Modern.az

Ermənilər yenə köhnə oyunlara başlayırlar - komitə sədri

Ermənilər yenə köhnə oyunlara başlayırlar - komitə sədri

Analitika

Bu gün, 17:24

Ermənistanın anklavlar, TRIPP layihəsi və yeni konstitusiya ilə bağlı məsələlərdə konkret addımlar atmaması Azərbaycanla sülh prosesinin gələcəyi ətrafında müzakirələri yenidən gündəmə gətirib. Ermənistanın Baş naziri Nikol Paşinyanın da sülh müqaviləsinin 2031-ci ilə qədər imzalanacağını deməsi bu ölkənin sülh prosesini yubatmaq niyyətindən xəbər verir.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Ermənistan hakimiyyəti referendum keçirmək niyyətində deyil:

“Ermənistan rəhbərliyi anklav məsələsi, digər yandan TRIPP layihəsi ilə bağlı heç nə etmir. Nikol Paşinyan birbaşa sülh müqaviləsinin 2031-ci ilə qədər uzadılması ilə bağlı bəyanat verərək, faktiki olaraq sülhü əngəlləyir. Əsas narahat edən məqam isə seçkidən əvvəl də, seçkidən sonra da dünya ictimaiyyətinə bəyan edirdilər ki, seçkilərdən sonra referendum keçirərək konstitusiyanın heç olmasa ilk variantını insanlara təqdim edəcəklər. Ancaq yeni konstitusiyadan xəbər-ətər yoxdur. Referendum keçirmək fikrində də deyillər”.

    

Səməd Seyidovun sözlərinə görə, Ermənistanın bu davranışı sülh prosesini təhlükə altına qoyur:

“Bunların hamısı cənab Prezident demişkən, üçüncü oyun oynamaqdır. Bu oyun çox xətalı və təhlükəlidir. Cənab Prezidentin dediyi kimi, sülh prosesi çox kövrəkdir və ciddi yanaşma tələb edir. Bunlar sülh prosesinə xələl gətirmək istəyirlər, ya da başqa fikirləri var, nələrisə gözləyirlər, nəyəsə ümidlidirlər. Azərbaycan xalqı bilməlidir ki, ermənilər yenə də köhnə oyunlara başlayırlar. Bunlar həm Avropa İttifaqının onlara hansısa kömək göstərəcəyinə, həm də güvəndikləri digər qüvvələrin onları vəziyyətdən çıxaracağına ümid edirlər”.

Deputat əlavə edib ki, Azərbaycana qarşı müxtəlif təzyiq vasitələrinin eyni vaxtda gündəmə gəlməsi diqqət çəkir:

“Cənab Prezident YAP-ın iclasında dedi ki, Azərbaycanın bir balaca ayağı büdrəyən kimi ona arxadan bıçaq vurdular. Avropa Parlamenti bəyanat qəbul etdi, Azərbaycana qarşı hibrid hücumlar, kənardan müdaxilələr, təzyiqlər və konqresmenlərin müraciəti eyni anda baş verən proseslər kimi görünür. Düşünürəm ki, Ermənistan bu prosesi müşahidə edən kimi sülh prosesini əngəlləməyə başladılar. Bu, düşünülmüş, planlaşdırılmış və xaricdən Azərbaycana təzyiqin bir formasıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı