Salyan Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.
Modern.az xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi nitqdən irəli gələn vəzifələrin müzakirəsi, qarşıda duran prioritet istiqamətlərin müəyyənləşdirilməsi və bu sahədə görüləcək işlərin əlaqələndirilməsi məqsədilə müşavirə keçirilib. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Rayon Ağsaqqallar Şurasının və Ziyalılar Birliyinin sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak ediblər.
Müşavirədə geniş məruzə ilə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmasını, qurultayın Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi əhəmiyyətini vurğulayıb, milli təhlükəsizliyin təmin olunması və dayanıqlı inkişafın davam etdirilməsi istiqamətində qarşıda duran prioritetlər barədə danışıb.
Rayon rəhbəri çıxışında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın böyük inkişaf yolu keçdiyini, dövlətimizin beynəlxalq mövqelərinin möhkəmlənməsini, iqtisadi potensialının artmasının, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasını xüsusi qeyd edib. O, Prezident İlham Əliyevin qurultaydakı nitqi Azərbaycanın yeni tarixi mərhələdə qarşısında duran strateji hədəfləri, dövlət siyasətinin əsas prioritetlərini və qarşıdakı dövrdə həyata keçirilməli olan mühüm vəzifələri özündə əks etdirdiyini diqqətə çatdırıb.
Rayon rəhbəri xüsusilə gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin, milli-mənəvi dəyərlərin qorunması, onların təhsilinə və inkişafına diqqətin artırılması, dövlət siyasətinin prioritetlərinin ictimaiyyətə çatdırılması və maarifləndirmə işinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə sistemli fəaliyyətin təşkili, əhali ilə əlaqələrin genişləndirilməsi, gənclərin ictimai təşəbbüslərə cəlb edilməsi və dövlətçilik ənənələrinin təbliğini əsas vəzifələr kimi diqqətə çatdırıb.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin, dövlət siyasətinin yerlərdə ardıcıl həyata keçirilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının və rayonun sosial-iqtisadi inkişafı istiqamətində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq qarşıya qoyulan vəzifələrin ardıcıl icrasının hər kəsin məsuliyyəti olduğunu bildirərək müstəqilliyimizin qorunmasının, dövlətçiliyimizin möhkəmləndirilməsinin və ölkəmizin gələcək inkişafının ümumi məqsədimiz olduğunu diqqətə çatdırıb.
Müşavirədə məruzə ətrafında çıxış edən digər natiqlər də Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin əhəmiyyətindən bəhs edərək dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi, ölkəmizin iqtisadi qüdrətinin artırılması, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və cəmiyyətin inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi məsələlərinə toxunublar.