Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfərinə növbəti region səfəri kimi baxmaq doğru olmazdı. Bu səfər həm daxili auditoriyaya, həm region dövlətlərinə, həm də daha böyük geosiyasi mərkəzlərə ünvanlanan çoxşaxəli mesajlar sistemi idi.
Naxçıvan bu dəfə Azərbaycanın qədim diyarı olmaqla yanaşı, həm də ölkəmizin gələcək geoiqtisadi arxitekturasının əsas qovşaqlarından biri kimi təqdim edildi.
Prezidentin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər isə səfərin siyasi fəlsəfəsini daha aydın göstərdi.
Öncədən onu vurğulayaq ki, əslində, İlham Əliyev Naxçıvandan gələcəyin Azərbaycanının konturlarını göstərdi.
Bu konturlarda çox şey, sülh, güc, enerji, dəmir yolu, yeni sənaye modeli var. Sosial rifah, turizm, şəhərsalma, hərbi təhlükəsizlik, milli yaddaş və tarixi kimlik də bu modelin ayrılmaz hissəsidir.
Naxçıvan səfərinin əsas mesajını bir cümlə ilə ifadə etsək, Azərbaycan yeni mərhələyə siyasi güclə yanaşı, geoiqtisadi güclə də daxil olur.
Sülh istəyən, amma gücünü də gizlətməyən Azərbaycan
İlham Əliyevin diplomatiyasının mühüm xüsusiyyətlərindən biri sülhlə güc arasında balans yaratmasıdır. Naxçıvanda AzTV-yə verdiyi müsahibəsində bunu açıq görmək olur. İlham Əliyev diplomatiyasının dili ilk növbədə əməkdaşlıq, qonşuluq, birgəyaşayış, qarşılıqlı fayda və regional inteqrasiyadır. Amma bu siyasətin arxasında güclü dövlətin siyasi iradəsi dayanır. Azərbaycan sülh təklif edəndə bunu zəif olduğu üçün etmir. Əksinə, öz gücünə arxayın olduğu üçün sülhü strateji seçim kimi irəli sürür. Bu, çox mühüm fərqdir. Çünki müasir beynəlxalq münasibətlər sistemində sülhün dayanıqlı olması üçün onun arxasında siyasi iradə, iqtisadi imkan və təhlükəsizlik potensialı dayanmalıdır. Prezidentin “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir” mesajı da bu mənada ayrıca diqqət çəkirdi. Naxçıvanda hərbi potensialın bundan sonra da gücləndiriləcəyinin bildirilməsi təsadüfi sayıla bilməz. Bu, kiməsə qarşı müharibə anonsundan daha çox, sülhün təhlükəsizlik təminatı kimi oxunmalı və qəbul edilməlidir.
Başqa sözlə, Bakı regiona belə bir siyasi formul təqdim edir: əməkdaşlıq üçün qapımız açıqdır, bununla belə Azərbaycanın milli maraqlarının qorunması müzakirə mövzusu deyil.
İlham Əliyevin diplomatiyasında səmimiyyət qarşılıqlı səmimiyyət, əməkdaşlıq qarşılıqlı əməkdaşlıq, hörmət qarşılıqlı hörmət tələb edir. Azərbaycanla bərabərhüquqlu münasibət qurana Bakı eyni münasibətlə cavab verir. Təzyiq dili seçildikdə Azərbaycanın siyasi leksikonu da dəyişir. Son illərin hadisələri göstərib ki, Bakı həm yumşaq gücdən, həm iqtisadi diplomatiyadan, həm nəqliyyat diplomatiyasından, həm də sərt güc potensialından eyni strateji sistem daxilində istifadə edə bilir.

Naxçıvan - coğrafi ayrılıqdan geosiyasi üstünlüyə...
Uzun illər Naxçıvanın Azərbaycanın əsas ərazisindən ayrı düşməsi onun ən böyük coğrafi çətinliyi kimi qiymətləndirilirdi. Yeni mərhələdə isə həmin coğrafiya üstünlüyə çevrilir. Bu, Azərbaycan siyasətində baş verən ən maraqlı transformasiyalardan biridir. Dünənin tədric edilmiş coğrafiyası sabahın tranzit qovşağına çevrilir. Dünənin blokada anlayışını sabahın logistika mərkəzi əvəz edir. Dünənin sərhəd bölgəsi sabahın beynəlxalq nəqliyyat arteriyalarının kəsişmə nöqtəsi olur. Prezidentin “Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək” fikrinin strateji çəkisi də buradadır. Burada söhbət geoiqtisadi suverenlikdən gedir. İndiki dünyada dəmir yolu çəkən dövlət sadəcə yük daşımır. Marşrut yaradır, bununla ticarət axını əldə edir. Bu da öz növbəsində iqtisadi cazibə mərkəzinə çevrilir. Avtomatik olaraq iqtisadi cazibə sabaha güclü siyasi təsir imkanları vəd edir. Təbii ki, bölgədə və dünyada yeni konfiqurasiya quran İlham Əliyev uzaqgörənliyi dəmir yolunun sadəcə nəqliyyat infrastrukturu deyil, dövlətlərin geosiyasi çəkisini müəyyənləşdirən strateji alət olduğunu çoxdan hesablayıb. Prezidentin bir çox beynəlxalq qurumların Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərdiyini deməsi bu mənada mühüm siqnaldır. Beynəlxalq maraq varsa, deməli, söhbət lokal layihədən çıxaraq transregional layihəyə çevrilir. Naxçıvan bu modeldə Azərbaycanı Türkiyə ilə, Türkiyə vasitəsilə Avropa ilə, digər istiqamətlərdə isə daha geniş Avrasiya coğrafiyası ilə bağlayan strateji körpü rolunu gücləndirir.
Beləliklə, Azərbaycan xəritədəki mövqeyini iqtisadi kapitala çevirir. Bunu coğrafiyanın monetizasiyası da adlandırmaq olar.
Zəngəzur dəhlizi - yeni iqtisadi arxitektura
Prezidentin “Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub” deməsi də təsadüfi xatırlatma deyildi. Bu, birbaşa siyasi müəlliflik mesajıdır. Bakı bununla bildirir ki, postmünaqişə dövrünün regional bağlantı modelinin əsas ideyalarından biri Azərbaycandan gəlib. Eyni zamanda Zəngəzur dəhlizi Şərqi Zəngəzurla Naxçıvan arasında bağlantı məsələsi deyil. Onun potensialı bundan qat-qat böyükdür. Bu xətt tam işlək regional kommunikasiya sisteminə çevrilərsə, Türkiyədən Azərbaycana, oradan Xəzər hövzəsinə və daha geniş Asiya məkanına uzanan logistika zəncirinin mühüm halqası formalaşa bilər. Bu isə Azərbaycanın tranzit dövlət statusundan tranzit güc statusuna keçidini sürətləndirə bilər.
Burada bir məqamı xüsusuilə vurğulamaq istərdim. Bilmək lazımdır ki, bu iki anlayış arasında çox böyük böyük fərq var. Tranzit dövlətin ərazisindən yük keçir. Tranzit güc isə yükün hansı marşrutla, hansı sürətlə və hansı iqtisadi sistem daxilində hərəkət etməsində strateji əhəmiyyət qazanır. Azərbaycanın hədəfi məhz ikinci modeldir. Naxçıvan bu modelin açar nöqtələrindən biridir.
Ermənistana verilən mesaj
Naxçıvan səfərində Ermənistan istiqamətində oxuna biləcək mesajların da xüsusi çəkisi var. Bakı uzunmüddətli sülhün sənədlərdə əks olunması ilə kifayətlənmir, qarşılıqlı iqtisadi maraqların yaranması ilə möhkəmlənəcəyini göstərir. Aksiomadır ki, iqtisadi əlaqələr nə qədər geniş olarsa, münasibətlər də o qədər istiləşər. Bu mənada vurğulanır ki, nəqliyyat kommunikasiyalarının açılması Ermənistan üçün də yeni imkan yaradır.
Paralel olaraq enerji əməkdaşlığı da gələcək münasibətlər sisteminin elementlərindən birinə çevrilə bilər. Azərbaycanın təklif etdiyi model əslində sadədir, qarşıdurmanın iqtisadiyyatından əməkdaşlığın iqtisadiyyatına keçmək təklifi müsadadır. Təbii ki, bunun üçün qarşılıqlı siyasi iradə tələb olunur. Bakı sülh istəyini qalib dövlətin gələcək seçimi kimi təqdim edir. Burada Qərbi azərbaycanlıların qayıdışı məsələsi də ayrıca humanitar-siyasi xətt olaraq qalır. Azərbaycanın rəsmi yanaşmasında bu məsələ ərazi iddiasından uzaq, insanların təhlükəsiz, ləyaqətli və sülh yolu ilə öz doğma yurdlarına qayıtmaq hüququ kontekstində təqdim edilir.
Bu baxımdan gələcək Azərbaycan-Ermənistan münasibətlərinin keyfiyyəti yalnız sərhədlərin açılması ilə dəyərləndirilmir, iki cəmiyyət arasında etimadın hansı səviyyədə qurulması ilə də ölçüləcək.
Metsamor AES ətrafında uzun illər səsləndirilən təhlükəsizlik narahatlıqları isə göstərir ki, iki ölkə arasında gələcək gündəlik təkcə siyasi məsələlərdən ibarət olmayacaq. Ekoloji təhlükəsizlik, nüvə təhlükəsizliyi, su ehtiyatları və transsərhəd risklər də yeni regional dialoqun mövzularıdır. Yəni gələcəyin təhlükəsizlik anlayışı yalnız əsgər və sərhəddən ibarət olmayacaq. Ekoloji təhlükəsizlik də milli təhlükəsizlikdir.

Enerji diplomatiyasının yeni mərhələsi
Prezidentin Naxçıvanda ən çox diqqət çəkdiyi istiqamətlərdən biri enerji oldu. Azərbaycan artıq uzun illərdir neft və qaz ixracatçısıdır. Ancaq yeni strategiya klassik karbohidrogen modelindən daha genişdir. Buraya günəş, külək, elektrik, yaşıl enerji və enerji saxlama və ötürmə infrastrukturu daxildir.
Başqa sözlə, Azərbaycan postneft dövrünə neftdən imtina etməklə deyil, neftdən əldə etdiyi imkanları yeni enerji iqtisadiyyatına çevirməklə hazırlaşır. Bu, strateji baxımdan çox mühüm yanaşmadır. Prezidentin Naxçıvanı günəş enerjisi istehsalı üçün Azərbaycanın ən əlverişli məkanı kimi göstərməsi də gələcəyin iqtisadi xəritəsinə işarədir. Naxçıvan gələcəkdə enerji istehsal edən və ixrac potensialı formalaşdıran məkan ola bilər. Azərbaycanın məqsədi digər dövlətləri birtərəfli asılı vəziyyətə salmaqdan daha çox, onların Azərbaycanla qarşılıqlı iqtisadi maraqlarını dərinləşdirən sistem qurmaqdır. Enerji ixracı dövlətlər arasında qarşılıqlı asılılıq yaradır. Əlbəttə ki, qarşılıqlı asılılıq isə düzgün idarə olunduqda siyasi münasibətlər üçün əlavə sabitlik mexanizminə çevrilir. Bir ölkənin işığı, sənayesi və iqtisadiyyatı digər ölkədən gələn enerji marşrutuna bağlandıqca həmin marşrutun geosiyasi çəkisi artır. Azərbaycan məhz belə bir enerji coğrafiyası formalaşdırır. Prezidentin “yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur” fikri bu özünəinamın ifadəsidir. Bu, resurs zənginliyindən daha çox enerji suverenliyidir. İndi bütün dünya qəbul edir ki, enerji suverenliyi müasir dünyada siyasi suverenliyin ən güclü dayaqlarından biridir.
100 faiz qazlaşma nə deməkdir?
Prezidentin Naxçıvanda qazlaşmanın 100 faizə çatdığını vurğulaması ilk baxışda sırf sosial göstərici təsiri bağışlaya bilər. Əslində bu rəqəmin də daha geniş siyasi mənası var. Enerji infrastrukturu dövlətin vətəndaşa nə qədər yaxınlaşdığını göstərən göstəricilərdən biridir. Yol, qaz, elektrik, su, internet və sosial xidmətlər müasir dövlətin görünən tərəfidir. Vətəndaş dövləti ilk növbədə gündəlik həyatında hiss edir. Böyük dövlət strategiyasının gücü də məhz bu iki miqyası birləşdirə bilməsindədir.
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan, üç coğrafiya, bir məkan
Prezidentin ən maraqlı tezislərindən biri Naxçıvanın, Şərqi Zəngəzurun və Qarabağın vahid konsepsiya əsasında inkişaf etdirilməsi ilə bağlıdır. Bu fikir yeni iqtisadi düşüncə modelindən xəbər verir. Burada regionlara ayrı-ayrı inzibati vahidlər kimi deyil, bir-birini tamamlayan inkişaf platformaları kimi yanaşılır. Qarabağın bərpa modeli Naxçıvan üçün müəyyən istiqamətlərdə nümunə ola bilər. Naxçıvanın uzun illər formalaşdırdığı iqtisadi və sosial təcrübə isə başqa istiqamətlərdə ümumi modelə töhfə verə bilər. Şərqi Zəngəzur bu iki coğrafiya arasında strateji bağlantı funksiyası qazana bilər.
Beləliklə, üç məkan arasında inkişaf sinerjisi yaranır. Bu modelə yaşıl enerji, ağıllı şəhər texnologiyaları, rəqəmsal idarəçilik, müasir nəqliyyat, turizm, sənaye və kənd təsərrüfatı klasterləri daxil edilə bilər. Nəticədə Azərbaycanın qərb və cənub-qərb coğrafiyasında yeni iqtisadi ağırlıq mərkəzi formalaşacaq. Bu, Bakının yükünün azaldılması və regionların iqtisadi çəkisinin artırılması baxımından da əhəmiyyətlidir. Azərbaycanın gələcək inkişaf modeli yalnız paytaxtmərkəzli ola bilməz. Güclü Azərbaycan üçün güclü regionlar lazımdır.
Naxçıvanın 2044-cü il xəritəsi
Səfər zamanı Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planla tanışlıq ayrıca siyasi məna daşıyırdı. Şəhərsalma əslində gələcəyin planlaşdırılmasıdır. Dövlət bir şəhərin 2044-cü ildə necə görünəcəyini bu gündən düşünürsə, burada söhbət cari idarəçilikdən yox, uzunmüddətli strateji planlaşdırmadan gedir. Müasir şəhər formatı binaların çoxluğu ilə məhdudlaşmır. Müasir şəhər rahat nəqliyyat, yaşıl zona, rəqəmsal xidmət deməkdir. Enerji effektivliyi, turizm infrastrukturu və insan üçün komfortlu yaşayış mühiti deməkdir. Naxçıvanın inkişaf konsepsiyasının mahiyyətində də bu komponentlərin bir sistemdə birləşdirilməsi dayanır.
Turizm - Naxçıvanın hələ tam açılmamış kapitalı
Naxçıvanın ən böyük iqtisadi ehtiyatlarından biri turizmdir. Bu diyarın tarixi, təbiəti, dini abidələri, memarlıq məktəbi, mətbəxi var. Naxçıvanda Duzdağı, Əlincə qalası, Möminə xatun türbəsi, Əcəmi Naxçıvani irsi var. Bütün bunlar ayrı-ayrılıqda turizm obyektləridir, birlikdə isə böyük mədəni turizm ekosistemi yarada bilər. Yeni mehmanxanaların, yolların, nəqliyyat sisteminin və şəhər infrastrukturunun yaradılması həmin potensialın iqtisadi dəyərə çevrilməsinə xidmət edir. Naxçıvan tranzit mərkəzi olacağı qədər turizm destinasiyasına da çevrilə bilər. Gələcəyin iqtisadiyyatında turist də bir növ ixracdır.
Tarixlə gələcək eyni kadra yerləşdirildi
Prezidentin səfərində diqqət çəkən başqa bir xətt milli-mənəvi məsələlər idi. Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanışlıq, Əcəmi Naxçıvaninin abidəsinin açılışı və tarixi irsə göstərilən diqqət təsadüfi protokol elementləri sayıla bilməz. Burada dövlətçilik fəlsəfəsinin başqa bir tərəfi görünür. Azərbaycan modernləşir, amma yaddaşını silərək modernləşmək istəmir. Əksinə, milli yaddaşı modern inkişafın mənəvi dayağına çevirməyə çalışır. Bir əldə modern dünya, digər əldə milli kimlik var. Nə yaxşı ki, bugünkü Azərbaycan modelini ifadə edən və bizə hava, su kimi lazım olan formula qurulub. Prezident bununla cəmiyyətə də mesaj verir ki, müasir olmaq milli olmaqdan imtina etmək deyil. Texnologiya milliliyin alternativi ola bilməz. Əksinə, qlobal dünyada öz simasını qorumağı bacaran xalqlar daha dayanıqlı olur. Köksüz modernləşmə təqlid, köklərinə söykənən modernləşmə isə milli inkişaf modeli yaradır. Naxçıvan səfərində bu iki xətt, tarix və gələcək, eyni siyasi kompozisiyada birləşdirildi.
Prezidentin region səfəri niyə beynəlxalq hadisəyə çevrilir?
İlham Əliyevin son illərdə Azərbaycanın regionlarına səfərləri tək daxili informasiya gündəliyi yaratmır. Bunun səbəbi Azərbaycanın regional çəkisinin dəyişməsidir. Azərbaycanın daxilində tikilən dəmir yolu qonşu dövlətlərin logistika hesablamalarına təsir göstərəcək. Naxçıvanda qurulan enerji infrastrukturu gələcək regional enerji xəritəsinin elementinə çevriləcək. Zəngəzur dəhlizi haqqında Naxçıvanda deyilən bir cümlə Ankara, İrəvan, Brüssel, Mərkəzi Asiya paytaxtları və digər siyasi mərkəzlərdə diqqətlə izlənilir. Deməli, Azərbaycanın daxili inkişaf layihələri getdikcə daha çox xarici siyasət nəticələri yaradır. Bunu daxili inkişafın geosiyasiləşməsi adlandırmaq mümkündür. Azərbaycan ərazisində tikilən yol beynəlxalq dəhlizin hissəsinə çevrilirsə, dünya iqtisadiyyatının maraq obyektinə çevrilir. Tikilən elektrik stansiyası bir rayonun ehtiyacını ödəmək təyinatını adlayaraq gələcək ixrac potensialına xidmət edirsə, artıq enerji diplomatiyasının elementidir. Naxçıvan Sənaye Parkı da postneft iqtisadiyyatının regional dayaqlarından biri kimi qiymətləndirilə bilər.

Postneft dövrünün Naxçıvan modeli
Azərbaycanın qarşısında dayanan əsas strateji məsələlərdən biri postneft dövrünə hazırlıqdır. Neft Azərbaycanın inkişafında böyük tarixi rol oynayıb və oynamaqda davam edir. Ancaq gələcəyin iqtisadi tək yeraltı sərvətin miqdarı ilə ölçülməyəcək. Logistika, texnologiya, insan kapitalı, yaşıl enerji, sənaye, turizm və xidmət sektoru vacib olacaq. Azərbaycan məhz bu səbəbdən neft kapitalını infrastruktur kapitalına, infrastruktur kapitalını isə uzunmüddətli geoiqtisadi üstünlüyə çevirməyə çalışır. Naxçıvan bu transformasiyanın sınaq meydanlarından biri olacaq. Əgər bölgə enerji istehsalçısına, logistika qovşağına, turizm mərkəzinə və sənaye platformasına eyni vaxtda çevrilərsə, burada çoxşaxəli iqtisadi model yaranacaq. Bütün bunlar postneft dövrünün ən vacib şərtidir.
Naxçıvandan verilən daxili mesaj
Səfərin yalnız xaricə ünvanlandığını düşünmək də yanlış olardı. Burada Azərbaycan cəmiyyətinə verilən çox aydın mesajlar var. Birinci mesaj budur ki, ölkənin heç bir regionu ümumi inkişaf strategiyasından kənarda qalmayacaq. İkinci mesaj budur ki, sosial rifah iqtisadi inkişafın son məqsədlərindən biridir. Üçüncü mesaj budur ki, təhlükəsizliklə inkişaf paralel getməlidir. Dördüncü mesaj milli kimliyin qorunması ilə modernləşmənin bir-birinə zidd olmadığıdır. Beşinci mesaj isə gələcəyin Azərbaycanının Bakıdan ibarət olmayacağıdır. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni iqtisadi məkanlar ölkənin ümumi inkişaf coğrafiyasını genişləndirir.
Prezidentin Naxçıvana 17-ci səfərini vurğulaması da bölgəyə münasibətdə siyasi ardıcıllığın nümayişidir. Səfərlərin sayı burada Naxçıvan məsələsinin dövlət siyasətində davamlı prioritet olduğunu göstərən siyasi göstəricidir.
Xalq - Prezident birliyi siyasi kapital kimi
İlham Əliyevin diplomatiyasının arxasında duran mühüm amillərdən biri daxili siyasi dayanıqlıqdır. Xarici siyasətdə güclü mövqe yalnız diplomatik masada yaranmır. Onun arxasında iqtisadi imkanlar, ordu, dövlət institutları və ictimai dəstək dayanır. Azərbaycanın son illərdə formalaşdırdığı siyasi modeldə xalq-dövlət birliyi ayrıca strateji kapitala çevrilib. 2020-ci ilin Vətən müharibəsi bunun ən açıq nümunəsini göstərdi. Daxildə konsolidasiya güclü olduqda xarici təzyiqlərə davamlılıq da yüksəlir. Bu səbəbdən Prezidentin regionlara səfərlərində vətəndaşın sosial həyatına aid məsələlərlə böyük geosiyasi məsələlərin eyni gündəmdə olması təsadüfi sayıla bilməz.
Sonda mütləq vurğulamalıyıq ki, 11 avqust səfəri bir daha göstərdi ki, Naxçıvan Azərbaycan siyasətində yeni regional düzənin mərkəzi nöqtələrindən birinə çevrilir.
Burada təhlükəsizliklə iqtisadiyyat, enerji ilə diplomatiya, dəmir yolu ilə geopolitika, tarixlə modernləşmə birləşir. Milli kimliklə qloballaşma arasında Azərbaycan modeli qurulur.
Prezident İlham Əliyevin Naxçıvandan verdiyi mesajların mahiyyətində də məhz bu kompleks yanaşma dayanır.
Bəli, Azərbaycan sülh istəyir, amma təhlükəsizliyini başqasının xoş niyyətinə bağlamaq istəmir.
Bəli, Azərbaycan əməkdaşlıq təklif edir, amma milli maraqlarından geri çəkilməyi əməkdaşlığın şərti kimi qəbul etmir.
Bəli, Azərbaycan enerji satmaq istəyir, amma bununla yanaşı regional enerji arxitekturasında söz sahibi olmağı hədəfləyir.
Bəli, Azərbaycan dəmir yolu tikir, amma qitələrarası iqtisadi axınların istiqamətini düşünür.
Bəli, Azərbaycan Naxçıvanı inkişaf etdirir, amma bütöv ölkənin yeni iqtisadi coğrafiyasını qurur.
Bəli, Azərbaycan tarixini qoruyur, çünki gələcəyə kimliyini itirərək getmək istəmir.
Əcəmi Naxçıvaninin abidəsi ilə günəş elektrik stansiyasının eyni səfər proqramında yer alması bu dövlət fəlsəfəsinin ən dəqiq təsvirlərindən biridir. Azərbaycan gələcəyə gedir, amma keçmişini arxada qoymur.
Naxçıvan isə bu siyasətin böyük vitrininə çevrilir. Dünən blokada Naxçıvanın əsas geosiyasi problemi idi. Sabah Naxçıvanın mərkəzə çevrilməsi onun əsas geoiqtisadi üstünlüyü olacaq. Dünən Naxçıvana çatmaq çətinliyi müzakirə edilirdi. Sabah Naxçıvandan hansı istiqamətlərə çıxışın mümkün olacağı müzakirə ediləcək.
Tarixi trayektoriyanın dəyişməsi budur.
Və Prezident İlham Əliyevin 11 avqust səfərinin ən böyük siyasi mesajı bəlkə də məhz budur:
Azərbaycan coğrafiyanın ona yaratdığı problemlərlə yaşamaq istəmir, Azərbaycan coğrafiyanı öz üstünlüyünə çevirir.
Naxçıvandan verilən mesaj təkcə Naxçıvan haqqında deyildi. Bu mesaj bütöv Azərbaycanın özü haqqında idi.
Bu, postmünaqişə dövründən postneft dövrünə, enerji ixracatçısından enerji mərkəzinə, tranzit ölkədən logistika gücünə, regional dövlətdən daha geniş geoiqtisadi təsir imkanlarına malik Azərbaycana keçidin mesajı idi.