Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün yeni imkanların müzakirə olunduğu bir dövrdə regionda baş verən bəzi hadisələr narahatlıq doğurur. Ermənistanın paytaxtı İrəvan şəhərində qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı keçirilən yürüş zamanı Türkiyənin dövlət bayrağının yandırılması bu baxımdan xüsusi diqqət çəkir.
Politoloq Mütəllim Rəhimli Modern.az-a açıqlamasında bildirib ki, Ermənistanın bu proseslərdə oynadığı rol hər zaman mübahisəli olub:
“Ermənistan uzun illər regionda gərginliyin əsas mənbələrindən biri kimi çıxış edib. Uydurma iddialar və əsassız ərazi tələbləri Cənubi Qafqazda təlatümlərə səbəb olub. Bu yanaşma nə regiona, nə də Ermənistanın özünə fayda verib”.
Onun sözlərinə görə, son dövrlərdə Ermənistanda müəyyən dəyişiklik meylləri müşahidə olunsa da, radikal qüvvələr hələ də aktivdir:
“Ermənistanda müəyyən dairələr sivil dünyaya inteqrasiya istiqamətində addımlar atmağa çalışır. Lakin Daşnaksütyun Partiyası kimi radikal ideologiyaya bağlı qüvvələr bu prosesi əngəlləməyə çalışır. Onlar regionda gərginliyi saxlamaqla, əslində, üçüncü qüvvələrin maraqlarına xidmət edirlər”.
Politoloq qeyd edib ki, tarix də göstərir ki, qonşularla düşmənçilik siyasəti Ermənistan üçün heç vaxt uğurlu nəticə verməyib:
“Ermənistan hər dəfə qonşularla münasibətləri gərginləşdirəndə, sonda özü daha böyük itkilərlə üzləşib. Buna baxmayaraq, bəzi dairələr hələ də eyni səhvləri təkrarlayır və qonşu ölkələrin torpaqlarına iddialar səsləndirirlər”.
M.Rəhimli son günlər baş verən hadisələrə də toxunub və Türkiyə bayrağının yandırılmasını kəskin pisləyib:
“Türkiyə bayrağının yandırılması təkcə bir dövlətə qarşı hörmətsizlik deyil, bu, bütövlükdə regionda sülhə qarşı yönəlmiş təxribatdır. Bu cür addımlar sülh prosesinə ciddi zərbə vurur və vəziyyəti daha da gərginləşdirir”.
Onun fikrincə, bu cür hadisələrin arxasında müəyyən beynəlxalq qüvvələrin dayanması ehtimalı da istisna deyil:
“Regionda sabitliyin yaranmasını istəməyən qüvvələr var və onlar müxtəlif vasitələrlə gərginliyi qorumağa çalışırlar. Təəssüf ki, bəzi erməni qrupları bu qüvvələrin əlində alətə çevrilir”.
Politoloq sonda xəbərdarlıq edib ki, bu kurs davam edərsə, Ermənistan yenidən təcrid riski ilə üzləşə bilər:
“Bu istiqamətdə davam edən proseslər Ermənistanın yenidən blokada vəziyyətinə düşməsinə səbəb ola bilər. Ona görə də Ermənistan cəmiyyəti hər addımı düşünərək atmalıdır. Əks halda, bu cür təxribatlar ilk növbədə elə onların özünə zərər verəcək”.
Mütəllim Rəhimli vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər strateji və qardaşlıq xarakteri daşıyır:
“Türkiyə Azərbaycanın əbədi dostu və qardaşıdır. Türkiyəyə qarşı yönəlmiş hər hansı addım eyni zamanda Azərbaycana qarşı yönəlmiş addım kimi qiymətləndirilir. Biz bu cür hərəkətləri qətiyyətlə pisləyirik və region ölkələrini reallıqla barışmağa çağırırıq”.