Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Maqsud Babayev vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib.
Maqsud Babayev 1952-ci ildə Quba rayonunun Çiçi kəndində anadan olub. 1969-1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsində, 1976-1980-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasında təhsil alıb. 1980-1988-ci illərdə Tbilisi Dövlət Universitetində “Azərbaycan Respublikasının suvarılan torpaq ərazilərində kənd təsərrüfatı istehsalının ərazi təşkili və aqrar sənaye komplekslərinin formalaşması problemləri - Mil-Qarabaq düzənliklərinin timsalında” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək “Coğrafiya elmləri və ətraf mühitin mühafizəsi” ixtisası üzrə alimlik dərəcəsi alıb.
1973-1976-cı illərdə Qubada pedoqoji fəaliyyət göstərib, 1976-1977-ci illərdə Dövlət Təbiəti Mühafizə Komitəsində baş müffəttiş, 1978-1994-cü illərdə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda baş elmi işçi, 1994-2001-ci illərdə Dövlət Təbiəti Mühafizə Komitəsinin Xəzər dənizinin ətraf mühitinin mühafizəsi müfəttişliyi şöbəsinin müdiri, 2001-2007-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər dənizinin ətraf mühitinin və bioloji sərvətlərinin mühafizəsi bölməsinin rəhbəri, 2007-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin rəisi, 2008-2014-cü illərdə ARDNŞ-in “Ekol Mühəndislik Xidmətləri” QSC-də Səyyar Monitorinq Xidmətinin rəisi, 2014-2018-ci illərdə “Azərsu” ASC-də Texnoloji proseslərə və suyun keyfiyyətinə nəzarət şöbəsinin rəisi, baş texnoloq vəzifələrində çalışıb. 2021-ci ildən isə BDU-nun Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasında müəllim işləyib.
Allah rəhmət eləsin!