Modern.az

Rusiya Azərbaycan vətəndaşını zorla müharibəyə göndərir - GÖRÜNTÜ 

Rusiya Azərbaycan vətəndaşını zorla müharibəyə göndərir - GÖRÜNTÜ 

Diaspor

Bu gün, 15:15

Rusiya Azərbaycan vətəndaşını zorla Ukraynadakı müharibəyə aparır.

Modern.az-ın əldə etdiyi məlumata görə, Rusiya ordusunda xidmət edən Azərbaycan vətəndaşı Tural Həqiqət oğlu Əliyev hərbi komandanlıq tərəfindən qanunsuz şəkildə müharibə zonasına göndərildiyinə dair videomüraciət yayımlayıb.

1994-cü il oktyabrın 20-də anadan olan Tural Əliyev Azərbaycan vətəndaşı olsa da, 2023-cü ildə Rusiya Ordusunda müqaviləli hərbi xidmətə başlayıb. O bir neçə dəfə hücum əməliyyatlarında iştirak edib.

O, hərbi xidmətdən rəsmi şəkildə azad edilməsinə baxmayaraq, barəsində qanunsuz olaraq "hərbi hissəni özbaşına tərk etmə" ittihamının irəli sürüldüyünü bildirib. Hazırda isə onun iradəsinə zidd olaraq döyüş bölgəsinə, “Ştorm V” həmlə qrupuna göndərildiyi iddia olunur.

Azərbaycan vətəndaşı bildirib ki, pasportunun müddəti başa çatıb və onun hərbi bileti yoxdur. İddiasına görə, əvəzində ona heç vaxt sahib olmadığı sənədin dəyişdirilməsi barədə saxta arayış verilib və bundan sonra yenidən döyüş bölgəsinə göndərilib.

Azərbaycan vətəndaşı Rusiya ordusunda sistemli qanunsuzluqlardan, sənədlərin saxtalaşdırılmasından, qanunsuz şəkildə istintaq təcridxanasında saxlanılmasından və komandanlıq tərəfindən təhdidlərə məruz qalmasından danışıb.

Tural Əliyev müraciətində bildirib ki, o sonuna qədər mübarizə aparacaq.

“Məni aradan götürmək istəyirsiniz? Bilin ki, sizin bütün köpəklərinizi özümlə o biri dünyaya aparacağam. Artıq itirəcək heç nəyim yoxdur”, - o videomüraciətində deyib.

Onun iddiasına görə, 2 may 2026-cı ildə ona birbaşa “səni aradan götürmək istəyirlər” deyilib. Əliyev bunun onun komandanlıqla bağlı kompromat xarakterli məlumatlara malik olması və baş verənləri ictimailəşdirməsi ilə əlaqəli olduğunu bildirib.

Tural Əliyev həmçinin prokurorun uzun müddət hərbi hissənin komandanlığına təzyiq göstərdiyini iddia edir. Onun sözlərinə görə, prokuror onu ya cəbhə xəttinə göndərməyi, ya da yenidən istintaq təcridxanasına qaytarmağı tələb edib. Azərbaycan vətəndaşı bildirir ki, bu proseslər Rusiya müdafiə nazirinin onun hərbi xidmətdən azad edilməsi barədə əmrinə və məhkəmənin işi üzrə cinayət prosesini dayandırmasına baxmayaraq baş verib.

Əliyevin sözlərinə görə, onun işi ilə bağlı təxminən 40 məhkəmə iclası keçirilib. O, bu iclaslarda hüquqlarının və təqdim etdiyi sübutların nəzərə alınmadığını, bəzi sənədlərin isə saxtalaşdırıldığını iddia edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Elçibəy davası pik həddə çatdı - Nemət Pənahlıdan şok açıqlamalar