Modern.az

Azərbaycana böhtan atanlar gülünc vəziyyətdə qalacaqlar – komitə sədri

Azərbaycana böhtan atanlar gülünc vəziyyətdə qalacaqlar – komitə sədri

Aktual

Bu gün, 17:41

Azərbaycanda vahid məktəbli geyimi ilə bağlı qaydaların Türkiyədə bəzi dairələr tərəfindən fərqli təqdim olunması, eləcə də ölkəmizin Ankaradakı səfirliyi və İstanbuldakı Baş konsulluğu qarşısında keçirilən etiraz aksiyaları iki ölkə arasındakı münasibətlər ətrafında müzakirələrə səbəb olub.

Modern.az-a açıqlama verən Milli Məclisin Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Anar İsgəndərov bildirib ki, Azərbaycanın uğurlarını qəbul etmək istəməyən müəyyən qüvvələr məktəbli geyimi məsələsini ölkəmizə qarşı ittihamlar səsləndirmək üçün bəhanəyə çeviriblər.

“Qısa müddət ərzində böyük uğurlar qazanan Azərbaycanı hamı istəmir, hamı onun uğurlarına sevinmir. Həm ölkə daxilində, həm də xaricdə müəyyən qüvvələr birləşə bilirlər. O cümlədən Türkiyədəki bəzi dairələr də bu prosesdə iştirak edirlər. Əlbəttə, söhbət 86 milyonluq Türkiyə cəmiyyətinin hamısından getmir. Müxtəlif cərəyanlara və əqidələrə xidmət edən bəzi şəxslər məktəbli geyimini bəhanə edərək Azərbaycana qarşı hər cür böhtanlar səsləndirməyə başlayıblar”.

Deputat vurğulayıb ki, ayrı-ayrı şəxslərin açıqlamaları və etirazları Azərbaycanla Türkiyə arasında əsrlərə söykənən qardaşlıq münasibətlərinə kölgə salmamalıdır.

“Bu insanlar anlamırlar ki, Balkan müharibələri və Birinci Dünya müharibəsi dövründə azərbaycanlı gənclər Rusiya imperiyasının təbəələri olmalarına baxmayaraq, gizli yollarla Osmanlı ərazisinə gedərək onun uğrunda döyüşür, şəhid olurdular. Bunun ən bariz nümunələrindən biri Çanaqqala döyüşləridir. Həmin döyüşlərdə 5 mindən artıq azərbaycanlı gəncin şəhid olduğu bildirilir.

1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusunun Bakını azad etməsi də iki xalq arasındakı qardaşlığın tarixi nümunəsidir. Türkiyə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü məsələsində hər zaman mühüm dəstək göstərib. Azərbaycan da Türkiyənin yanında olub”.

Anar İsgəndərov Türkiyədə Azərbaycana qarşı səsləndirilən fikirlərin bütövlükdə qardaş ölkənin mövqeyi kimi qiymətləndirilməsinin yanlış olduğunu bildirib.

Onun sözlərinə görə, hətta bəzi dövlət rəsmilərinin belə açıqlamalar verməsi təəssüf doğursa da, bu, iki ölkə arasındakı strateji münasibətlərin gələcəyini müəyyənləşdirə bilməz.

“Bəzən Azərbaycana dost və səmimi münasibətdə olan, dövlət yönümlü mövqe sərgiləyən məmurların da belə fikirlər səsləndirməsi təəssüf doğurur. Amma bir qədər sonra hər şey durulacaq, hər şey öz yerini tapacaq. Azərbaycanla Türkiyə arasında dostluq əvvəlki məcrada inkişaf edəcək.

Azərbaycanın maraqlarına zidd çıxış edən, ölkəmizə böhtan atan insanlar isə gülünc vəziyyətdə qalacaqlar. Çünki iki xalq ən çətin məqamlarda, ən ağır günlərdə bir-birinin yanında olub. Bunu tarix, Mustafa Kamal Atatürkün, Heydər Əliyevin və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət göstərir”, – deyə deputat qeyd edib.

Millət vəkili Azərbaycanın dövlətçilik maraqlarından və müəyyən etdiyi inkişaf yolundan geri çəkilməyəcəyini də vurğulayıb.

O bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı isə dövlətin əsas prioritetlərindən biridir.

“Bu siyasət hamımıza məlumdur. Azərbaycanı bu yoldan heç kim döndərə bilməz, ölkəmizin yolunu heç kim kəsə bilməz. Çünki bu yol Azərbaycan xalqının xoşbəxt gələcəyini müəyyən edir”, – deyə Anar İsgəndərov fikrini yekunlaşdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?