Modern.az

Deputat müəllimlərin sertifikatlaşdırılmasından YAZDI  

Deputat müəllimlərin sertifikatlaşdırılmasından YAZDI   

Aktual

13 İyun 2018, 15:55

“Bu, attestasiyanın bir qədər fərqli formasıdır”


Milli Məclisdə müzakirəsi keçirilmiş “Təhsil haqqında” Qanuna dəyişikliklər bu strateji sahənin inkişafına xidmət edəcəkdir. məktəblərdə psixoloji xidmətin yaradılması ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Təqvim ilinin sonunadək 6 yaşına çatmış uşaqların birinci siniflərə qəbul edilməsi də mövcud narazılıqların qarşısının alınmasına şərait yaradacaqdır. Eyni zamanda, uşaqların yaşadıqları ərazidəki məktəblərə qəbuluna üstünlük verilməsi də əhəmiyyətli addımdır.


Bununla bərabər, “Təhsil haqqında” Qanun layihəsində nəzərdə tutulan sertifikasiya ilə əlaqədar irəli sürülən mülahizələr birtərəflidir. Əvvəla, onu qeyd etmək istəyirəm ki, Milli Məclisin deputatlarının müzakirələr zamanı “sertifikasiya” sözü əvəzinə “sertifikatlaşdırma” ifadəsinin işlədilməsi haqqındakı təklifləri qəbulediləndir. Sertifikatlaşdırma – sertifikasiya sözünün Azərbaycan variantıdır.


Məsələnin mahiyyəti isə belədir ki, əslində Sertifikatlaşdırma indiyədək Azərbaycan təhsil sistemində tətbiq olunan Attestasiyanın bir qədər fərqli formasıdır. Attestasiya zamanı yalnız təhsilverənlərin peşə hazırlığının səviyyəsinə nəzər salınırdısa, Sertifikatlaşdırma prosesində isə həm də təhsilə yararlı olan prinsiplərə də diqqət yetirilir. Yəni müəllimlərin peşə hazırlığı ilə yanaşı, onun səhhətinin, ictimai fəaliyyətinin də nəzərdən keçirilməsi nəzərdə tutulur. Dünyanın təhsil cəhətdən inkişaf etmiş ölkələrində Attestasiya və ya Sertifikatlaşdırmanın ikisindən biri tətbiq olunur. Bu, müəllimlərin daim öz üzərlərində işləmələrinə, elmi yenilikləri, innovasiyaları öyrənməkdə maraqlı olmalarına, ictimai fəallığına zəruri bir tələb yaradır, arxayınçılığı aradan qaldırır, özünütəhsilin ardıcıllığını təmin etməyə kömək edir.

Deputat həmkarlarımızın Sertifikatlaşdırmanın elmlər doktorlarına, elmlər namizədlərinə də şamil ediləcəyi barədəki fikirləri tam əsassızdır. Çünki “Təhsil haqqında” Qanuna edilən dəyişiklik yalnız ümumi təhsil müəssisələrinə, ənənəvi qaydada desək, orta məktəb müəllimlərinə aiddir. Sertifikatlaşmanın ali təhsil pilləsinə, o cümlədən də fəlsəfə doktorları və elmlər doktorlarına heç bir dəxli yoxdur. Yəqin ki,  deputat həmkarlarım layihənin mətnindəki “ümumi təhsil” anlayışının dəqiq mahiyyətinə fikir verməyiblər. “Ümumi təhsil” yalnız orta təhsil pilləsi deməkdir.

Bundan başqa, heç orta məktəb müəllimlərinin də hamısının sertifikatlaşdırmadan keçmələri nəzərdə tutulmur. Pedaqoji sahədə birinci beş il çalışanlar, analıq məzuniyyətində olanlar, əvvəllər attestasiyadan keçənlər, üç dəfə attestasiyadan keçmiş şəxslər və başqa kateqoriyadan olanların sertifikasiyadan keçmələri tələb olunmur.

Heç şübhsiz, Sertifikatlaşdırmanın Əsasnaməsi hazırlanarkən ən zəruri tələbləri əks etdirən sadə bir yoxlama qaydası yaradılmasına ciddi fikir verilməli, bu prosesi həyata keçirən qurumlar obyektivliyi, şəffaflığı və aşkarlığı qorumalıdırlar.



İsa Həbibbəyli
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı