 – ci ildə dövlət tərəfindən müvafiq komissiya yaradılır ki, Nizaminin qəbri şəhərin mərkəzinə - Şah Abbasın məscidinin yanına köçürülsün. Ancaq birdən – birə komissiyanın sədri qəflətən dünyasını dəyişir. Qərara alınır ki, Nizaminin nəşini öz dədə - baba yurdundan ayırmaq olmaz. 1947 – ci ildə isə təbii daşdan indiki məqbərəyə oxşar bina tikilir, sonuncu variant isə 1991 – ci ildə Yuneskonun xəttiylə Nizami Gəncəvinin 850 illik yubileyi münasibətilə ərsəyə gətirlir. Məqbərənin memarı Gəncənin baş memarı İmanquliyev Fərman Həsən oğlu olub və əksər şəbəkələr, pilləkənlər rəmzi olaraq “Xəmsə”yə uyğun olaraq beş – beşdir.

Direktor deyir ki, il ərzində kompleksi ən azı 35 min nəfər ziyarət edir, onların 15 – 20 mini tələbə və şagirdlər, təxminən 10 min nəfərsə əcnəbi turistlərdir. Deyir ki, Nizaminin əsl adı İlyas Yusifoğludur, sadəcə Nizami adının mənası sözü nəzm etmək, nizama salmaq deməkdir. Məqbərənin daha bir əməkdaşı isə bizə Nizaminin həyatından, ona bir kəniz kimi bağışlanan Afaqı xanımı kimi qəbul etməsindən, onun vaxtsız ölümündən və Nizaminin sarsılmasından bəhs edir. Məqbərəylə tanışlığımızda diqqətimi cəlb edən bir məsələ Nizaminin farsca yazdıqları bəzi beytlərin artıq Azərbaycan dilində tərcüməsinin də ayrıca yazılması oldu. Əvvəllər bu yox idi. Soruşanda dedilər ki, indiki başçının təşəbbüsüylə şeir tərcümə edilərək divarlarda həkk olunub ki, hər kəs orda nə yazıldığını bilsin.  Bircə cümlə ilə oxuculara çatdırmaq gərəkdir ki, məqbərənin arxa hissəsində Göy – Gölə və Kəpəz dağına oxşadılan süni göl və dağ kompleksi yaradılıb, təxminən 150 min ağac əkilib və Nizaminin ata – anasının da qəbrinin üstü əsaslı şəkildə götürülüb.

Geri qayıdırıq, bir neçə dəqiqədən sonra şəhərin Xan bağı adlanan ərazisində 28 may Republika Günü münasibətilə şəhər ictimaiyyətinin iştirakı ilə bayram konserti keçiriləcək. Konsert başlayır, qonaqlar, icra başçısı, polis rəisi, şəhər prokuroru, digər dəvətlilər yerlərini tutsalar da havanın hədsiz dərəcədə isti, tamaşaçıların oturduğu yerin əlverişsiz olması tədbirin az qala yarım saata yekunlaşmasına səbəb olur, icra başçsısı bildirir ki, isti hava bəzi yaşlı və xəstə insanlarda diskomfort yarada bilər, ona görə də tədbirin davamını bir vaxtlar cümhuriyyətin hökumətinin ilk iclası keçirilən tarixi binada – indiki Dövlət Aqrar Universitetindəki dəyirmi masada davam etdirmək daha doğru olar.  Universitet Xan bağının cəmisi bir neçə addımlığındadır və sahəsi 6 hektardan artıq olduğu deyilən bağdakı yaşı bilinməyən, başının nələr çəkdiyi kimsəyə bəlli olmayan möhtəşəm Xan Çinarları seyr edə - edə universitetə - bir zamanlar cümhuriyyətimizi quranların nəfəsləri hopmuş məkana tələsirik. Elə girişdəcə hər iki tərəfdə də insanı ayaq saxlamağa və dərin fikrə dalmağa məcbur edən yazıları oxuyuruq. Solda  “17 iyun 1918 – ci ildən 15 sentyabr 1918 – ci ilədək Azərbaycan xalq Cümhuriyyəti Hökuməti bu binada fəaliyyət göstərmişdir.”, sağda isə “Azərbaycan Milli Şurası 1918 – ci ildə mayın 28 – də Azərbaycanın siyasi müstəqilliyini elan etmiş, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət Azərbaycan Respublikasını yaratmışdır. Mənim hökumətimin müvəqqəti paytaxtı Gəncə şəhəridir. Baş nazir Fətəli xan Xoyski. 30 may 1918 – ci il. Xarici dövlətlərin siyasi mərkəzlərinə radioteleqramdan.” tarixi çağırış bizləri bərk duyğulandırır.

 

Salona daxil oluruq və Gəncə Şəhər İcra hakimiyyəti başçısı bizləri salamladıqdan sonra görülən və planlaşdırılan işlər barədə hesabat verir, prezidentin Gəncəni dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək tapşırığını həyata keçirmək üçün ciddi səylər göstərildiyini bildirir. Bundan sonra jurnalistlər Respublika günü və şəhrədəki gəzintidən aldıqları təəssürat barədə icra başçısı Elmar Vəliyevə çoxsaylı suallar ünvanlayırlar, başçı isə bunları səbrlə cavablandırmağa çalışır. Bəlli oldu ki, şəhərin nə az – nə çox, düz 27 küçəsində və 22 məktəbində yenidənqurma işləri aparılır. Göy – Göldən 500, Şəmkirdən 1000 millimetrlik borularla şəhərə yeni su xəttləri çəkilir. Bu günədək 70 – dən artıq binada restavrasiya işləri aparılıb və ümumilikdə 801 binada (bunlar həm də tarixi binalardır) bərpa işlərinin aparılması nəzərdə tutulub, özü də bunlar elə olmalıdır ki, bir neçə ildən sonra yenidən təkrara bərpa zərurəti meydana çıxmasın. Başçı çıxışında bildirdi ki, bu bərpa əsrlərə hesablanıb.

 Daha bir diqqətçəkən məqam Nizaminin muzeyinin hazır olanadək dünyanın harasında dahi şairimizə aid əlyazma və ya əşya varsa onun tapılaraq Gəncəyə gətirilməsi qərarıdır. İcra başçısı məlumat verdi ki, bir müddət öncə şəxsən Londonda olub və çətinlıiklə də olsa oradakı müzeylərin birindən Nizaminin əlyazmalarının nadir nüsxələrini əldə edə bilib. Onun dediyinə görə, 788 səhifədən ibarət bu qiymətli tapıntı 1546 – cı ildə İsfahandan İngiltərə paytaxtına bir qənimət kimi aparılıb və bu günədək çox nəfis tərtibatda, qızılla işlənmiş formada qorunun saxlanılıb.

Bu sətirlərin müəllifi İcra başçısına iki sualla müraciət etdi və hər ikisinə də qaneedici cavab aldı. Cavad xanın bu günədək ona layiq abidəsinin Gəncədə olmaması və şəhərdə aparılan abadlıq – quruculuq işləri zamanı kütləvi qanun pozuntularıyla bağlı az qala hər gün mətbuatda hallandırılan narazılıqların nə dərəcədə haqlı olması barədə məsələ qaldırıldı, qərəzçiliyin, sui – istifadə hallarının aradan qaldırılması və yanlış məlumatların ictimai rəydə çaşqınlıq yaratmaması üçün ciddi jurnalistikanın bu məsələdə ümumi işə xeyir verə biləcəyi qeyd olundu. Başçı bildirdi ki, artıq Cavad Xan sevərlər narahat olmasınlar, bu məsələ həllini tapmaq üzrədir, heykəlin hazırlanması üçün tender elan olunub, Cavad xanın at üzərində çox əzəmətli bir abidəsi şəhərin ən görkəmli yerlərindən birində ucaldılacaq. Qaldırılan digər məsələdə də icra strukturu ilə medianın birgə işləməsi. Təmasların intensivləşməsi niyyəti ifadə olundu. Gəncəliləri sevindirəcək və Bakıdakı məmurları utandıracaq bir məsələ isə Gəncədə və ətraf 5 qəsəbədəki 5000 - ə yaxın qanunsuz tikilinin qeydiyyata alınaraq şəffaf mexanizmlə ən qısa zamanda sənədləşdirilməsi üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədri Kərəm H.Əsənovla icra başçısı Elmar Vəliyev arasında razılaşmanın mövcudluğudur. Başçı söz verdi ki, bu zaman kimsənin haqqı pozulmayacaq və cüzi bir məbləğlə bu problem yoluna qoyulacaq. Məsələn, hətta üçmərtəbəli villası olan şəxsin hər kvadratmetrə görə ödəyəcəyi pulun miqdarı o qədər az olacaq ki, toplam olaraq ən uzağı 800 manat kassaya ödəmə aparmaqla sənədlərini əldə edəcək.

Xatırladaq ki, ötən ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə prezident paytaxtda və ona yaxın ərazilərdə 500 minə yaxın qanunsuz tikilinin olduğunu qeyd etmişdi, ən qısa zamanda onların sənədləşdirilməsi üçün məmurlara tapşırıq verilmişdi. Ancaq onun bu göstərişi bu günədək qulaqardına vurulub. Gəncənin icra başçısı isə bu işdə də həmkarlarını qabaqlamaq niyyətindədir və əgər o buna nail olsa daha bir novatorluq nümunəsini öz adına həkk etdirəcək... 

Səninlə fəxr edirik Gəncə!!!

 

 

 


 

Zülfüqar Hüseynzadə

Bakı – Gəncə - Bakı

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı