Azərbaycanla Ermənistan arasında sülh prosesi kövrək olaraq qalır.
Bunu Modern.az-a müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
Komitə sədri bildirib ki, Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı mövqeyi və tələbləri bəllidir. Lakin prosesin irəliləməsi Ermənistanın siyasi qərarlarından və regiondakı geosiyasi vəziyyətdən də asılıdır.
Onun sözlərinə görə, İran, Rusiya və Avropanın mövqeyi, eləcə də Ermənistan daxilindəki revanşist qüvvələrin fəaliyyəti sülh prosesinə təsir göstərə biləcək amillərdəndir. S.Seyidov Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarına baxmayaraq, lazımi siyasi qərarları vermək imkanlarının da sual altında olduğunu vurğulayıb:
“Azərbaycan tərəfinin sülh müqaviləsinin imzalanması ilə bağlı mövqeyi və tələbləri bəllidir. Lakin prosesin irəliləməsi təkcə Azərbaycanın mövqeyindən deyil, Ermənistanın daxili qərarvermə imkanlarından və regiondakı geosiyasi vəziyyətdən də asılıdır. İran, Rusiya və Avropanın mövqeyi, eləcə də Ermənistan daxilindəki revanşist qüvvələrin sülh prosesinə təsir göstərməsi kimi amillər var. Eyni zamanda, burada Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışlarına baxmayaraq, bu istiqamətdə lazımi siyasi qərarları vermək gücündə olmaması da ayrıca bir faktordur”.
S.Seyidov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi “Sülh kövrəkdir” fikrini xatırladaraq bunun prosesdəki qeyri-müəyyənliklərə işarə etdiyini bildirib:
“Cənab Prezident Yeni Azərbaycan Partiyasının VIII qurultayında çıxışı zamanı sülhün kövrək olduğunu bildirdi. Bu o deməkdir ki, hər şey ola bilər. Mövcud qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycan sülh prosesində müəyyən etdiyi istiqamətdən dönməməli və əldə olunan irəliləyişlərin davam etdirilməsinə çalışmalıdır”.
Komitə sədri sülh prosesindəki qeyri-müəyyənliklərə baxmayaraq, müəyyən irəliləyişlərin əldə olunduğunu da qeyd edib. O, TRIPP layihəsi ilə bağlı Ermənistan parlamentində aparılan prosesi və layihənin icrası üçün şirkətin yaradılmasını bu baxımdan diqqətə çatdırıb:
“Bəli, qeyri-müəyyənlik var. Paşinyan sülh müqaviləsi ilə bağlı gah 2027-ci ili, gah da 2031-ci ili işarə edir. Lakin buna baxmayaraq, TRIPP layihəsini parlamentdə müzakirəyə çıxardı. TRIPP layihəsi ratifikasiya olunub. Artıq TRIPP layihəsi ilə bağlı şirkət də yaradılıb. Ekskavatorların yanvardan qazıntı aparmağa başlayacaqlarını deyirlər. İndi baxaq, görək, bunu edəcəklər, yoxsa yox”, – deyə S.Seyidov bildirib.