Modern.az

Sülh sazişini 2031-ci ilədək uzatmaq İrəvanın niyyətinə şübhə yaradır

Sülh sazişini 2031-ci ilədək uzatmaq İrəvanın niyyətinə şübhə yaradır

Analitika

Bu gün, 17:43

Ermənistanın anklavlar, TRIPP layihəsi və yeni konstitusiya ilə bağlı məsələlərdə konkret addımlar atmaması Azərbaycanla sülh prosesinin gələcəyi ətrafında müzakirələri yenidən gündəmə gətirib. Ermənistanın Baş naziri Nikol Paşinyanın da sülh müqaviləsinin 2031-ci ilə qədər imzalanacağını deməsi bu ölkənin sülh prosesini yubatmaq niyyətindən xəbər verir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Kamran Bayramov Modern.az-a bildirib ki, hərbi mərhələnin başa çatmasından sonra təbii olaraq növbəti addım sülhün hüquqi müstəvidə rəsmiləşdirilməsi olmalı idi:

“Azərbaycanla Ermənistan arasında onilliklər boyu Cənubi Qafqazın inkişafını girov saxlayan münaqişə 2020-ci ildə öz məntiqi sonluğuna yaxınlaşdı, 2023-cü ilin sentyabrında isə Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ilə bu məsələyə qəti şəkildə nöqtə qoyuldu. Hərbi mərhələnin başa çatmasından sonra təbii olaraq növbəti addım sülhün hüquqi müstəvidə rəsmiləşdirilməsi olmalı idi və bu istiqamətdə müəyyən irəliləyişlər də əldə edilmişdi. Belə ki, 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə liderlərin görüşü baş tutdu, xarici işlər nazirləri tərəfindən isə sülh sazişinin mətni paraflandı”.

Kamran Bayramovun sözlərinə görə, bu mərhələdən sonra Ermənistan Konstitusiyasındakı ərazi iddialarını özündə ehtiva edən müddəaların aradan qaldırılması və sazişin imzalanması zəruri idi:

“Bu mərhələdən sonra yeganə zəruri addım Ermənistan Konstitusiyasındakı ərazi iddialarını özündə ehtiva edən müddəaların aradan qaldırılması və sazişin imzalanması idi. Lakin rəsmi İrəvan əvvəlcə bir il sonra keçiriləcək seçkiləri bəhanə edərək prosesi uzatdı, iyun ayında seçkilər arxada qalsa da, erməni hökumətinin başçısı Nikol Paşinyan tərəfindən bu dəfə daha uzaq bir tarix – 2031-ci il səsləndirildi. Ermənistan baş nazirinin sülh sazişinin imzalanması və ratifikasiyasını 2031-ci ilə qədər olan dövrün tapşırığı kimi elan etməsi onu göstərir ki, söhbət artıq razılaşmaların bazasının formalaşdırılmasından deyil, əldə olunmuş nəticənin qəsdən qeyri-müəyyən gələcəyə ötürülməsindən gedir. Bu cür süni uzanmalar, diplomatik razılaşmanın yaxınlaşdığı bir vaxtda prosesin növbəti “beşilliyə” saxlanılması haqlı olaraq suallar doğurur və İrəvanın həqiqi niyyətləri, o cümlədən sülhə sadiqliyi ilə bağlı ciddi şübhələr yaradır”.

Deputat qeyd edib ki, Azərbaycan üçün sülh milli suverenliyin, təhlükəsizliyin və regionun dayanıqlı inkişafının təminatı deməkdir:

“Azərbaycan üçün sülh sadəcə mücərrəd diplomatik ifadə deyil, milli suverenliyin, təhlükəsizliyin və bütün regionun dayanıqlı inkişafının təminatıdır. Ölkəmiz ağır sınaqlardan keçərək beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində nəzarəti bərpa edib və yeni siyasi reallıqlar yaratmağa müvəffəq olub, lakin bu prosesin məntiqi davamı olaraq silahlı qarşıdurmaya qayıtmağı istisna edən və qarşılıqlı öhdəlikləri təsbit edən saziş qaçılmazdır. Buna baxmayaraq, sülh prosesinin daimi olaraq aralıq vəziyyətdə saxlanılması qeyri-müəyyənliyə, qarşılıqlı şübhələrə və müxtəlif siyasi manevrlərə geniş meydan açır ki, bu da İrəvanın bəyanatları ilə real əməli addımları arasında dərin uçurumun olduğunu göstərir”.

Onun sözlərinə görə, Ermənistanda bəzi siyasi qüvvələrin və revanşist dairələrin mövcud vəziyyətdən istifadə edərək regionda yaranmış reallıqları dəyişməyə çalışmaq riski də nəzərə alınmalıdır:

“Eyni zamanda, Ermənistandakı ayrı-ayrı siyasi qüvvələrin və revanşist dairələrin mövcud məqamdan və Azərbaycana qarşı aparılan informasiya hücumlarından istifadə edərək 2023-cü ildən sonra yaranmış reallıqları yenidən dəyişməyə çalışmaq riski də nəzərdən qaçırılmamalıdır. Bu cür təhlükələrin qarşısını almaq üçün şəffaf öhdəliklər, etimad mexanizmləri və ərazi bütövlüyünə qarşı hər hansı ikili standartlardan imtina etmək həyati əhəmiyyət daşıyır. Vaşinqtonun, Brüsselin və Moskvanın Cənubi Qafqazdakı maraqları fonunda prosesi yalnız xarici oyunçuların rəqabəti ilə izah etmək birtərəfli olar, çünki əsas məsuliyyət region dövlətlərinin öz üzərinə düşür. Azərbaycan sonsuz diplomatik gözləntilərə deyil, nəqliyyat kommunikasiyalarının açılmasına, ticarətə və əməkdaşlığa imkan verən real və dayanıqlı sülhə üstünlük verir. Sülh sadəcə qeyri-müəyyən müddətə təxirə salınmış bəyannamə kimi qalmamalı, əməli qərarlarla möhkəmləndirilməlidir”.

Kamran Bayramov vurğulayıb ki, Cənubi Qafqazda normal qonşuluq münasibətlərinə keçid Ermənistanın sülh sazişinin imzalanmasını gecikdirməkdən əl çəkməsindən asılıdır:

“Beləliklə, Cənubi Qafqazın tarixi qarşıdurmadan normal qonşuluq münasibətlərinə keçidi məhz İrəvanın paraflanmış sülh sazişini imzalamağa niyə hələ də hazır olmadığını dürüst şəkildə izah etməsindən və sənədin imzalanmasını 2031-ci ilə qədər uzatmaq cəhdlərindən əl çəkməsindən asılıdır. Bu məsələni yubatmaqla pərdəarxası oyunlar qurmaq bölgədə sülhə xidmət etmir və əsl sülh gələcək barədə sadəcə danışmaqla deyil, məhz bu gün qəti qərarlar qəbul etmək bacarığı ilə ölçülür”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı