Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən imzalanmış “Əbədi dostluq” sənədi iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması baxımından mühüm tarixi əhəmiyyət daşıyır. Bu sənədin əsas dividendlərindən biri qarşılıqlı etimadın uzunmüddətli və dayanıqlı iqtisadi tərəfdaşlığa çevrilməsi ilə yanaşı, mədəni-humanitar əlaqələrin də daha da dərinləşdirilməsidir.
Özbəkistan parlamentinin deputatı Oydin Abdullayeva Azərbaycan və Özbəkistan arasında mədəni-humanitar əməkdaşlığın inkişafı ilə bağlı Modern.az-la bir sıra təkliflərini bölüşüb.
Onun sözlərinə görə, mədəni-humanitar əməkdaşlıq iki ölkə arasındakı münasibətlərin mühüm istiqamətlərindən biri kimi xüsusi diqqətdə saxlanılmalıdır:
“Özbəkistan və Azərbaycan münasibətlərində xalqlarımızı bir-birinə yaxınlaşdıran tarixi, dil, ədəbiyyat və mədəniyyət baxımından çox böyük ortaq dəyərlər mövcuddur. Buna görə də mədəni-humanitar əməkdaşlığı ayrıca və mühüm istiqamət kimi vurğulamaq lazımdır. İlk növbədə, mədəni irsin birgə öyrənilməsi və təbliği istiqamətində işlər genişləndirilməlidir. Əlişir Nəvai, Füzuli, Nizami Gəncəvi kimi böyük mütəfəkkirlərin yaradıcılığının birgə tədqiq edilməsi, əsərlərinin qarşılıqlı tərcüməsi və beynəlxalq elmi konfransların keçirilməsi mühüm nəticələr verə bilər. Eyni zamanda, birgə mədəniyyət günlərinin və festivalların müntəzəm keçirilməsini məqsədəuyğun hesab edirəm.
Belə tədbirlər yalnız paytaxtlarda deyil, regionlarda və tarixi şəhərlərdə də təşkil olunmalıdır. Teatr, kino və musiqi sahəsində birgə layihələrin həyata keçirilməsi də mühüm istiqamətlərdəndir. Özbəkistan və Azərbaycanın sənətçilərinin iştirakı ilə tarixi şəxsiyyətlərə və iki xalqın ortaq mədəni irsinə həsr olunmuş filmlərin və tamaşaların hazırlanması xalqlarımız arasında mədəni əlaqələrin daha da güclənməsinə xidmət edə bilər. Bundan başqa, muzeylərarası əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. Birgə sərgilərin və rəqəmsal ekspozisiyaların təşkili, iki ölkənin muzeyləri arasında eksponat mübadiləsinin həyata keçirilməsi bu istiqamətdə mühüm addımlar ola bilər. Ali təhsil və elm sahəsində humanitar əlaqələrin genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Tələbə və professor-müəllim mübadiləsinin artırılması, birgə elmi mərkəzlərin yaradılması, dissertasiya və tədqiqat layihələrinin həyata keçirilməsi faydalı olar. Gənclər diplomatiyasının inkişaf etdirilməsi də diqqətdə saxlanılmalıdır. Özbəkistan və Azərbaycan gəncləri üçün müntəzəm forumların, yay məktəblərinin, mədəni düşərgələrin və müxtəlif yaradıcılıq layihələrinin təşkili iki ölkənin gələcək nəsilləri arasında əlaqələrin möhkəmlənməsinə imkan verər. Dil və ədəbiyyat sahəsinə də xüsusi diqqət yetirmək lazımdır. Özbək dilinin və ədəbiyyatının Azərbaycanda, Azərbaycan dilinin və ədəbiyyatının isə Özbəkistanda daha geniş öyrənilməsi üçün müvafiq kafedraların, mərkəzlərin və xüsusi proqramların yaradılması mühüm addım ola bilər.
Mədəni turizmin birgə inkişaf etdirilməsi də ölkələrimiz üçün böyük potensiala malikdir. Səmərqənd-Buxara-Xivə və Bakı-Şəki kimi istiqamətləri birləşdirən ümumi turizm və mədəni marşrutların yaradılması həm xalqlarımızın qarşılıqlı tanışlığını, həm də turizm əlaqələrini daha da inkişaf etdirə bilər”.

Deputat qeyd edib ki, iki ölkə arasında mövcud olan tarixi və mənəvi yaxınlıq müasir əməkdaşlıq platformasına çevrilməlidir:
“Mədəni-humanitar sahədə mövcud olan tarixi və mənəvi yaxınlığımızı yeni nəsillər üçün müasir əməkdaşlıq platformasına çevirməliyik. Özbək və Azərbaycan xalqlarını bir-birinə daha da yaxınlaşdıran əsas güc bizim ortaq tariximiz və mədəni irsimizdir. Buna görə də birgə elmi tədqiqatların, ədəbiyyat və incəsənət əsərlərinin qarşılıqlı tərcüməsinin, kino və teatr layihələrinin, muzeylərarası əməkdaşlığın, tələbə və gənclər mübadiləsinin, eləcə də birgə mədəniyyət festivallarının sistemli şəkildə həyata keçirilməsini mühüm hesab edirəm. İqtisadi əməkdaşlıq dövlətlərin maraqlarını birləşdirirsə, mədəni-humanitar əməkdaşlıq xalqların qəlbini birləşdirir. “Əbədi dostluq”un həqiqi dayanıqlılığı da məhz bu iki sütuna, iqtisadi maraqlara və xalqlar arasında mənəvi yaxınlığa söykənməlidir”.