Modern.az

“Mezzo” telekanalında Azərbaycanın tanıtım çarxı yayımlanır

“Mezzo” telekanalında Azərbaycanın tanıtım çarxı yayımlanır

Aktual

9 Aprel 2018, 16:27

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın mədəniyyətini, incəsənətini, tarixi irsini, təbii gözəlliklərini, zəngin milli mətbəxini dünyada təbliğ etmək üçün davamlı layihələr həyata keçirir. Bu fəaliyyətin mühüm bir istiqaməti də nüfuzlu xarici telekanallarda ölkəmizlə bağlı tanıtım çarxlarının yayımlanmasıdır.

 

Modern.az xəbər verir ki, nazirliyin sifarişi ilə hazırlanan növbəti belə videoçarxın nümayişi aprelin 9-da Fransanın “Mezzo” telekanalında yayımlanmağa başlanıb.

 

Ölkəmizin memarlığının, təbiətinin və mətbəxinin zənginliyinin əks olunduğu videoçarxda dünya şöhrətli bəstəkarımız Fikrət Əmirovun məşhur “Azərbaycan kapriççiosu” əsərinin musiqisindən istifadə olunub.

 

Videoçarxın təsviri Bakıdan, gecə vaxtı işıqları sayrışan Alov qüllələrindən başlayaraq, Qəbələ musiqi festivalının açıq hava səhnəsində orkestrin ifası ilə davam edir. Fonda səslənən möhtəşəm musiqinin sədaları altında seyrçi yaşıl donlu dağlar qoynuna “yollanır”,  yenidən Bakıya qayıdır, fərqli rakursdan Azərbaycan Dövlət Akademik Filarmoniyasının binasını, Qız qalasını seyr edib, İçərişəhərdəki qədim bazar abidə kompleksindəki heykəllərlə, milli balet nümunəsi ilə tanış olur. Ardınca Şəki Xan sarayının rəngli şüşəli pəncərələrindən ətrafı seyr edib, milli mətbəximizin ən ləziz yeməklərindən olan yarpaq dolmasının hazırlanmasını izləyir. Hazır xörək isə ona adi masada deyil, Azərbaycan xalçasının üstündə təqdim edilir. Bunun ardınca sanki Azərbaycan Xalça Muzeyində qorunan “sehrli xalça” ilə səyahətə çıxaraq İçərişəhərdə mənzil başına çatır. Reklam çarxı seyrçidə Azərbaycanın görməli yerləri, mədəni irsi barədə yaddaqalan təsəvvür yaradır.

 

“Mezzo” televiziya kanalı 1992-ci ildən yayımlanır. Telekanal klassik musiqi, caz, musiqili folklora xüsusi yer verilir. Kanal əsasən konsertlər, festivallar zamanı canlı yayımda lentə alınmış musiqi proqramlarını nümayiş etdirir. Yayım şəbəkəsinə konsert, opera və balet tamaşalarının canlı yayımı, eləcə də musiqi və ifaçılar haqqında sənədli filmlər daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü