Min illərdən üzü bəri özünə haqq qazandıra-qazandıra gələn bir atalar sözü də var: “Qılınc yarası sağalar, söz yarası sağalmaz.”
Əkrəm Əylisli “Daş yuxuları” ilə xalqımıza qılıncla vurulan yaradan betər bir yara vurdu, sözdan bir yumaq bağlayıb “daş” atdı hər birimizə. Bu yara sancdı ürəyimizi, bu daş silkələdi beynimizi. Bizi ağrıtdı, erməniləri sevindirdi, onlara “abidə” qoydu! Bunu dana bilmərik...
Beləcə, bir yazıçının gecənin zil qaranlığında gördüyü “Daş yuxular” neçə gündür aləmi qatıb bir-birinə. Hiddətləndirib, qəzəbləndirib. Mən də bir Azərbaycan gənci kimi bu etirazla həmrəyəm. İndi hər kəs bu əsəri müxtəlif aspektlərdən təhlil edir. Mən “Daş yuxular”a, həm də bir milyon qaçqın və məcburi köçkünün gözü ilə baxmaq istəyirəm. Çünki özüm də o ağrını yaşayanlardan biriyəm. Bu əsər, bəlkə də, ən çox onları incidib, ən çox onları təhqir edib, ən çox onları aşağılayıb. Halbuki min bir məşəqqət görmüş (sadalamağa gərək yox!) bu insanları bu dərəcədə incitmək olmaz!.. Hətta sözlə belə olmaz!..
Söz dedim, yadıma SÖZ düşdü. Amma uca mərtəbədən deyilən SÖZ. Özü də çox uzaq dünəndə yox, bu yaxınlarda, daha dəqiq desəm, 2012-ci il dekabrın 27-də deyilən SÖZ! Həmin gün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınan yeni bir gözəl yaşayış məhəlləsinin açılış mərasimində Prezident İlham Əliyev çıxış etdi. Çıxışını bu cümlə ilə bitirdi: “İşğaldan əziyyət çəkən bütün soydaşlara bu gün öz salamlarımı, hörmətimi, məhəbbətimi bildirmək istəyirəm...”
Ulu öndərimiz Heydər Əliyev də belə idi! Onun qaçqın və məcburi köçkünlərə münasibətini, onlarla səmimi ünsiyyətini xatırlayırsınızmı? Dövlət başçısı kimi ilk dəfə Biləsuvara səfər edib, onların çadır düşərgələrindəki dözülməz şəraitini görəndə keçirdiyi hisslər xatirinizdədirmi? Necə sarsılmışdı! Necə kövrəlmişdi! Necə məhəbbətlə bağrına basmışdı o insanları! Hələ bir məcburi köçkün ananın sacda bişirdiyi yuxadan kəsib: ”Yadımdadır, mənim anam da belə edərdi...” söyləməsini unutmamısınız ki? Mən unutmamışam! Və heç vaxt da unutmaram! Bu, dövlət başçısının sadəliyi, böyüklüyü idi, insana xas olan aliliyi idi! Ölkə rəhbərinin öz vətəndaşına göstərdiyi insani münasibət idi! Bu jesti ilə onu deyirdi ki, siz mənim doğmamsınız, sizin dərdiniz mənim dərdimdir! Yalnız doğmalarla duz-çörək kəsərlər! Sonralar bu “doğmalıq” əmələ çevrildi. O böyük insan qaçqın və məcburi köçkünlər üçün qəsəbələr saldı, evlər tikdi! Onlara təsəlli verən işlər gördü! Amma SÖZündən də qalmadı! Onların xeyir-şərində iştirak etdi! Onlarla birgə qol qaldırıb rəqs etdi! Onların könlünü SÖZlə də aldı!..
Daha Rüstəm İbrahimbəyov kimi demədi ki: “Qaçqınlar gəlib Bakının qədim ansamblını pozdular...”
“Xalq yazıçısı” Əkrəm Əylisli isə “Daş yuxular”ı ilə şər atdı bu insanlara, onların dərdi ilə “oynadı”, onların daşdan keçən həqiqətlərini ayaqları altına atdı!...
Necə düşünürsünüz, bu söz yarası sağalacaqmı nə vaxtsa?..
Məncə isə... Biz, İnşallah, “Daş yuxular”ın vurduğu yaranı sağaldacağıq! Çünki bu, bir yuxudır! Hər yuxuya isə inanılmaz! Hər yuxu çin olmaz!..