Modern.az

Şəhidin son fotosu: Toy xonçası yarımçıq qaldı, bayrağa bükülüb evə gəldi...

Şəhidin son fotosu: Toy xonçası yarımçıq qaldı, bayrağa bükülüb evə gəldi...

Reportaj

Bu gün, 08:00

Şəhid bacısı: “Bayraq yerə düşməsin deyə özü bayrağa bükülüb gəldi...”

Modern.az saytının “Şəhiddən qalan son foto” rubrikası davam edir. Rubrikamızın budəfəki təqdimatında Vətən müharibəsi şəhidi Elgün Vasif oğlu Quliyevdən bəhs edirik.

Şəhidin bacısı Aysel Quliyevanın sözlərinə görə, qardaşının son fotosu Füzuli rayonunda, Elgünün özünə məxsus silahı ilə çəkilib. 

“Bu şəkil Füzuli rayonunda çəkilib. Elgün özünə aid silahla şəkil çəkdirib. Fotoda onun necə məmnun və qürurlu olduğu görünür. Çünki illərdir ürəyində yaşatdığı arzusuna çatmışdı. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşmək, özünün də dediyi kimi, Xocalıda körpələrə, qadınlara, bir sözlə, günahsız insanlara qarşı törədilənlərin qisasını almaq üçün yola çıxmışdı. Bu yolun yolçusu olmaqdan qürur duyurdu”.

FOTO: 2020-ci il oktyabr-noyabr ayları

Şəhidin bacısı deyir ki, Elgünün Füzuli ilə bağlılığı Vətən müharibəsindən xeyli əvvəl başlayıb. O, müddətli həqiqi hərbi xidmətini də Füzuli rayonunda, düşmənlə üzbəüz ön xətdə keçib. 2016-cı ilin Aprel döyüşləri zamanı isə könüllü olaraq döyüşlərə qatılmaq üçün müraciət edib. Lakin döyüşlər dayandırıldığından onun müraciəti cavabsız qalıb.

“2020-ci ildə müharibənin ilk günlərində Elgünlə uzun-uzadı danışdım. Kəndimizə şəhid gəlmişdi. O şəhid də evin tək oğlu idi. Ailəsinin necə pərişan olduğunu Elgünə danışdım. Elgün məni dinlədi, amma heç nə demədi, susdu... Müharibə başa çatandan sonra öyrəndik ki, həmin günlərdə, sentyabr ayında o, ikinci dəfə könüllü olaraq döyüşə getmək üçün müraciət edibmiş”.

Elgün Quliyev yalnız hərbçi ruhu ilə deyil, müəllim kimi də gələcəyini qurmağa çalışan gənc idi. O, Lerik rayonunun Sors kənd məktəbində tarix müəllimi kimi işə qəbul olunmuşdu.

Şəhidin bacısının təqdim etdiyi digər foto isə ailənin Elgünlə birlikdə çəkdirdiyi son şəkildir. Foto 6 sentyabr 2020-ci ildə, müharibənin başlamasına cəmi 21 gün qalmış çəkilib. 

FOTO: 6 sentyabr 2020-ci il

“Elgünlə olan son ailəvi şəklimiz budur. Fotonu mən çəkmişəm, ona görə də özüm şəkildə yoxam. 6 sentyabr 2020-ci ildə çəkilib. İndi o günləri xatırlamaq çox çətindir. İnsan keçmişə baxır və əlindən heç nə gəlmədiyini anlayır. Elgünlə bağlı o qədər arzumuz, o qədər dualarımız vardı ki... Həmin il istəyirdim ona xonça alım. Qismət olmadı... O xonçanı Elgün şəhid olandan sonra aldım. Elgünün büküldüyü bayrağı həmin xonçaya qoyduq”.

Bacısı deyir ki, ailə Elgünün toy xonçasının şirinliyini dada bilməsə də, onun qazandığı Zəfərin sevincini bütün Azərbaycan yaşadı:

“Biz şirin xonçanın dadına baxa bilmədik. Elgünün xonçasını bütün Azərbaycan xalqı daddı. Elgün bu şəkildəki duruşu, gedişi ilə bütöv Azərbaycanı bərpa edənlərdən oldu, özünü hamı üçün sipər etdi. Bayraq yerə düşməsin deyə özü bayrağa bükülüb gəldi... Elgünlə bağlı bütün arzularımızı, xəyallarımızı sadəcə o xonçaya sığdırdıq”.

Aysel Quliyevanın sözlərinə görə, tarix müəllimi olan Elgün Azərbaycanın keçmişinə, milli dəyərlərinə xüsusi bağlılığı ilə seçilib. Bu bağlılıq onun dinlədiyi musiqidən geyiminə qədər özünü göstərib.

“Elgün tariximizə, keçmişimizə çox bağlı idi. Həmişə aşıq musiqilərinə, xalq mahnılarına qulaq asardı. Geyimlərində də milli ornamentlərə xüsusi diqqət edirdi. Bir milli papağı vardı. Döyüşə yollandığı gün onu mənə verdi və tapşırdı ki, təmiz, hündür bir yerə qoyum. Bəlkə də, kiməsə bunlar çox xırda detallar kimi görünə bilər. Amma bizim üçün belə deyil. Elgün fərqli biri idi. Əsl kişilik, mərdlik xüsusiyyətlərini özündə daşıyırdı. Əlbəttə, Elgünün cismən yoxluğu ilə təkcə bizim ailə deyil, Azərbaycan xalqı da qeyrətli, vicdanlı, əsl vətəndaşlarından birini itirdi”.

Şəhidin bacısı üçün ən böyük təsəllilərdən biri Elgünün illər keçsə də, unudulmaması, onun həyat yolunun tanımadığı insanlar tərəfindən də xatırlanmasıdır:

“Tək təsəllimiz Elgünün layiqli vətəndaşlar tərəfindən xatırlanmasıdır. Onun adının yaşadılması bizim üçün çox qiymətlidir. Bu işdə bizə kömək edən hər kəsə təşəkkür edirəm. Bizə göstərilən bu dəstək əvəzsizdir”.

Elgün ailənin üç qız övladından sonra dünyaya gələn yeganə oğul övladı olub. Bacısı onu ailənin bütün üzvlərini ətrafına toplayan bir işığa bənzədir:

“Elgün üç bacıdan sonra doğulmuşdu. Hər birimiz üçün sanki bir işıq idi, biz də onun işığına toplaşırdıq. Həmişə Elgünlə qürur duyurduq. Evimizə ilk gəlişi kimi son gedişi də fərqli oldu. Özündən sonra sonsuz bir qürur və bütün gənclərə örnək olacaq ömür yolu qoyub getdi. Allah bütün şəhid ailələrinə səbir, dözüm və güc versin. Allah bizi can parçalarımıza həmişə layiq etsin”.

Ailənin ürəyində qalan ən böyük nisgillərdən biri isə Elgünün ailə qurduğunu görə bilməmələridir.

“Elgünü evləndirə də bilməmişdik. Bu borcun altında qalmağımız bizi çox incidir. Onunla bağlı qurduğumuz ailə, toy arzularımız da yarımçıq qaldı”.

Aysel Quliyeva deyir ki, qardaşının fiziki yoxluğu ilə barışmaq çətin olsa da, onlar Elgünü Azərbaycanın hər yerində hiss edir:

“Elgün yanımızda yoxdur, amma bayrağımızda var, himnimizdə var, körpələrin gülüşündə var, açılan hər sabahda var.

Yeri gəlmişkən, yuxularıma da tez-tez gəlir. Əksər hallarda uşaqlıq vaxtımızda olduğu kimi birlikdə oyunlar oynadığımızı görürəm. Bir də 2020-ci ildən sonrakı hərbi əməliyyatlar zamanı onu yuxuda görürdüm. Gəlib bizimlə görüşürdü, silahını sazlayıb yenidən gedirdi.

Atam da nəsildə tək oğul idi. Elgün də bizim ailənin tək oğlu idi”.

Elgün Quliyev 1992-ci ilin 17 sentyabr tarixində Şamaxı rayonunun Göylər kəndində anadan olub. 1998-ci ildə T.Kərimov adına Şamaxı rayonu Göylər kənd 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. Sonrakı illərdə İsmayıllı və Şəki şəhərində orta məktəb təhsilini davam etdirib. Eyni zamanda 2008-ci ildə Şəki İslam Kollecindən məzun olub. 2009-cu ildə tam orta təhsilini başa vurduqdan sonra 2010-2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində tarix müəllimliyi ixtisasına yiyələnib. 2020-ci ildə müəllimlərin işə qəbul imtahanından keçərək Lerik rayonunun Sors kəndində işə qəbul olub. Elgün Quliyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Elgün Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  müvafiq sərəncamlarına əsasən Elgün Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Quliyev Elgün 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin şok planı üzə çıxdı - 32 ölkə qorxuya düşdü