Bu gün Laçın Şəhəri Günüdür. Laçının doğma sakinləri ilə yanaşı, şəhəri yaxından tanımaq və onun yenidən qurulan simasını görmək imkanı qazanan gənclər üçün də bu şəhərin xüsusi yeri var. Yaxın günlərdə keçirilən Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi çərçivəsində müxtəlif ölkələrdən olan gənclər bir həftə ərzində Laçında qalıblar.
Gənclər düşərgə müddətində Laçının tarixi və mədəni məkanları ilə tanış olub, şəhərin bərpa prosesini yaxından izləyiblər. Onlar “Lachin Resort&Spa Hotel”də məskunlaşıb, Hoçazfilm, “Yurd” Qalereyası və digər məkanlara səfər edərək Laçının həm keçmişi, həm də bu günü ilə bağlı yeni təəssüratlar qazanıblar.
Modern.az gənclərin Laçın haqda təəssüratlarını öyrənib.
Düşərgə iştirakçısı Türkiyə vətəndaşı Rüqəyya Bəyazid
“Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Dirçələn Şəhərlər" - Diaspor Gənclərinin VII Yay Düşərgəsi çərçivəsində addımladığım Laçın torpağı mənim üçün sadəcə bir coğrafiya yox, böyük bir qürur və bütövlük simvoludur. Sıldırım qayaları, səs-küylü çayları və yaşıl meşələri ilə təbiətin ən səxavətli pay verdiyi bu torpaqda Türkiyəni təmsil etmək, bu dirçəlişə yerində şahidlik etmək mənim üçün unudulmaz bir təcrübə oldu.
Düşərgə müddətində şəhərin küçələrində gəzdikcə zamanın və tarixin burada necə yenidən canlandığını hiss etdik. Dağılmış evlərin yerində ucalan modern binalar, tarixi görkəmini qoruyaraq bərpa edilən küçələr şəhərə tamamilə yeni, lakin köklərinə sadiq bir ruh verir. Dumanlı dağların ətəyində qurulan bu yeni həyat, keçmişin ağrılarını sağaldaraq gələcəyə inamla baxan bir xalqın gücünü və birliyini göstərir.
Laçında keçirdiyimiz günlərdə hətta ekoloji aksiyalarda iştirak edərək təbiətin təmizliyinə kiçik də olsa öz töhfəmizi verdik, Həkəri çayının şırıltısı fonunda fərqli ölkələrdən gələn diaspor gəncləri ilə bir araya gəldik. Bura təkcə yaşayış yeri deyil, hər bir azərbaycanlının ruhunun dincəldiyi, öz köklərinə bərk-bərk sarıldığı xüsusi bir məkandır.
Bugünkü Laçın Şəhəri Günü sadəcə bir təqvim tarixi deyil; yenidən doğuluşun, quruculuğun və həmrəyliyin bayramıdır. Dünyanın müxtəlif yerlərindən gələn gənclər olaraq bu torpaqda addımlamaq, onun təmiz havasını udmaq və yenidən gülüş səsləri ilə dolan küçələrinə şahidlik etmək bizim üçün böyük bir səadətdir. Laçın artıq yalnız xatirələrdə yaşamır, o, reallığın ən gözəl və canlı parçasına çevrilib.
Laçın Şəhəri Günümüz mübarək olsun”.
Çində yaşayıb təhsil alan Məhəmməd Məmmədov
“Laçın şəhərində əvvəl də olmuşdum, lakin yenidən ora gəlməyi səbirsizliklə gözləyirdim. İstər əsrarəngiz təbiəti, istərsə də Qarabağın ürəyimizdəki xüsusi yeri məni həmişə bu torpaqlara cəlb edir.
Laçında olarkən sanki bu torpaqların, əcdadlarımızın gəzdiyi və uğrunda qanların töküldüyü bu məkanın tarixi gözlər önündə canlanır. Ən çox diqqəti cəlb edən isə, məncə, dağlardır. Onlar Laçının əzəmətini nümayiş etdirir və şəhərə xüsusi bir gözəllik qatır.
Şəhərdə aparılan quruculuq işləri də insanı çox sevindirir. Əvvəlki dağıntıları gördükdə insanda nə qədər kədər hissi yaranırsa, bu gün yeni tikililəri və inkişaf edən şəhəri görmək bir o qədər fərəh hissi doğurur. Laçının yenidən qurulduğunu öz gözlərimizlə görmək həqiqətən qürurverici idi.
Düşərgədə dünyanın müxtəlif ölkələrindən gələn gənclərlə birlikdə iştirak edirdik. Hər kəsin Laçınla bağlı çox müsbət təəssüratları var idi. Düşünürəm ki, bunun əsas səbəblərindən biri də harada yaşamağımızdan asılı olmayaraq Azərbaycana bağlı insanlar olmağımızdır. Dünyanın hansı ölkəsindən gəlməyimizdən asılı olmayaraq, Vətənin bizim üçün hər zaman xüsusi yeri var.
Hazırda Çində yaşayıram. Çin də əsrarəngiz təbiətə malik ölkələrdən biridir. Orada müxtəlif yerləri gəzirəm və bəzən gördüklərimə heyran qalıram. Amma etiraf etməliyəm ki, Qarabağ, xüsusilə də Laçın mənim üçün çox xüsusi hisslər oyadır. Buradakı təbiətə yalnız gözəllik kimi baxmıram; bu torpaqların bizim üçün daşıdığı tarix və məna da insanın hisslərinə təsir edir.
Düşərgə mənim üçün əsrarəngiz və unudulmaz idi. Burada qazandığım dostluqlar və topladığım xatirələr Laçını mənim üçün daha da xüsusi edəcək. İnanıram ki, illər sonra geriyə baxanda “mənim də Laçında xatirələrim var” deyəcəyəm. Bu düşüncə belə mənim üçün çox gözəl hissdir”.
Fransada təhsil alan Şəhla Ələsgərli:
“Mən Şəhla. 19 yaşım var. Paris-Saclay Universitetində birinci kursumu bitirmişəm və hüquq, eləcə də ingilis dili və ədəbiyyatı üzrə təhsil alıram. Bu yay isə mənim üçün universitet auditoriyalarından çox uzaqda, Azərbaycanın ən gözəl və ən təsirli guşələrindən birində — Qarabağda və Şərqi Zəngəzurda keçdi.
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi Diaspor Gənclərinin Yay Düşərgəsi çərçivəsində biz dünyanın müxtəlif ölkələrindən gəlmiş azərbaycanlı gənclərlə birlikdə Azərbaycanın bu gün yenidən qurulan torpaqlarını görmək imkanı qazandıq. Bu səfərlərin içərisində mənim üçün xüsusilə yadda qalan yerlərdən biri Laçın oldu.
Laçına gedərkən məni ilk təsirləndirən onun təbiəti idi. Dağların arasında yerləşən bu şəhərdə sanki hər tərəf insana başqa bir mənzərə göstərir. Yaşıl yamaclar, dağların əzəməti, təmiz hava və Həkəri ilə bağlı mənzərələr Laçını sadəcə gözəl bir şəhər deyil, təbiətlə insanın bir-birinə qarışdığı bir məkan kimi göstərir. Amma mənim üçün Laçının gözəlliyi yalnız onun təbiətində deyil.
Laçında gördüyüm ən təsirli şeylərdən biri keçmişlə gələcəyin eyni məkanda yanaşı dayanması idi. Biz “Hoçazfilm” yaradıcılıq studiyası kimi yeni yaradılan məkanlarla tanış olduq. Bu cür yerlər mənə göstərdi ki, Laçının yenidən qurulması yalnız binaların, yolların və infrastrukturların yaradılması demək deyil. Burada eyni zamanda mədəniyyət, incəsənət, yaradıcılıq və yaddaş yenidən qurulur. “Hoçazfilm”in məqsədlərindən biri də bölgənin tarixini və təbiətini audiovizual vasitələrlə gələcək nəsillərə çatdırmaqdır.
“Gilabi Ceramics” kimi yaradıcılıq məkanlarında isə Laçının özünə aid motivlərin sənətdə yaşadıldığını gördük. Keramika nümunələrində Laçın folklorunun, memarlıq elementlərinin və yerli naxışların əks olunması mənə xüsusilə təsir etdi. Çünki bəzən bir şəhərin tarixini qorumağın ən gözəl yolu onu sadəcə danışmaq yox, onu yaratmaqdır. Mən Parisdə yaşayıram və təhsil alıram. Hər gün başqa bir şəhərin küçələrində, başqa bir mədəniyyətin içində oluram. Amma Laçında mənim üçün çox fərqli bir hiss yarandı. Orada mən Azərbaycanın sadəcə xəritədə yerləşən bir ərazisini deyil, canlı bir yaddaşını gördüm.
Bəlkə də buna görə Laçın haqqında danışarkən yalnız “gözəldir” demək kifayət etmir. Çünki Laçının gözəlliyi dağlarında, meşələrində və bulaqlarında olduğu qədər, onun yenidən qurulan küçələrində, yaradıcılıq məkanlarında və oraya qayıdan həyatdadır.
Məncə, Laçının ən böyük gözəlliyi məhz budur: o, keçmişini unutmadan gələcəyə baxır.
Və mən Laçından ayrılarkən bir şeyi düşündüm: insan doğulduğu və ya yaşadığı yerdən uzaqda ola bilər, amma bəzi yerlər insana aid olmaq üçün orada doğulmağı tələb etmir.
Bəzən bir neçə saatlıq səfər belə bir şəhəri yaddaşında ömürlük saxlamağa kifayət edir.
Mənim üçün Laçın artıq sadəcə Azərbaycanın xəritəsində bir şəhər deyil.
Laçın mənim üçün yaddaş, təbiət, mədəniyyət və gələcək deməkdir”.
Nicat Rüstəm