ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Rusiyaya səfər edib. Səfərin məqsədinin Moskvanı NATO ölkələrinə qarşı mümkün hərbi eskalasiyadan çəkindirmək olduğu bildirilir.
Modern.az xəbər verir ki, bu barədə The Wall Street Journal və Politico nəşrləri mənbələrinə istinadən məlumat yayıb.
Nəşrlərin məlumatına görə, Retkliff Moskvaya xüsusilə Baltikyanı ölkələrə - Estoniya, Latviya və Litvaya qarşı mümkün hücumla bağlı Rusiya hakimiyyətinə xəbərdarlıq etmək məqsədilə gəlib.
“Görüş ilk növbədə Rusiyanı Baltikyanı ölkələrə qarşı istənilən eskalasiyadan çəkindirməyə yönəlmişdi”, - Politico-ya danışan mənbələrdən biri bildirib.
Mənbələr Retkliffin Moskvada məhz kimlə görüşdüyünü açıqlamayıblar. Kreml daha əvvəl Rusiya Prezidenti Vladimir Putinlə MKİ direktorunun görüşmədiyini bildirib. Rusiya tərəfinin açıqlamasına görə, Retkliffin səfəri “xüsusi xidmət orqanları arasında təmaslar” məqsədi daşıyıb.
Qeyd edək ki, sözügedən məlumatlar The Wall Street Journal və Politico-nun mənbələrinə əsaslanır və Moskvanın NATO ölkələrinə hücumla bağlı konkret planının mövcudluğu barədə rəsmi açıqlama verilməyib.