Modern.az

Rəsul Quliyev Azərbaycana qayıdır? - MÜSAHİBƏ

Rəsul Quliyev Azərbaycana qayıdır? - MÜSAHİBƏ

Müsahibə

Bu gün, 11:28

Azərbaycan Milli Məclisinin sabiq sədri, hazırda Amerikada yaşayan Rəsul Quliyevin qızı Xanım Quliyeva bir müddət öncə 30 ildən sonra Bakıya gəldi. O, gəlişi zamanı işğaldan azad olunmuş ərazilərə səfər etdi, yaxınlarının, doğmalarının məzarlarına baş çəkdi. 

Eks-spiker Rəsul Quliyevin özünün Azərbaycana gəlməyi planlaşdırıb-planlaşdırmadığı isə maraq doğurur. Bir müddət əvvəl onun belə bir istəyinin olduğu barədə xəbər yayılmışdı.

Modern.az bununla əlaqədar olaraq, eks-spikerin fəxri sədri olduğu Gələcək Azərbaycan Partiyasının rəhbəri  Ağasif Şakiroğlu ilə əlaqə saxlayıb.

Partiya sədri bir sıra suallarımızı cavablandırıb.

- Ağasif bəy, Rəsul Quliyev Azərbaycana gəlməyi planlaşdırırmı?

- "Rəsul bəy heç vaxt ölkəyə qayıtmağı planlaşdırmayacaq" demək olmaz. Mən Rəsul Quliyevlə demək olar ki,  hər gün danışıram. Rəsul bəyin, hələ ki belə bir niyyəti, planı yoxdur. Ötən ilin oktyabr ayında onun ailə üzvləri Bakını, işğaldan azad olunmuş əraziləri ziyarət etdilər, Qarabağda görülən işlərlə tanış oldular. Eləcə də, öz doğmalarının, yaxınlarının məzarlarını ziyarət ediblər. Azərbaycan vətəndaşı kimi onların arabir ölkəyə gəlib-getmələri konstitusion hüquqlarıdır. Bunun üçün hər hansı məhdudiyyət yoxdur.


- Partiyanın fəaliyyətinə Rəsul Quliyevin təsiri necədir, ondan məsləhətlər alırsınızmı?

- Təşkilatımız qurulandan Rəsul müəllim Gələcək Azərbaycan Partiyasının fəxri sədri və üzvü seçilib. Partiyanın qurulmasından bu yana onu özümə müəllim hesab edirəm. Təbii ki, zərurət olduğu halda məsləhət də alıram, o da istiqamət verir. Müstəqil Azərbaycan Respublikasının qurulmasında müstəsna rolu olan, parlamentin ilk sədrlərindən olmuş şəxsdən təlimat və tövsiyələr almaq mənim üçün çox dəyərlidir. Çünki o, Azərbaycanı sevən, müstəqil Azərbaycanın qurulmasında, güclənməsində ümumilli lider Heydər Əliyevin yanında olmuş şəxsdir.

- Rəsul Quliyev Azərbaycanın yürütdüyü siyasəti necə qiymətləndirir?

- Rəsul müəllim Azərbaycan dövlətinin yürütdüyü siyasəti dəstəkləyir, yüksək qiymətləndirir. 2023-cü ilin növbədənkənar qurultayında qarşıda gələn növbədənkənar seçkilərlə bağlı qərarımız vardı. Rəsul müəllimin qurultaya ünvanladığı müraciətlə Gələcək Azərbaycan Partiyasının da prezidentliyə namizədi Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev olub. Biz qalib gəlmiş namizədimizin ətrafında sıx birləşmişik. Cənab Prezidentin daxili və xarici siyasətini sözün hər mənasında dəstəkləyirik. Rəsul müəllim isə istər regional, istərsə də dünya siyasətində, istərsə də ölkədaxili siyasətdə ölkə başçısı İlham Əliyevin apardığı qətiyyətli siyasəti birmənalı olaraq dəstəkləyir.


- Zaman-zaman partiyaların birləşməsi ilə bağlı müzakirələr gedir. Gələcək Azərbaycan Partiyasının Yeni Azərbaycan Partiyası ilə birləşməsi mümkündürmü?

- Biz hər zaman ölkədaxili milli birliyin tərəfdarı olmuşuq. Hər zaman həmrəyliyin, sağlam siyasi rəqabətin tərəfdarı olmuşuq. Gələcəkdə nəyin necə olacağını baş verəsi siyasi proseslərdən asılı olduğunu hesab edirəm.  Bu, dövlətimiz, millətimiz, xalqımız üçün fayda vermiş olarsa, hər bir siyasi partiya zəruri qərar verməyə məcburdur. Amma biz müxalif partiyayıq. Sağlam, konstruktiv müxalifətik və zəruri olan halda dövlətimizin və prezidentimizin yanında olduğumuzu dəfələrlə bəyan etmişik. Hesab edirəm ki, bugünkü Azərbaycan reallığında sualınızın gerçəkləşdiriləsi üçün obyektiv və subyektiv səbəblər yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?