Krım yarımadasının bütün ərazisində elektrik enerjisinin verilişi dayanıb, kütləvi kəsinti nəticəsində bütün şəhər və rayonlarda istehlakçılar işıqsız qalıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın nəzarətində fəaliyyət göstərən "Krımenerqo" şirkəti məlumat yayıb.
Bildirilib ki, yüksək gərginlikli elektrik şəbəkələrində baş verən və "xarici təsirlər"lə əlaqələndirilən texnoloji nasazlıqlar səbəbindən Krımın bütün şəhər və rayonlarında istehlakçılara elektrik enerjisinin verilişi dayandırılıb.
Bundan əvvəl gecə saatlarında Sevastopol şəhərində də elektrik enerjisinin kəsildiyi açıqlanmışdı. Rusiyanın təyin etdiyi Sevastopol rəhbəri Mixail Razvojayev enerji infrastrukturuna şəhərdən kənarda hücum edildiyini bildirib.
Onun sözlərinə görə, sosial əhəmiyyətli obyektlər ehtiyat enerji təchizatı sxeminə keçirilib. Razvojayev sakinlərə mobil telefonlarının enerji sərfiyyatına qənaət etməyi və elektrik bərpa olunduqdan sonra bütün məişət cihazlarını eyni anda işə salmamağı tövsiyə edib.
Elektrik kəsintisi səbəbindən səhər saatlarında Sevastopolda trolleybuslar da marşrutlara çıxmayıb.