15 avqust 1993-cü il. Azərbaycanın yaxın tarixində üstündən sükutla keçilməsi mümkün olmayan qanlı tarixlərdən biri. Həmin gecə Cəbrayıl rayonu ətrafındakı strateji Daşbaşı yüksəkliyində sükut qəfil döyüş səsləri ilə pozuldu.
Erməni silahlı qüvvələrinin gözlənilməz və amansız hücumuna məruz qalan postu müdafiə edənlər 28 gənc idi.
Onların bir çoxunun yaşı 18-20 arasında idi. Həyatlarının ən gözəl çağında olan bu gənclərin hərəsinin öz arzusu, gələcəklə bağlı planları vardı. Lakin müharibə onların taleyini dəyişdi.
23 gənc həmin gecə şəhid oldu
Daşbaşı postu Cəbrayılın müdafiəsində mühüm mövqelərdən biri hesab olunurdu. Düşmən də bunun fərqində idi. Məhz buna görə posta böyük qüvvə ilə hücum edilmişdi. Mövcud məlumatlara görə, qüvvələr qeyri-bərabər idi – həmin döyüşdə erməni qüvvələrinin sayı Azərbaycan döyüşçülərindən təxminən iki dəfə çox olub.
Lakin düşmənin xeyrinə olan bu üstünlük azərbaycanlı gənclərin iradəsini qıra bilmədi. Onlar arxalarında kəndlərin, ailələrin və doğma torpağın olduğunu bilərək bir addım belə geri çəkilmədilər. Son damla qanlarına qədər döyüşdülər və 23 nəfər şəhid oldu, 5 nəfər yaralandı.
Beləcə, 23 gəncin arzuları Daşbaşının daşları arasında qaldı.
Döyüş nəticəsində post müvəqqəti olaraq düşmənin nəzarətinə keçdi. Şəhid olan Azərbaycan hərbçilərinin meyitlərinə qarşı da ağır vəhşiliklər törədildi.
Daşbaşıda həyatını itirən 23 nəfərdən 21-i Cəbrayıl rayonundan, biri Beyləqandan, biri isə Şəmkirdən idi.
Onların adları:

İmanov Müslüm Cəmil oğlu – Böyük Mərcanlı
Fərhadov Fərhad İdris oğlu – Böyük Mərcanlı
Fərhadov Arif Məhəmməd oğlu – Böyük Mərcanlı
Sevdimalıyev Cəbrayıl Əli oğlu – Böyük Mərcanlı
Fərhadov Bayram Məhyəddin oğlu – Böyük Mərcanlı
Cəfərov Murad Hafiz oğlu – Daş Veysəlli
Abdullayev Zahid Əvəz oğlu – Daş Veysəlli
Hüseynov Həsən Hüseyn oğlu – Daş Veysəlli
Eyvazov Teymur Eyvaz oğlu – Soltanlı
Yusifov Elman Bəhram oğlu – Soltanlı
Məmmədov Faiq Fərman oğlu – Soltanlı
Ağayev Ramiz Eldar oğlu – Cəbrayıl şəhəri
Əliyev Etibar İslam oğlu – Cəbrayıl şəhəri
Rəhimov Mətləb Əvəz oğlu – Məzrə
Quliyev Aydın Tapdıq oğlu – Məzrə
Əmirxanov Süleyman İbrahim oğlu – Kavdar
Fətəliyev Hafiz Məhəmməd oğlu – Şahvəlli
Məmmədov Rüfət Rəvan oğlu – Maralyan
Kazımov Vahab Yaşar oğlu – Mahmudlu
Hüseynov Yusif Musa oğlu – Xələfli
Şəmilov Rövşən Bəhlul oğlu – Qumlaq
Mirimov Qərib Mehdi oğlu – Beyləqan rayonu
Gülməmmədov Rafayıl Məhəmməd oğlu – Şəmkir rayonu.
Bir həftə sonra Cəbrayıl işğal olundu
Daşbaşı döyüşü Cəbrayıl istiqamətində gedən ağır döyüşlərin yalnız bir hissəsi idi. Növbəti günlərdə də düşmənin aramsız hücumları davam etdi və təxminən bir həftə sonra Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.
Cəbrayılın işğalı minlərlə insanın doğma yurdunu tərk etməsinə səbəb oldu, evlər boşaldı, ocaqlar söndü, Daşbaşı və Cəbrayıl uzun illər işğal altında qaldı.
Lakin illər ötsə də, Cəbrayılın yaddaşı və 23 gəncin xatirəsi silinmədi.
Nəhayət 27 il sonra vəziyyət dəyişdi

2020-ci il oktyabrın 20-də Cəbrayıl rayonu Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Daşbaşı istiqamətində də həmin günlərdə şiddətli döyüşlər gedirdi.
Beləliklə, 1993-cü ildə müdafiəsi uğrunda 23 gəncin şəhid olduğu Cəbrayıl torpağı 27 il sonra yenidən Azərbaycanın nəzarətinə qayıtdı.
Daşbaşı şəhidlərinin faciəsi artıq yalnız 1993-cü ilin qanlı hadisəsi deyil. Bu, Cəbrayılın işğalını və 2020-ci ildə azad olunmasını birləşdirən tarixi yaddaşın bir hissəsidir.
Hər il avqustun 15-də həmin 23 gəncin adı bir daha xatırlanır.
Onların arasında həyatının ən mühüm qərarlarını verməyə hazırlaşan, ailə qurmaq, ev tikmək, peşə sahibi olmaq istəyən gənclər vardı.
Müharibə onların arzularını yarımçıq qoydu.
15 avqust – Daşbaşıda şəhid olan 23 gəncin anım günüdür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Ə.Qafarlı