Modern.az

“Bəzi qüvvələr Azərbaycanla NATO-nun arasını vurmağa çalışırlar”-Nümayəndə heyətinin üzvü

“Bəzi qüvvələr Azərbaycanla NATO-nun arasını vurmağa çalışırlar”-Nümayəndə heyətinin üzvü

Aktual

14 Aprel 2019, 12:00

“Bu günlərdə bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan NATO-ya üzv ölkələr üçün öz ərazisindən keçən dəhlizi bağlayır” başlıqlı yazılar dərc olunmuşdu.

 

Məsələyə Xarici İşlər Nazirliyi dərhal reaksiya verərək səslənən  ifadənin  həqiqətə uyğun olmadığını bildirmişdi.

 

“Vəziyyətin aydınlaşdırılması məqsədilə qeyd etmək istərdik ki, Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisini vermir. Burada söhbət NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın da iştirakçısı olduğu “Qətiyyətli Dəstək” missiyasının üzvlərinə ölkə ərazisindən, o cümlədən quru, hava və su məkanından sözügedən missiya çərçivəsində müvafiq yük daşımalarının həyata keçirilməsi üçün müvafiq imkanının təmin edilməsindən gedir. Belə bir təcrübə 2001-ci ildən mövcuddur. Bu imkanların təmin olunması üçün NATO üzv ölkələrinin müvafiq uçuş icazələrinin əldə edilməsi müraciətləri ikitərəfli əsaslarda nəzərdən keçirilir. Sözügedən müraciətlərə Azərbaycan tərəfinin müvafiq qayda və proseduralarına uyğun olaraq, eləcə də tərəfdaşlığın təməlini təşkil edən dövlətlərin bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə hörmət və əməkdaşlıq prinsipləri əsasında baxılır”.

 

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat  Kamran Bayramov Modern.az-a açıqlamasında bildirib ki, əməkdaşlığa xələl gərirən qüvvələr var.

 

“Azərbaycan hər zaman NATO ilə səmərəli əməkdaşlıq edib. Bildiyiniz kimi, Azərbaycanın da iştirakçısı olduğu  “Qətiyyətli dəstək” proqramı  var. O proqrama uyğun olaraq  NATO ilə Azərbaycan arasında  çox yaxşı əlaqələr mövcuddur. Güman ki, hər hansı bəyanatlar var. Düşünürəm ki, müəyyən qüvvələr Azərbaycanla NATO arasında mövcud olan əməkdaşlığa  xələl gətirməyə çalışırlar. Hesab edirəm ki, əməkdaşlıq göz önündədir. Xarici işlər nazirimiz NATO-nun üzv dövlətlərinin xarici işlər nazirlərinin toplantısında hər zaman iştirak edib. NATO-nun hazırkı baş katibi Yens Stoltenberq Azərbaycanla bağlı mövcud olan əməkdaşlığa görə minnətdarlığını bildirib. Düşünürəm ki, heç bir qüvvə, heç  bir tərəf bu əməkdaşlığa xələl gətirə bilməz”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü