Modern.az

Hüseyn Cavid göyü

Hüseyn Cavid göyü

Təhsil

24 Oktyabr 2011, 14:06

Hüseyn Cavid nəinki Azərbaycan, bəşər mədəniyyətinin nadir simalarındandır. O, bənzərsiz göy adamıdır. Onun əsərlərində Göyə yüksəlmək, insaniliyə yetmək çağırışı səslənir – inamlı, inadlı, ilahi…

Oktyabrın 24-ü Azərbaycanın, türk dünyasının böyük şairi Hüseyn Cavidin anadan olmasından 129 il ötür.

1937-ci ilin qovğaları ilk olaraq aydınların sıradan çıxarılmasına, ümumən millətimizin sarsıdılmasına yönəlmişdi. Bunun ilk zərbəsini alanlardan biri də Hüseyn Cavid idi. O, həmin il iyunun 4-də həbs edilərək Sibirə sürgün edildi. 1941-ci il dekabrın 5-də imperiyanın İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko qəsəbəsində öldü.

Oktyabr ayı Cavidin doğum günü ilə əlamətdar olsa da, bir neçə aydınımızın da qətli ilə yadda qalıb. 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanın tanınmış aydınları Əhməd Cavad, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Vəli Xuluflu, Məmmədkazım Ələkbərli, Hənəfi Zeynallı, Xalid Səid Xocayev qətlə yetirildilər. İmperiya əlindən gələn etdi ki, xalqın ruhunu bütünlüklə sarsıtsın...

Bununla bağlı İnam Ata (Asif Ata) yazır: “1920-ci ildə xalqın başını kəsdilər, 1937-ci ildə ürəyini yedilər”.

***

Hüseyn Cavid yaşadığı çağa, mühitə sığmırdı. Onunla toplum arasında yerlə göy fərqi vardı. O, yerdəkilərin qurtuluşu üçün çalışan göy adamı idi. Onun əsərləri, qəhrəmanları bunu göstərir.

Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi çox sevdiyim əsərlərdəndir. İnsanın həqiqətə doğru qarşısıalınmaz, qeyri-adi, bənzərsiz sevgisini, həqiqətə qovuşmaq ehtirasını özündə əks etdirən bu əsər misilsizdir. Şişirtməsiz demək olar ki, dünya dramaturgiyasında "Şeyx Sənan" ruhlu ikinci bir əsər tapmaq çox çətindir. Ümumiyyətlə, Cavidin bütün əsərlərində insanın ali həqiqət axtarışı başlıca yer tutur:

"Hər qaranlıqda çırpınır bir nur,

Hər həqiqətdə bir xəyal uyuyur".

Şeyx Sənanı həqiqətə yetmək istəyi yandırıb-yaxır. O, sanki eşqini qarşıda gözləyən fəlakətlərdən xəbərdardır.

Zəhra ruhən Şeyx Sənanın ondan çox yüksəklikdə olduğunu anlayır. Bilir ki, Şeyx Sənanın elmi-kamalının ucalığı ruhunun qeyri-adiliyindəndir.

"Şeyx, gəl-gəl!

Sevimli Sənan, gəl-gəl!

Sənə layiq deyil o yer, yüksəl!"

Bu, artıq Sənanın Xumarın şəxsində həqiqətin səsini eşitməsidir. Sənan bu halını kimsəyə anlada bilmir.

"Ər kişidə olur bir söz, bir məram,

Əzm eylədim məhv olsa aləm tamam

Dönməm geri, hər yana yol açıq".

Əslində Şeyx Sənanı Xumarın xəyalı yaşadır. Qarşıda ucalıq, göylük aqibəti var. Müridlərin yalvarışlarına baxmayaraq Şeyx Sənan – "Yüksələn fəqət enməz, hər kim məni istərsə, göyə yüksəlsin"-deyir...

***

Əslində Şeyx Sənan ucalığını Hüseyn Cavid özü gerçəkcəsinə yaşadı, bununla da əbədiliyini göstərdi.

Şeyx Sənan göyə ucalmaq rəmzidir əslində. Göyə yüksəlmək – insanın öz daxili-mənəvi dünyasına baş vurmasıdır. Mütləq ədalətə, həqiqətə, ülviyyətə çatmasıdır.

İnam harayı səslənir Sənanların göyündə – ardıcıl, qəti!

Şeyx Sənanların, Xumarların göyləşmək həsrəti var.

Xumar – Sənanın illərlə aradığı, sonda tapdığı idealıdır.

Sənan dəyişməzliyin, bütövlüyün bütün çalarlarını Xumarda tapır və ona dəlicəsinə vurulur.

O, Xumarı səcdəgah saydığı dərəcədə, özü də onun üçün səcdəgah olur.  

Sənan Xumarını, yəni həqiqətini tapır, İnama yüksəlir, göyləşir, durulaşır, özümlüyünə qovuşur.

Həqiqətinə doğru yol gedən, əzab içində qovrulan, əzabdan fərəh alan, həqiqətinə yetəndir Sənan!

***

Ancaq Sənanın və Xumarın yanındakılar naşı inamlara tapınırlar. Onlar Sənanı və Xumarı anlamaqdan çox uzaqdırlar.

Fitnə-fəsadla, həsədlə yoğrulmuşlar inamsızlıq fəlakətinə düçar olublar.

Cavid «Şeyx Sənan»da özlərindən ayrı düşənlərin faciəsini dahiyanə şəkildə göstərir.

İnamsızlıqdan adamların içərisində qorxu, böhtan ağacı boy atır, şübhə meyvələri yetişir.

Ancaq Sənanların içərisində ədalət, ülviyyət ağacı bitir, fərəh, inam meyvələri yetişir.

Göy qətiyyəti gəlir göy oğlu Sənanın ömrünə – İradə Göyünə yüksəlir.

***

İdrakın göy səviyyəsi var – gerçək idrakdan göy qədər uca, əlçatmaz.

Cavidin Xəyyamı insanları göy idrakına qovuşmağa çağırır. Xəyyam mənəviyyatı zamana qarşıdır. O, zamandan, şəraitdən, mühitdən yüksək həqiqət istəyir.

Cavidi oxuduqca bir daha anlayırsan ki, göy işığı gərəkdir yerdəkilərə. Onlara qaranlıqları yaran, idrakın göy səviyyəsi gərəkdir.

Şairin qəhrəmanları Yer mənəviyyatından əl çəkirlər, Göy mənəviyyatına yüksəlirlər. Bu obrazlar insanları Yer ədalətsizliyinə, həqiqətsizliyinə, üviyyətsizliyinə qarşı durmağa çağırırlar.

***

Cavid «Peyğəmbər» əsərində peyğəmbərliyin mahiyyətini dərindən duyub, ifadə edib.

Peyğəmbərin ilk peyğəmbərlik illəri, halı təhlil, təqdir olunur. Cavidin Peyğəmbəri amal üçün seçilib, amala sevgisi onu ülviləşdirir, ilahiləşdirir.

Göy hökmü səslənir Cavidin peyğəmbərinin aqibətində. Sonrakı mərhələdə kitabı qılıncla əvəz edən peyğəmbərin halı Cavid qələmində  ruhani duyum ustalığıyla açılır.

***

Yer iradəsi qorxusuyla, tərəddüdüylə Göy hökmünə, qətiyyətinə qarşıdır.

Cavidin Səyavuşu ülvi, müqəddəs duyğular yiyəsidir.

Göy hökmü, Göy çağırışı düşür göy İnamlı Səyavuşun aqibətinə. Səyavuş da göy idrakına yüksəlir, yetir.

Həsrət göyünə yüksəlir Səyavuş: dərd çəkir, dərdə batır.

***

Oxu daşa dəyir göy inamlıların – göy həsrətilə yana-yana qalırlar. Göysüzlər yazırlar göylülərin aqibətini: hərcayilik, insansızlıq törədirlər. «Uçurum»da insan faciəsi bütün çılpaqlığı ilə açılır.

***

Cavidin “İblis”indəki insanilik harayı göysüzlərin inamsızlığına qarşıdır.

Yerdəkilərin İblis adlı səcdəgahı var. Yüksələn görünürlər, alçalırlar, çünki göysüzdürlər.

Cavid haray çəkir: İblisləşən Yerdə xurafat göysüzlüyü yaranıb.

Yerdəkilərin yaşamında İblis halı yaranır – zülmət gətirən. İdrak göysüzlüyündən duyğu, iradə yoxluğu yaranır.

Fitnə-fəsad, şərdən yoğrulmuş işlər törəyir Yer idrakından. Xurafat, cəhalət, anlamsız adət-ənənələr mənəviyyat göysüzlüyü yaradır.

Şairin qəhrəmanları zəlilləşmənin yaratdığı qələbəyə inanmır. Mənəviyyatsızlar vicdanın səsini eşitmirlər.

Mənəviyyatsızlığın İblislik adlı məqamı var. İblislik – İnsansızlıqdan yaranır.

Cavidin qəhrəmanları ləyaqətsizliyə, azğınlığa, zalımlığa, harınlığa, öz insani imkanlarına inanmayanlara qarşı vuruşurlar.

Yadlaşma yağılığından ayrıla bilmirlər mənəviyyat korları, çünki iradəsizdirlər.

***

Cavid “Topal Teymur”unda fatehliyin faciəsini dahiyanə şəkildə açıb göstərir. Şair demək istəyir ki, Teymurlar həqiqət, ədalət, ülviyyət dağını fəth edə bilmirlər; zorla ürəklərə yiyələnmək istəyirlər, ancaq bacarmırlar.

***
İnam Ata “25 söz” izharında bəşərin oxumasını gərəkli saydığı 25 nəfər söz yiyəsi sırasında Hüseyn Cavidin də adını çəkir. Yüzillər ötəcək, Cavidin yaradıcılığı yenə də öz bənzərsizliyini qoruyacaq, yaşadacaq. Onun İnsan soraqlı əsərləri bəşərin bütün çağlarında öz ilahi dəyərini daha da yüksəldəcək, artıracaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır