Azərbaycan Cənubi Qafqazda sülhün və regional əməkdaşlığın möhkəmləndirilməsini, eləcə də “Cənubi Qafqaz evi” ideyasının reallaşdırılmasını dəstəkləyir. Bununla yanaşı, Ermənistanın son dövrdə Qərblə siyasi və təhlükəsizlik əlaqələrini genişləndirməsi, Rusiya ilə münasibətlərində isə gərginliyin artması regionun geosiyasi mənzərəsinə təsir edən əsas amillərə çevrilib.
Ermənistanın xarici siyasətindəki dəyişikliklərin Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün hansı nəticələr doğura biləcəyi, eləcə də İrəvanın xarici siyasət kursunun regionda vahid əməkdaşlıq platformasının yaradılmasına təsiri müzakirə mövzusu olaraq qalır.
Mövzu ilə bağlı sabiq səfir Nəsib Nəsibli Modern.az-a açıqlama verib:
"“Qafqaz evi” məsələsinin uzun bir tarixi var. Hələ 1820-ci illərdən etibarən, eləcə də sonrakı dövrdə, xüsusilə siyasi mühacirət illərində Azərbaycan və Gürcüstan nümayəndələri bu ideyanı dəstəkləyib və onu regionun müstəqilliyinin, təhlükəsizliyinin əsas təminatlarından biri hesab ediblər. Lakin erməni tərəfi həmin dövrdə bu ideyaya fərqli yanaşırdı. Əvvəl Antanta və İngiltərənin yanında olmağa üstünlük verirdilər, sonrakı mərhələdə isə Rusiyaya yaxın siyasət yürüdüblər. Erməni siyasətçilərinin Rusiyaya bağlılığı tarixən məlum məsələdir.
Onlar uzun müddət “komplementar siyasət” adlandırdıqları, yəni müxtəlif güc mərkəzləri ilə münasibətləri balanslaşdırmağa və onlardan eyni vaxtda yararlanmağa əsaslanan strategiyaya üstünlük veriblər.
Lakin 2020-ci ildəki məğlubiyyət Ermənistan üçün bu məsələyə daha ciddi yanaşmağa səbəb oldu. Ermənistanın hazırkı xarici siyasətinə baxdıqda, “komplementar siyasət”in onlar üçün müəyyən məntiqi əsasının olduğunu görmək mümkündür. Bir tərəfdə Rusiyanın Ermənistanla tarixi və siyasi əlaqələri, digər tərəfdə isə Avropa ilə münasibətlər və xristian həmrəyliyi amili dayanır. Ermənistan da bu iki istiqamət arasındakı imkanlardan öz maraqları naminə istifadə etməyə çalışır".

N.Nəsibli Rusiyanın Ermənistanda əvvəlki təsir imkanlarının müəyyən qədər bərpa oluna biləcəyi ehtimalı olduğunu bildirib:
"Paşinyan hakimiyyətdə daim qalmaya bilər. Gələcəkdə siyasi vəziyyət dəyişə, Rusiyanın Ermənistanda əvvəlki təsir imkanları müəyyən qədər bərpa oluna bilər. Lakin mən hesab edirəm ki, Ermənistan ümumilikdə bu “komplementar siyasət”dən, yəni müxtəlif güc mərkəzləri ilə münasibətləri paralel şəkildə inkişaf etdirmək strategiyasından tamamilə imtina etməyəcək.
Əlbəttə, məsələyə Azərbaycanın maraqları baxımından yanaşdıqda, regionda sülhün və sabitliyin bərqərar olması bizim xeyrimizədir. Azərbaycan bu üç ölkə arasında ən güclü dövlət olmaqla yanaşı, ciddi iqtisadi və siyasi potensiala da malikdir. Əgər Azərbaycan bu potensialdan rasional və düzgün şəkildə istifadə edə bilsə, “Cənubi Qafqaz evi” ideyasının reallaşması ölkəmizə və bütövlükdə regiona böyük fayda verə bilər.
Bütün hallarda Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması regionun hər üç əsas ölkəsinin maraqlarına cavab verir. Buna görə də bu istiqamətdə səylərin davam etdirilməsi vacibdir".
Nicat Rüstəm