Günay Məhərrəmzadə: “Ürək xəstəlikləri artıq 30 yaşlarda da müşahidə olunur"
“Gündəlik minimum 4000 addım atmaq lazımdır”
“Tutulan ürək damarını heç bir türkəçarə vasitə aça bilməz”
Avropa və Azərbaycan kardiologiya cəmiyyətinin üzvü, Referans Poliklinik Nəsimi filialının kardioloqu Günay Məhərrəmzadə Modern.az saytına geniş müsahibə verib. Müsahibədə son illər artan ürək xəstəliklərindən bəhs olunub:
- Günay xanım, Azərbaycanda ən çox rast gəlinən ürək-damar xəstəlikləri hansılardır?
- Azərbaycanda ən çox rast gəlinən ürək-damar xəstəlikləri sırasında ilk növbədə miokard infarktını qeyd edərdim. Təəssüf ki, infarkt nəticəsində ölüm halları da az deyil. Ancaq vaxtında diaqnoz qoyulduqda və invaziv müalicə tətbiq edildikdə xəstənin həyatını xilas etmək mümkün olur. Bununla yanaşı, arterial təzyiq xəstəliyi də geniş yayılıb. Təzyiqin yüksəlməsi birbaşa ürəklə bağlı səbəblərdən, yanaşı xəstəliklərdən və ya bəzən səbəbi bilinmədən də yarana bilər. Xalq arasında bunu çox vaxt “ürəyə bağlayırlar”. Halbuki yüksək təzyiq özü də ürəyə zərər vuran amillərdən biridir.
- Ölkəmizdə ürək-damar sistemi xəstəliklərinin yaranmasına daha çox hansı amillər təsir göstərir?
- Mən deyərdim ki, burada ilk sırada əsas faktor olaraq genetik amil dayanır. Daha sonra qidalanma tərzi, yaşadığımız mühit, fiziki aktivliyin azlığı, oturaq həyat tərzi və zərərli vərdişlər mühüm rol oynayır. Ürək sağlamlığı baxımından Aralıq dənizi tipli qidalanma daha faydalı sayılır. Amma bizdə daha çox ət və yağlı qidalardan istifadə olunduğuna görə risk artır.
- Zərərli vərdişləri vurğuladınız. Konkret olaraq hansı hansı vərdişləri nəzərdə tutursunuz?
- Ürək xəstəlikləri daha çox kişilərdə rast gəlir. Bunun səbəblərindən biri də kişilərin qadınlarla müqayisədə zərərli vərdişlərə daha çox meyilli olmasıdır. Burada ilk növbədə tütün istifadəsi, siqaret çəkmək, alkoqolun ifrat dərəcədə qəbulu daxildir. Bundan əlavə, son illərdə gənclər arasında elektron siqaret, qəlyan və enerji içkilərinin yayılması da ürək-damar xəstəlikləri üçün cididi risk faktoru sayılır.
- Ürək-damar xəstəliklərinin ilkin əlamətləri nələrdir?
- Ən çox rast gəlinən ilkin əlamət ürək nahiyəsində olan ağrıdır. Bu ağrı bəzən minimal fiziki hərəkət zamanı, bəzən də adi gündəlik fəaliyyət fonunda yarana bilər. Sinədə ağrı, sıxılma, yanma hissi əsas siqnallardandır. Bundan başqa, yüksək təzyiqdən əziyyət çəkən şəxslərdə başın arxa hissəsində, gicgahda və ya yanaqlarda narahatlıq ola bilər. Xolesterin mübadiləsinin pozulması zamanı göz ətrafında piy toplanması da müşahidə edilə bilər. Eyni zamanda piylənmə, şəkərli diabet və maddələr mübadiləsinin pozulması da sonradan ürək-damar xəstəliklərinə gətirib çıxaran səbəblərdəndir.
- Ürək-damar xəstəliklərinin formalaşmasında genetik amilin rolu nədən ibarətdir?
- Mən genetik amili ilk sıraya qoyardım. Çünki bəzi hallarda xolesterin mübadiləsinin pozulması, şəkərli diabet və arterial təzyiq irsi xarakter daşıyır. Ailədə bu xəstəliklər varsa, sonrakı nəsildə də erkən yaşlarda üzə çıxa bilər. Xüsusilə xolesterinin irsi yüksək olması ürəyə gedən əsas damarların tutulmasına səbəb ola bilir. Bir sözlə, bəzi risk faktorları insanın özündən asılıdır, bəziləri isə genetik fondan qaynaqlanır.
- Həyat tərzinin bu xəstəliklərin yaranmasındakı rolu nə qədərdir?
- Həyat tərzinin rolu çox böyükdür. Bəzən bir şəxsdə genetik risk olur, amma o, düzgün qidalanır, fiziki aktiv olur və zərərli vərdişlərdən uzaq dayanırsa, xəstəliyin yaranma ehtimalı xeyli azalır. Ona görə biz hər zaman sağlam qidalanmağı, daim hərəkətli olmağı və zərərli vərdişlərdən uzaq durmağı tövsiyə edirik.
- Təcrübənizə əsasən, ürək xəstəliklərinə daha çox hansı yaş aralığında rast gəlinir?
- Kəskin hallarda daha çox 40-55, bəzən də 40-60 yaş aralığında rast gəlinir. Amma son dövrlər 30 yaşlarında da ürək xəstəlikləri ilə bağlı halların artdığını görürük. Xroniki ürək xəstəlikləri isə daha çox 60-70 yaşdan sonra müşahidə olunur.
- Son illər ürək-damar xəstəliklərinin “cavanlaşması” müşahidə olunur. Bunu şərtləndirən əsas səbəblər hansılardır?
- Burada əsas səbəblərdən biri sosial şəbəkələrdən istifadənin çoxalması və bununla da stress faktorlarının çoxalmasıdır. Bundan əlavə, zərərli vərdişlərin çoxalması, elektron siqaret, qəlyan, enerji içkiləri kimi yeni risk amillərinin yayılması, fiziki aktivliyin azalması və sürətli, nizamsız qidalanma bu tendensiyanı gücləndirir. İnsanlar çox vaxt qısamüddətli qidalanır, telefon qarşısında, sosial şəbəkədən istifadə edərək yemək yeyir və nə qədər qəbul etdiklərinin fərqinə varmırlar. Bu da artıq çəki və ürək-damar xəstəlikləri riskini artırır.
- Uşaqlar və yeniyetmələr arasında ürək problemləri hansı tezliklə rast gəlinir? Daha çox hansı yaş qrupları risk altındadır?
- Uşaqlar və yeniyetmələr arasında ürək problemləri əsasən genetik amillərlə bağlı hallarda müşahidə olunur. Əgər ailədə gənc yaşda ürək xəstəlikləri səbəbindən ölüm halları qeydə alınıbsa, lipid mübadiləsi pozğunluğu və ya şəkərli diabet kimi xəstəliklər mövcuddursa, bu risk uşaqlara da ötürülə bilər. Bu səbəbdən belə ailələr daha diqqətli olmalı, uşaqların erkən yaşlardan müayinədən keçirilməsi, həkim nəzarətində saxlanılması və zəruri analizlərin aparılması vacibdir. Doğrudur, yeni doğulan uşaqlarda aparılan daban testi bəzi mübadilə xəstəliklərini aşkar etməyə kömək edir və ilkin siqnal rolunu oynaya bilər. Bununla belə, ailə genetkasında risk amilləri olan valideynlərin uşaqlarını daha erkən yaşlarda əlavə müayinələrə cəlb etməsi tövsiyə olunur.
- Qidalanma baxımından Azərbaycanda geniş yayılmış hansı vərdişlər ürək sağlamlığı üçün təhlükə yaradır?
- Azərbaycanda qidalanma baxımından ən çox rast gəlinən problemlərdən biri yağlı və heyvani mənşəli qidaların üstünlük təşkil etməsidir. Çiy və təbii qidalara kifayət qədər üstünlük verilmir, əksər hallarda yeməklər bişirilmiş və bəzən də həddindən artıq bişmiş şəkildə qəbul olunur. Digər mühüm məqam duzdan normadan artıq istifadə edilməsidir. Turşular, şorabalar və müxtəlif souslar vasitəsilə gündəlik qəbul edilən duz miqdarı çox vaxt normanı keçir. Bununla yanaşı, yağların keyfiyyətsiz olması və ya düzgün istifadə edilməməsi də risk yaradır. Məsələn, soyuq halda istifadə üçün nəzərdə tutulan yağların qızdırılması onların tərkibində arzuolunmaz dəyişikliklərə səbəb olur ki, bu da ümumilikdə qidalanma balansına və ürək sağlamlığına mənfi təsir göstərə bilər.
- Kərə yağının ürək-damar sağlamlığına təsiri ilə bağlı fikirlər birmənalı deyil. Siz necə düşünürsünüz?
- Əslində yağı ümumilikdə zərərli hesab etmək doğru olmazdı. Çünki yağlar orqanizm üçün vacib sayılır və hormonal sistemin normal fəaliyyəti üçün mühüm rol oynayır. Orqanizmdə bir çox proseslərin tənzimlənməsi məhz hormonlardan asılıdır. Burada əsas məsələ yağın növü, keyfiyyəti və nə qədər, hansı miqdarda, necə istifadə olunmasıdır. Kərə yağı təmiz və keyfiyyətli süddən hazırlanıbsa, gündəlik norma çərçivəsində istifadə edildikdə faydalı ola bilər. Lakin onun tamamilə qızardılmış formada istifadəsi, yəni yüksək temperaturda işlənməsi keyfiyyətinin azalmasına səbəb olur. Eyni zamanda, gün ərzində normadan artıq - səhər, günorta və axşam fasiləsiz şəkildə istifadə edilməsi də normadam artıq qəbul deməkdir
- Ürək üçün faydalı hesab olunan əsas qidalar hansılardır? Gündəlik rasion necə qurulmalıdır ki, ürək-damar sistemi qorunsun?
- Əslində konkret porsiya demək bir qədər çətindir, çünki qidalanma hər bir insanın yaşı və çəkisinə uyğun fərdi şəkildə tənzimlənməlidir. Amma ümumi olaraq zülal, yağ və karbohidrat balansının düzgün qurulması əsas şərtlərdən biridir. Daha çox lifli qidalara üstünlük verilməsini tövsiyə edərdim. Xüsusilə çiy və təzə tərəvəzlər ürək-damar sistemi üçün faydalıdır. Eyni zamanda kaliumla zəngin qidalar da ürəyin fəaliyyətinə müsbət təsir göstərir. Bundan əlavə, maqneziumun kifayət qədər qəbulu vacibdir. Əgər qida vasitəsilə bu element tam təmin olunmursa, əlavə vasitələrlə qəbul edilə bilər. Omeqa tərkibli qidalar, xüsusilə balıq və qoz ürək sağlamlığı baxımından faydalı hesab olunur və gündəlik rasionda yer alması tövsiyə edilir.
- Yağlı qidalar və fast-food məhsullarının ürək-damar xəstəliklərinə təsirini necə qiymətləndirirsiniz?
- Yüksək qiymətləndirirəm. Çünki bu qidaların hansı yağda, hansı temperaturda hazırlandığını çox zaman bilmirik. Əksər hallarda düzgün olmayan üsullarla hazırlanır. Fast-food məhsullarında duz, sous və yağ miqdarı da çox olduğundan bu cür qidalar həm normadan artıq enerji qəbuluna, həm də maddələr mübadiləsinin pozulmasına səbəb olur.
- Bəzi iddialara görə, qırmızı şərabın az miqdarda qəbulu ürək üçün faydalıdır. Bu barədə nə deyə bilərsiniz?
- Doğrudur. Əvvəllər belə yanaşmalar var idi, hətta bəzi protokollarda da buna rast gəlinirdi. Amma son yanaşmalar alkoqollu içkilərin istifadəsini qadağa edir. Çünki müəyyən anda effektiv, müsbət təsir kimi görünən hal sonradan əlavə problemlərə səbəb ola bilər.
- Ürək sağlamlığı üçün hər gün minimum neçə kilometr piyada gəzmək lazımdır? Bəziləri 5, bəziləri 7, digərləri 10 km deyirlər...
- Mən bunu kilometrdən çox addım ilə ifadə etməyi daha doğru hesab edirəm. Minimum olaraq hər bir insanın gündəlik 4000 addım atması məqsədəuyğundur. Əgər şəxsdə ürək-damar xəstəlikləri riski varsa, bu göstəricini 6000-8000 addıma qədər artırmaq tövsiyə olunur. Artıq ürək xəstəliyi olan və müalicə alan şəxslər isə vəziyyətlərinə uyğun şəkildə gündəlik addım sayını 10 minə qədər çatdıra bilərlər. Ümumilikdə, hər gün fiziki aktiv olmaq, ən azı piyada gəzmək ürək-damar xəstəliklərinin riskini azaldır və ümumi sağlamlığa müsbət təsir göstərir.
- Gündəlik həyatda insanların ürəyə zərər verən əsas yanlışlıqları hansılardır?
- Ən böyük yanlışlıqlar düzgün qidalanmamaq və fiziki aktivliyin az olmasıdır.
- İnfarkt öncəsi bəzi hallarda müəyyən ağrılı əlamətlərin müşahidə olunduğu deyilir. Ümumiyyətlə, hansı ilkin simptomlara diqqət edilməli və yan keçilməməlidir?
- Əgər həmin şəxs bina evində yaşayırsa və lift işləmədiyi halda 2-3 mərtəbə qalxarkən sinə nahiyəsində ağrı, yanma, göynəmə və ya ümumi narahatlıq hiss edirsə, bu artıq ciddi siqnal hesab olunmalıdır. Eyni hal kənd şəraitində də müşahidə oluna bilər. Məsələn, yol gedərkən yoxuş qalxanda sinədə ağrı və ya yanma yaranırsa, buna laqeyd yanaşmaq olmaz. Yəni əsas diqqət fiziki aktivlik zamanı ortaya çıxan ağrılara yönəldilməlidir. Şəkərli diabet kimi yanaşı xəstəliklər varsa, bu zaman ürək-damar sistemi baxımından dəyərləndirilməlidir. Digər vacib məqamlardan biri də arterial təzyiqin nəzarətdə saxlanılmasıdır. Çünki bir çox hallarda insanlar təzyiqinin yüksək olduğunu bilmirlər. Nəticədə təzyiq kəskin yüksələrək ürək, beyin və digər həyati orqanlara zərər verə bilir.
- Kişilər və qadınlar arasında ürək-damar xəstəliklərinin yayılmasında hansı fərqlər var?
- Biz kişiləri hər zaman +1 edirik. Belə ki, kişilər daha yüksək risk qrupuna daxildir. Bu, əsasən hormonal fərqlərlə bağlıdır. Qadın hormonları müəyyən yaşa qədər ürək-damar xəstəliklərinə qarşı müəyyən qədər qoruyucu rol oynayır. Menopauzadan sonra isə qadınlarda da ürək xəstəliklərinin riski artır.
- Regionlarla paytaxt arasında ürək-damar xəstəliklərinin yayılmasında fərqlər varmı? Bu fərqləri hansı amillər şərtləndirir?
- Regionlarda ürək-damar xəstəliklərinə nisbətən daha az rast gəlinir. Bunun əsas səbəblərindən biri insanların daha çox fiziki aktiv olmasıdır. Lakin burada başqa bir problem mövcuddur. Regionlarda yaşayanlar çox vaxt vaxtında həkimə müraciət etmirlər və nəticədə xəstəliklər gec mərhələdə aşkar olunur. Şəhər yerlərində isə bu xəstəliklər daha çox qeydə alınır. Bu, bir tərəfdən insanların daha tez-tez müayinədən keçməsi ilə bağlıdırsa, digər tərəfdən həyat tərzi ilə əlaqəlidir. Şəhərdə fiziki aktivlik aşağıdır, qidalanma vərdişləri fərqlidir və stress səviyyəsi daha yüksəkdir.
- Hansı bölgələrimizdə ürək xəstəliklərinə daha çox rast gəlinir?
- Mən bölgə adı çəkməkdənsə deyərdim ki, daha çox Bakı və iri şəhərlərdə aşkarlanır. Çünki həm müayinə imkanları daha çoxdur, həm də rayonlardan olan xəstələr də gəlib burada yoxlanılırlar.
- Gənc yaşda baş verən infarktların əsas səbəbləri nələrdir və bu halların qarşısını necə almaq olar?
- Gənc yaşlarda baş verən infarktlar daha çox genetik amillər və zərərli vərdişlərlə bağlı olur. Qarşısını almaq üçün insan öz genetikasını bilməli, orqanizmini tanımalı, vaxtında həkimə müraciət etməli, müayinədən keçməli və həyat tərzində lazımi dəyişiklikləri etməlidir.
- Ürək əməliyyatlarından (stent və s.) sonra xəstələr həyat tərzində hansı dəyişiklikləri etməlidirlər?
- Bu xəstələr mütləq zərərli vərdişlərdən uzaq durmalı, qidalanma rejimini dəyişməli, fiziki aktivliyi artırmalı və həkim tərəfindən təyin olunan dərmanları vaxtında qəbul etməlidirlər.
- Risk qrupuna daha çox hansı şəxslər daxildir? Kimlər mütəmadi olaraq kardioloji müayinədən keçməlidirlər?
- Əslində, hər kəs müəyyən mənada risk altındadır. Biz kişilərə 30 yaşdan, qadınlara isə 40 yaşdan sonra heç bir şikayət yoxdursa, ən azı bir dəfə kardioloji müayinə olunmağı tövsiyə edirik. Əgər şikayət varsa və ya ailədə genetik risk mövcuddursa, bu müayinələr daha erkən yaşlarda aparılmalıdır.
- Türkəçarə ilə məşğul olan şəxslər ürək damarlarındakı tıxanıqların açılması üçün müxtəlif üsullar təklif edirlər. Necə düşünürsünüz, tutulan ürək damarları türkəçarə üsulları ilə açıla bilərmi?
- Xeyr, tutulan ürək damarını heç bir türkəçarə üsulla açmaq mümkün deyil. Bu cür üsullar damar daxilində yaranmış tıxanıqlığı aradan qaldıra, “əridə” bilmir. Damar tutulduqdan sonra olduğu kimi qalır. Hətta dərman müalicəsi ilə yalnız prosesin irəliləməsinin və yeni tıxanıqların yaranmasının qarşısını almaq mümkündür. Bu baxımdan, son tibbi yanaşmalar da göstərir ki, xolesterin mübadiləsində pozğunluq varsa və qanda səviyyə yüksəlibsə, yaşa baxmadan vaxtında dərman müalicəsinə başlamaq vacibdir.
- Beynəlxalq təcrübədə ürək-damar xəstəliklərinin müalicəsində hansı yanaşmalar ön plana çıxır?
- Təkcə ölkəmizdə deyil, dünyada da ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında ön sıralarda yer alır. Bir çox ani ölüm halları məhz bu xəstəliklərlə əlaqələndirilir. Lakin bəzi hallarda bu ölümlərin altında yatan səbəblər birbaşa ürəklə bağlı olmaya da bilər. Son dövrlərdə sosial şəbəkələrin təsirinin artması, qidalanma vərdişlərinin pozulması, fiziki aktivliyin azalması, şəhər tipli həyatın artması və stress faktorunun çoxalması ürək-damar xəstəliklərinin daha da yayılmasına səbəb olur.

- Son illərdə kardiologiyada hansı yeni müalicə imkanları önə çıxıb?
- Son illərdə invaziv müdaxilələrin artması və təkmilləşməsi infarktdan ölüm hallarının azalmasına təsir edib. Vaxtında stent qoyulduqda ürək daha az zədələnir və xəstənin yaşam müddəti uzanır. Ürək qapağı əməliyyatları, damar dəyişimi əməliyyatları və digər müasir müdaxilələr də xəstələrin həyat keyfiyyətini və ömür uzunluğunu artırır. Həmçinin diaqnostika sahəsində də texnologiyalar inkişaf edir və bu, həkimlərin işini asanlaşdırır.
- Yeri gəlmişkən, rəqəmsal texnologiyaların, süni intellektin tibbdə tətbiqini necə qiymətləndirirsiniz?
- Bu texnologiyalar artıq müəyyən müayinə sahələrində istifadə olunur. Hələ tam formalaşmış sistem deyil, amma bəzi hallarda həkimə kömək edə, diaqnostika prosesini sürətləndirə bilər. Gələcəkdə isə daha da inkişaf edəcəyini düşünürəm.
- Xəstələrin həkimə müraciət etmədən süni intellektlə öz problem və müalicə üsullarını dəyərləndirməsinə münasibətiniz necədir?
- Mən bunu düzgün hesab etmirəm. Çünki bu sistemlər yalnız yardımçı vasitə ola bilər. İnsanlar tibbi bilik və protokolları tam bilmədikləri üçün oradan aldıqları məlumatı özbaşına tətbiq etdikdə yanlış nəticələrlə üzləşə bilərlər. Məhz bu baxımdan söyləyə bilərik ki, həkim müayinəsi heç nə ilə əvəz oluna bilməz.
- Azərbaycanda və xarici ölkələrdə ürək-damar xəstəliklərinin müalicəsi arasında ciddi fərqlər varmı?
- Mən hesab edirəm ki, kardiologiya sahəsində ölkəmizdə də kifayət qədər imkanlar var. Bu sahədə savadlı və peşəkar mütəxəssislərimiz mövcuddur, müayinə və müdaxilə üsulları da yetərincə inkişaf edib. Ona görə də hər bir halda xaricə üz tutmaq vacib deyil. Əsas məsələ xəstənin şikayətinə uyğun düzgün mütəxəssisə müraciət etməsidir.
- Kompüter qarşısında uzun müddət oturmağın və sosial şəbəkələrdən aktiv istifadənin ürək-damar xəstəliklərinə təsiri barədə nə deyə bilərsiniz?
- Burada əsas məsələ şüalanmadan çox stress faktorudur. Sosial şəbəkədən həddindən artıq istifadə həm uşaqlarda, həm yeniyetmələrdə, həm də böyüklərdə çox böyük stress yaradır. İnsan günə stressli xəbərlərlə başlayır, gün ərzində bu təsir davam edir, gecə də eyni məlumatlarla üzləşir. Bu isə hormonal balansın, sinir sisteminin və damar sisteminin normal fəaliyyətini poza bilir. Nəticədə yüksək təzyiq, şəkərli diabet, maddələr mübadiləsinin pozulması və sonradan ürək-damar xəstəlikləri, hətta insult riski arta bilər.
- Yekun olaraq, profilaktika baxımından ürək-damar xəstəliklərindən qorunmaq üçün əsas tövsiyələriniz nələrdir?
- İlk növbədə hər bir insana öz orqanizmini tanımağı tövsiyə edərdim. Qidalanmaya diqqət yetirmək, sosial şəbəkədən həddindən artıq istifadədən çəkinmək və zərərli vərdişlərdən uzaq durmaq vacibdir. Eyni zamanda, daha pozitiv həyat tərzi seçmək də çox önəmlidir. Çünki sağlam düşüncə ümumi sağlamlığa da müsbət təsir göstərir. Beləliklə, bu amillər xəstəlik riskinin azalmasına kömək edir. Ən əsası isə odur ki, hər hansı şikayət olduqda bunu uzatmamaq, vaxtında həkimə müraciət edərək səbəbi araşdırmaq lazımdır.