Modern.az

Qarabag əlillərinin mənzil məsələsi parlamentə göndərilib

Qarabag əlillərinin mənzil məsələsi parlamentə göndərilib

Parlament

16 Fevral 2011, 17:23

Bu gün Milli Məclisin Sosial Siyasət Komitəsinin iclasında «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» qanuna dəyişiklik edilməsi barədə» qanun layihəsi müzakirəyə çıxarılıb.

Komitə sədri Hadi Rəcəbli bildirib ki, Azərbaycan MDB məkanında yeganə ölkədir ki, müharibə əlillərini həm mənzillə, həm də avtomobillə təmin edir: «Ancaq mövcud qanuvericiliyimizdə boşluq var idi. İndiyə kimi mənzil növbəsinə dayanan Qarabağ müharibəsi əlilləri dünyalarını dəyişdiyi təqdirdə, onların ailə üzvləri həmin mənzil hüququndan, imtiyazından məhrum olurdular. İndi bu məsələ öz müsbət həllini tapıb. Bu qanunun 43-cü maddəsinə yeni düzəliş təklif olunur və burada qeyd edilir ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Bu, çox mütərəqqi və hamımızın narahatçılığına son qoyan bir məsələdir».

Komitənin sədr müavini Musa Quliyev məlum dəyişikliyin çox vacib və əhəmiyyətli olduğunu vurğulamaqla yanaşı, həmin qanunun dəyişiklik edilməsi nəzərdə tutulan 43-cü maddəsində əksini tapan başqa bir məqamla bağlı təklifinin olduğunu söyləyib: «Lazım gələrsə, müvafiq icra hakimiyyəti orqanı, hətta, qanunvericilik təşəbbüsü subyekti ilə danışmaq və bu məsələni həll etmək olar. Söhbət ondan gedir ki, həmin maddənin düzəliş edilməsi nəzərdə tutulan cümləsindən əvvəl orada belə bir cümlə öz əksini tapır: 1 qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqların ailələrinə, habelə, II və III qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Mən isə belə hesab edirəm ki, bu, sovetlər dövründən qalma normativdir. Nəzərinizə çatdırım ki, Moskva kimi əhalisi sıx bir şəhərdə əlili, xəstəsi olan ailələr üçün həmin normativ 10 kvadratmetr müəyyənləşdirilib. Çox yaxşı olardı ki, bizdə də bu 9 rəqəmi 10 rəqəmi ilə əvəzlənsin».

H.Rəcəbli bildirib ki, bu təklifi gündəmdə saxlamaq olar: «Biz hələlik  bu məsələ ilə bağlı müzakirələrə yığışmışıq. Musa müəllimin təklif etdiyi məsələni isə yaxın gələcəkdə reallaşdırmaq olar. Biz bu məsələni gündəmdə saxlayacağıq».

Müzakirələrdən sonra deputatlar sənədi MM-in plenar iclasına tövsiyyə ediblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü