Modern.az

“Bir Elin Manifesti” - Zərli buta

“Bir Elin Manifesti” - Zərli buta

Aktual

27 Sentyabr 2025, 12:58

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Bir Elin Manifesti” mövzusunda ümumrespublika hekayə müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim edilən növbəti hekayəni təqdim edirik:

***

(Erməni cəlladlarının zorla Xocalıdan didərgin saldıqları 8 yaşlı İlqar Abbas oğlunun dedikləri əsasında)

 Murad tələsə-tələsə pilləkənləri qalxmağa başladı. Ürəyi dolusu nəfəs aldıqca, qürur duyur, özünü dünyanın ən xoşbəxt adamı sayırdı. Axı bu gün ilk dəfə idi ki, Bakı Dövlət Universitetinə dərsə gedirdi. Kaş, babası da bu günü görəydi! Qürbət dərdi onu vaxtsız aradan aparmasaydı, nəvəsinin universitetə  qəbul olmasına ürəkdən sevinərdi. O, həmişə deyərdi:
- Nəvəm beynəlxalq səviyyəli hüquqşünas-hakim olacaq, torpağımızı düşmən tapdağından alacaq!
Muradın gözləri dolmuşdu. Boğazına tıxanan qəhər onu boğurdu. Udquna-udquna başını qaldırıb qarşı binada məskunlaşmış “qaçqınlar məhləsi” tərəfə baxdı. Birdən! Gözlərinə inanmadı, bu, həmin zərli buta idi. Yox! Ola bilməzdi! Görəsən odurmu, ya Rəb? Kaş, o körpə sağ olaydı! Heç olmasa, babasının əziyyəti itməzdi.
…Mən babamla Ağdama xalamgilə getmişdim.1992-ci il fevralın axırları idi. Ağdamda çox qorxulu xəbərlər gəzirdi. Xalam babama yalvardı ki, ailəliklə köçüb onlara gələk:
- Fərqanədən qovulan Məhsəti türklərinin Xocalıda yerləşdirilməsi dığaları bərk qəzəbləndirib, dayı sənə qurban olum! Onlar özlərini buraların ağası sayırlar. Söz var ki, yaxında sizə hücum edəcəklər! 
Babamsa xalama ürək-dirək verirdi:
- Ay Şahnaz, qorxma, hökumət bizi yiyəsiz qoymaz!
Həmin günün səhəri biz Ağdamdan bazarlıq edib, kəndə qayıdırdıq. Dağların eniş-yoxuşu ilə xeyli yol gəlmişdik. Evə çatmağa az qalmış dikdirin hündüründən kəndimizə baxan babam birdən diz üstə çöküb torpağı qucaqladı, hönkürməyə başladı. Mən onun baxdığı tərəfə baxdım. Alov göylərə bülənd olmuşdu. At kişnəməsi, insan qışqırığı, dəhşətli səslər və həmişəkindən də güclü atışma, partlayış səsləri eşidilirdi. Alov, tüstü göyə yüksəlirdi…
Daha kəndə qayıtmaq olmazdı. Babam məni qucağına alıb, meşəyə tərəf qaçdı, nəfəsi kəsilə-kəsilə, ağacların gövdəsinə qısıla-qısıla gedirdik. Hər tərəf qanlı, dəhşətli hala düşmüş cəsədlərlə dolu idi. Babam birdən dayandı. Qəribə tərzdə bükülü, üç yerindən güllə dəymiş qundaq onun diqqətini cəlb eləmişdi. Qundağın yanında taqətsiz halda yerə sərilmiş bir gənc ana uzanmışdı. Bu babamın dostu Mürsəl kişinin gəlini Həlimə idi. Onun başından, sinəsinin yuxarı hissəsindən və çiynindən dəyən güllə yerindən isti qan axmışdı. Qan ağ qar üzərində qırmızı şırım açaraq, torpaqda qan gölü yaranmışdı. Ərazi demək olar ki, böyük nahiyədə qırmızı rəngə boyanmışdı. Ətrafda bir nəfər də sağ insan qalmamışdı.
Mən bu səhnəni görməyim deyə, babam bir anlıq mənim üzümü özünə sıxdı. Sonra onlara yaxınlaşdıq. Gəlinin qəmətə zillənmiş, bərələ qalmış göz qapaqlarını baş barmağı ilə sığalladı. Onun başından çit yaylığı açıb, çənəsini bağladı. Babam ağlaya-ağlaya dodaqaltı “Yasin” surəsini oxuyurdu. Sonra quruyub qaxaca dönmüş cənazənin üzərinə sarı əyilib, salavat çevirdi. Babam əlləri ilə qarı bir tərəfə kürüyüb, iki qırdığı ağac parçası ilə yeri qazdı, gəlini üzü qibləyə ora uzadıb, üstünü torpaq və qarla basdırdı. Əllərini qarla təmizləyib yenə dodaqaltı dua oxudu, salavat çəkdi və geri döndük. O, qanrılıb geri baxdı, qundaq yadından çıxmışdı, dönüb qundağı sinəsinə sıxaraq, əlimdən tutdu, gücümüz çatan qədər qaçmağa başladıq. Elə bil ki, o, cənazələri qundaqdakı körpədən və məndən gizlətmək istəyirdi babam.  Bir az gedəndən sonra dayandı. Güclə nəfəs alırdı. Körpəni dizinin üstünə qoyub, nəfəsini dərdi. Körpənin səsi çıxmırdı. Biz qundağa sarı əyildik. Üstündən qalın yun şala, altdan isə yaşıl yelənli, ucunda zərli buta nəqş olunmuş tirmə baş yaylığına bükülmüş körpə mışıl-mışıl yatmışdı. Üzü solğun görünürdü. İlahi bir görkəmi var idi. Üstündə qara xətlər olan boz yun şalın yuxarı duran baş tərəfində 3 güllə yeri var idi…
Ətraf qanlı cənazələrlə dolmuşdu. Bəlkə də meşədəki ağaclardan çox burada cəsəd vardı. Onların çoxunu babam tanıyırdı, dəfn eləmək istəsə də mümkün deyildi. Çünki, buradakı “hayk”lar dəstə-dəstə olub hər yanı axtarırdılar. Babam deyirdi ki, əgər Qarqar çaya çatsaydıq, heç kim daha izimizə düşə bilməzdi.
Qaranlıq düşənədək meşə yolu davam etsəydi, yenə bir çarə tapmaq olardı. Birdən qundaqdakı uşaq ağlamağa başladı. Babam aşağı çöküb, uşağın üzünü sinəsinə sıxdı. Səs ara verdi. Mən bu dəfə də uşağa baxmağa cəhd elədim. O oyanmışdı. Mən indiyədək çox gözəl uşaqlar görmüşdüm. Lakin! Nə belə gözəl, ağ uşaq üzü, nə də belə qara körpə gözləri görməmişdim. Uşaq mənə baxıb gülümsəyirdi. O, sanki dil bilirdi. Bizim kədərli üzümüzə baxıb, susdu.
Biz yenə xeyli yol getdik. Babam lap təntimişdi, uşaq onu əldən salmışdı, güclə nəfəs alırdı. Bu anda yaxınlıqdan səs eşitdik:
- Ay Talıb kişi, bizə sarı gəl!
…Meşənin dərinliyindəki talada xeyli adam toplaşmışdı. Bunlar bizim Xocalıdan qaçıb canını qurtaran insanlar idi. Kəndçimiz ağsaqqal Məcid kişi babamı kənara çəkdi, məndən xəlvət babama nəsə dedi. Babamın rəngi kağız kimi ağarmışdı. Mədinə arvad iki əli ilə dizinə vurub, babama hamını ucdantutma qırdıqlarını söylədi. Məcid kişi hamı eşitsin deyə babama üz tutdu:
- Talıb, bundan qara günümüz olmayacaq! Ancaq yenə də, dəyanətimizi itirməməliyik! “Elnən gələn qara gün toy-bayramdır”- deyib atalarımız. İndi hamının dərdi, faciəsi, sıxıntısı eynidir. Mərd dayanın, görək bizi nə gözləyir?
Bir gəlin hey ağlayırdı, yanındakılar onu sakitləşdirə bilmirdilər. Saçları dağılmış, üzündə qanlı dırnaq yeri var idi. Bu, Məhəmməd kişinin gəlini Sevil idi. Bir həftə əvvəl qaynanası Hürü arvad kəhrizə gedəndə səhənginə mərmi qəlpəsi dəymiş, başı paralanmışdı. Əri cəbhədə idi. 
Ermənilər kəndə girəndə, qaçaqaç düşmüş, kişilər olan-qalan silahları götürüb, qadınlara isə kənddən çıxıb uzaqlaşmağı tapşırmışdılar. Gülləbəranda Sevilin kürəyinə sarıdığı körpəsinə, qaynatasına, yeniyetmə baldızına və 7 yaşlı oğluna güllə dəymiş, tək özü sağ qalmışdı. Deyilənə görə, üç qaynı - Nuru, Xəlil, Piri və həyat yoldaşı Cəlil Əlif Hacıyevin könüllü dəstəsində vuruşurdular. Mənim atam da orada döyüşürdü. Buradakıların hər birinin də keşikdə dayanan övladı, qardaşı, atası və həyat yoldaşları könüllü orduda xidmət edirdilər. Lakin bizə silah-sursat verilmirdi. Hökumət imkan düşdükcə, silahları yığır, bizi düşmən qarşısında əliyalın qoyurdu. Bizim imkanlı oğullarımız silahları Rusiyadan gətirdir, hərdən də əl altdan Ağdamdakı bazarda silah satan rus əsgərlərdən almalı olurdular. Bununla belə ümidimizi üzmürdük. Kömək gözləyirdik! Bu da nəticəsi! İndi buradakıların hamısı ailə üzvülərini itirmişdilər. Mənə isə heç nə demirdilər.
Çox sonralar mənə babamın qardaşı, Bakıda yaşayan Əhəd babamın nəvəsi Saleh deyəcəkdi ki, anam Nigar, böyük bacılarım Lalə və Şəhla, kiçik qardaşım Azad gülləbəranda həlak olublar, evimiz, şəhərimiz (Xocalıya təzəcə şəhər statusu vermişdilər), qonşu Kosalar, Meşəli kəndləri və bütün Xocalı bir gecədə yandırılıb oda qalanıb! İndi  heç olmasa bu beş-on adam özündə ərlik tapıb, bizimkilərə, Ağdama xəbər aparmalı və bu qansız düşmənə cavab verilməsi üçün tədbir tökülməli, ölçü götürülməli idilər.
İki oğlu, kürəkəni, qardaşı, qaynı, qudası döyüşdə həlak olmuş Pəri arvad irəli çıxıb uşağı babamdan aldı, gəlinə uzatdı. Sevil uşağı bağrına basdı və ağlamağı kəsildi.  
İndi hamı bir-birini qoruyurdu. Soyuq da əhədimizi kəsirdi. Babam paltosunun iki qolunu kəsib, ayaqlarım soyuqdan donmasın deyə, ayaqqabımın üstündən mənim ayağıma geyindirmişdi. Buradakıların çoxu ev paltarında, şəpitdə qaçmışdılar. Çoxunun ayaqlarını don vurmuşdu. Qarşıda Qarqar çayı var idi. İçərilərində nisbətən cavan olan 47 yaşlı Abbas kişi körpə qızı Aytacı kürəyinə alıb, arvadı Sara xala, 8 yaşlı kiçik oğlu Elnur, iki qızı Gülər və Mehriban ilə birlikdə qabaqda gedirdilər. Onun da böyük oğlu Əhməd Əlifin dəstəsində vuruşurdu. O deyirdi ki, gecə qaranlığında çayın içi ilə xeyli yol getmək olar, çünki iz qalmayacaq. Qarda isə hökmən iz qalar və bu da düşmənlərə bizi tez tapmağa imkan yaradardı.
Birdən qarşıdan əlində avtomat olan üç erməni peyda oldu. Bunlar bizim qonşuda yaşayan ermənilər idi. Abbas kişi qəfildən uşağı kürəyindən yerə qoyub, irəli çıxdı və onları söyməyə başladı:
- Köpək uşağı, gəlin! Gəlin siz də bizi öldürün! Biz sizə neyləmişdik?! Hə, de görək də! De! İt uşağı! Torpağımızda yer verdik! Son tikəmizi sizinlə böldük! Evlər tikdik, sizi içində oturtduq! Çörəyiniz olmadı çörək verdik! Taxılınız olmadı, taxıl verdik! Malınız olmadı, damazlıq verdik! Toylarımıza, şənliklərimizə dəvət edib, başda oturtduq! Uşaqlarınızı məktəblərimizdə oxutduz! Sizə iş-güc, gözəl-gözəl vəzifələr etibar elədik! Daha nə istəyirsiniz bu millətdən? Ən gözəl sulu torpaqlarda, səfalı yerlərdə, şəhərlərin ən gözəl prospektlərində, vəzifələrin ən sərfəlisində siz yerləşdirildiniz! Gözləriniz doymadı? Tarixi pozub tərsinə yazacaqsız? Yooxxx!!! Bunu bacarmazsınız! Gəlin, gəlin, bizi də öldürün, canınız soyusun! Lakin bilin ki, qisas qurdla qiyamətə qalmaz, köpək uşaqları!!!
Suren hapesin oğlu Akop əlini dodaqlarına apardı. Onun və yanında dayanan Vazgen dığanın uşaqları – Ediklə Tiqranın da sifətlərində qan qalmamış, rəngləri dümağ ağarmışdı. Suren hapesin oğlu Akop erməni ləhcəsi ilə təmiz Azərbaycan dilində bu vəhşilərin törətdikləri vəhşilikləri, qonşuların halına ağladıqlarını, insan qanına susamış cəlladların etdiklərini utana-utana danışmağa başladı:
-  Ay eviniz tikilsin! Bəs biz neləyək? Sizinkiləri qırırlar! Çoxu Suriya və lənət olmuş Yerevan erməniləridirlər! İçərisində Fransa, Livan erməniləri, köpək uşaqları da var! Bizimkilər sizinkiləri gizlədirlər. Nəyə gücümüz çatsa edəcəyik! Bizim özümüzə də zorla silah payladılar. Türkləri qırın, öldürün, evlərini yandırın, dedilər! Allax bunları qırsın! Nvart xalam dedi ki, sabah onun oğlu Arsen növbə çəkdiyi çastda sizin əsirləri və bizim əsirləri dəyişəcəklər. Bacım Rimma da hərpi hakim kimi hospitalda işləyir. Baxtınızdan o, bu ərazilərdədir. Məni anam göndərip, yalvarıb, tapşırıb mənə. Görüm, sizi tacili yardım maşını ila tamas xattina apara bilirikmi? 
Akop nəfəsini dərib, yaxasını açdı, tələsə-tələsə dedi:
-  Yerevandan gələn qırılmış ermənilər axşam bizi də kənddən hospitala köçürdüblər. O qansızlar şəhəri bütün odlara qaladılar, yandırıb, kül etdilər. Takca sizin Ağca xalanın oğlu Namikin sarı qaşqa atı qaçıp, canını kurtardı. O kadar ağladıx, uşaxlara, yazıx oldular! Qansızlar, onları dəmir turbaya doldurup ağızlarını svarka (qaynak) etdilər, dağın başından hel qoydular! Neyləyə bilərdik, bizimkilər baxıb, ağladılar! Onlar edirlər, biz də utanırıq!
Həmişə ehtiyatlı düşünən Gülənaz qarı dığanın yaxasından tutub soruşdu:
Biz nə bilək ki, siz bizi aldatmırsınız, həəə? Keçən həftə elə öz kəndimizdə yaşayan o dığa, haramzada, nəydi adı, hə Roma! Gəlib camaata demədi ki, minin vertolyota sizi Ağdama aparırıq? Aparıb hamısını dağılmış Yerevanda güllələmişdilər.
Təmkinləri, uzaqgörənlikləri ilə ad qazanmış Bulud kişi, Məcid kişi, Yunus kişi və babam özümüzünküləri sakitləşdirməyə çalışırdılar:
-  İslanmışın yağışdan nə qorxusu, ay Gülənaz?! Qaradan o yana rəng olmayacaq ki!? Biz ölümü gözümüzün altına almışıq, elə də ölümdür, belə də. Baxaq, görək bəlkə düz deyirlər…
Ermənilərin təcili yardım maşınında bir hərbi həkim Rimma, bir tibb bacısı Hasmik, bir sürücü Tolik və biz idik. Bizi Ağdama gətirib, erməni əsirlərlə dəyişdilər. Hamımızın qohumları, tanışları, lap elə tanımadığımız insanlar da gəlmişdilər, bizi evlərinə dəvət edirdilər…
Ağdamda Xocalı didərginləri hamının böyük dərdinə çevrilmişdi, qadınlar ağlayır, kişilər əsəbi-əsəbi ora-bura qaçırdılar, küçələr  adamla dolu idi. Deyilənə görə, Ermənistandan və sərhəd rayonlarından qaçqın və didərgin düşənlər Bakıda yerləşdirilmişlər.
Babamın Bakıda qardaşı yaşayırdı. Biz Ağdamdan Bakıya gəldik. Nərimanov rayonu, Çapayev küçəsi, ev 2, blok 2, mənzil 32-də yaşayan Əhəd babanın evində yerləşdik. Sonradan bölgü aparıldı, tramvay işçiləri üçün tikilmiş, doqquzmərtəbəli ailəlilər yataqxanasında balaca bir mənzil verdilər bizə, orada məskunlaşdıq. Mənim o balaca uşaqdan və onu götürən Sevil xaladan sonralar heç bir məlumatım olmadı…
Babamın kiçik bacısı Münəvvər nənəm Gəncəyə ərə getmişdi. O gözəl günlərdə, hələ bu qaçqınlıqdan əvvəl öz ailəsi ilə oğlu Hümbətin maşınında tez-tez bizə qonaq gələrdilər. Bu hadisələr olmazdan bir il əvvəl o, yenə bizə gəlmişdi. Mən onun nəvəsi Hətəmlə bağa getdim. Babamın asdığı yelləncəkdə yellənə- yellənə fəsəli yeyirdik. Birdən Münəvvər nənə bizim yanımıza gəldi və mənə balaca bir torba verib dedi:
- Murad bala, dünya ölüm, itimdir, atamın saldığı bu gözəl bağın torpağından bu torbanı doldur, ver mənə. Soruşdum ki, ay nənə, bu torpağı neyləyəcəksən? Dedi ki, mən öləndə Hətəm balama vəsiyyət edəcəm ki, bu torpağı qəbrimin üstünə səpsinlər. Vətənim Qarabağın iyisini o torpaqdan alacağam! O vaxt mən bu sözlərin mənasını anlaya bilməmişdim...
Mayın əvvəli idi. Mən artıq 11-ci sinifdə oxuyurdum. Türkiyədə keçirilən beynəlxalq olimpiadada 1-ci yeri tutub, qızıl medalla qayıtmışdım. Getdiyim bir həftə deyildi. Qayıdanda babamın xəstəxanada olduğunu dedilər. Əhəd babamım gəlini Nərgiz baş həkim idi. O, demişdi ki, bir az sağalsın, onu Hacıkəndə, Xızıya, İsmayıllıya, yaxın olan rayon yerlərindən birinə gəzməyə aparın. Bəlkə ürəyinin qübarı gedə. 
Mən hər gün babamın yanına gedir, nərgiz gülü alıb aparırdım. O, bu gülləri çox sevirdi. Öz kəndəki evimizin məhəcərinin qabağında yasəmən və nərgizgülü əkmişdi. Hər il may ayında uşaqlar babamın güllərindən dəstə bağlatdırıb, imtahana aparar, müəllim stolunun üstünə qoyardılar. Babam həvəslə onlara gül dəstələri düzəldib verərdi...
Mənim medal qazanmağım isə babamı xüsusi olaraq fərəhləndirmişdi, çox sevinmişdi, hətta sevincdən ağlamışdı da. Həmin gün xəlvətcə mənə bir söz də demişdi:
- Murad, bala, sən maşallah, daha böyük kişi olmusan! Birdən mən ölüb-eləsəm,
çaşma, möhkəm ol! Məktəbi qurtaran kimi sənədlərini Bakı Dölət Universitetinə ver, oxu. Qohum-qardaşla yaxşı davran, universiteti qurtaran kimi ailə qur. Çalış ki, o, Qarabağdan olsun...
Babam xəstəxanada idi deyə mən Əhəd babagildə qalırdım.
Mayın 16-da Əhəd kişi, onun baldızı qızı Yeganə xala və mən yenə babamın yanına getmişdik. Babam balışa dirsəklənib, oturdu. Elə bil, hər şeyi bilirdi. Üzünü Əhəd babaya tutub dedi:
- Ay Əhəd, maşallah Nərgiz yaxşı bilən həkimdir, Allah xoşbəxt eləsin. Lakin mənimki həkimlikdən keçib. Bu gecə yuxumda oğlumu, gəlnimi, nəvələrimi görmüşəm. Onlar üçün yaman qəribsəyirəm, burnumun ucu göynəyir. Ölüb-eləsəm gözünüz bu uşağın üstündə olsun, kömək edin oxuyub, qurtarsın, işləsin. O vaxta qədər Allahın köməyi ilə Qarabağ alınsa, qoyun öz yurdumuza getsin. Yox, torpaq gec alınsa burada işləsin, evlənsin, gözünüz üstündə olsun. Bir də bir xahişim var, Əhəd. Görün, bir ovuc Qarabağ torpağı tapa bilirsinizmi, öləndə səpin mənim qəbrimin üzərinə! Onda rahat yatacağam. Qəbrimi də üzü Qarabağa sarı qazarsınız.
Yeganə xalam və Nərgiz bacı ağladı, Əhəd babam onları sakitləşdirdi. Sonra Əhəd babam, Yeganə xala və mən evə gəldik. Elə bil sümüyümə damdı ki, daha babamı görməyəcəm…
Atam Xocalı aeraportunda gedən döyüşdə həlak olubmuş, cəsədini güclə çıxardıblar, gətirib, “Şəhidlər xiyabanı”nda dəfn ediblər. Sonra heç yoldaşlarından xəbər çıxmadı, hamısı döyüşlərdə şəhid olmuşdular. Babam bəlkə də çox yaşayardı, Vətən, yurd-yuva, qohumları, gəlini , nəvələri və çox öyündüyü, Milli Ordunun könüllü döyüşçüsü olan oğlunun dərdi babamı bu qədər əzdi, sıxdı, çatlatdı…
Gecə saat 4 olardı, Saleh məni oyatdı, yan otağa keçdik. Babamı üzü Qarabağa sarı çarpayıda uzatmışdılar. Bədənim buza döndü, qəhər məni boğdu, babamın üzərinə atıldım. Əhəd kişinin böyük oğlu Arif əmi, məni qaldırdı. Əlini kürəyimə çəkib:
- “Biz hər işi görmüşük, özünü tox tut, səbirli ol!” - dedi. Məni qəhər boğdu. Boğazıma tıxanan qəhəri uda-uda bircə bunu deyə bildim:
- Qarabağ torpağı Gəncədə, Münəvvər nənəmdə var.
Babamın ölümündən xeyli keçib. Mənim ürəyimin yaralarısa köz tuta bilmir. Butalı yaylıq yarama duz basdı. Dərsdən çıxan kimi həmin məhəlləyə gəldim. Yaylıq və bütün paltarları yığmışdılar. Mən təxmini paltar asılan həmin mərtəbəyə qalxdım. Kəsif yataqxana iyisi burnuma doldu. Dəhlizin sonundakı 37-ci mənzilin zəngini çaldım. 14-15 yaşlarında bir qız qapını açdı. Həmin o gözəl ağ üz, həmin heyrətamiz qara gözlər! Uzun, şəvə kimi qara saçları çiyninə dağılmışdı. Çiynində yaşıl yelənli, tirmə yaylıq var idi. İçəridən yorğun, boğuq qadın səsi gəldi:
- Qaragöz, gələn kimdi? İçəri dəvət elə!
Qaragöz deyilən qız təəccüblə üzümə baxıb, çiyinlərini çəkdi:
- Tanımadım, Sevil ana! 
Qaragöz məni evə dəvət etdi. Qapı aralı idi. Pəncərədən əsən ruzgar qabaqda gedən qızın çiynindən yaylığı sürüşdürüb yerə saldı. Əyilib qaldırdım. Uc hissəsindəki zərli buta məni yenidən silkələdi...
Özümü başqa dünyada hiss elədim. Babam, atam, anam, ailəmiz, qohum-qonşular və toylu-büsatlı kəndimiz gözlərim önünə gəldi...
 

Anonimliyi qorumaq məqsədilə müəllifin adı qeyd edilmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək