Modern.az

İmperator Akihitonun taxtdan düşməsi rəsmiləşdi

İmperator Akihitonun taxtdan düşməsi rəsmiləşdi

Dünya

30 Aprel 2019, 14:21

Aprelin 30-da Yaponiyanın Baş naziri Şinzo Abe İmperator Akihitonun rəsmi olaraq taxt-tacdan imtina etdiyini bildirib.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Şinzo Abe İmperator sarayının “Şam ağacı zalı”nda keçirilən dövlət mərasimi zamanı elan edib.

“Əlahəzrət xüsusi qanunun qaydalarına uyğun olaraq, bu gün öz səlahiyyətlərindən imtina edir. Biz son 30 ildə Əlahəzrət İmperatorun və Əlahəzrət İmperatriçənin həmişə xalqla birlikdə olduğunu yaxşı xatırlayırıq. Fürsətdən istifadə edərək bununla əlaqədar növbəti dəfə ona ürəkdən gələn minnətdarlığımızı ifadə edirik”, - deyə Baş nazir bildirib.

Tədbirdə İmperator Akihito, İmperatriçə Miçiko və ailə üzvləri ilə yanaşı, yerli hakimiyyət orqanlarının nümayəndələri, Ali Məhkəmənin sədri, parlamentin hər iki palatasının sədrləri, nazirlər – ümumilikdə 300-dək qonaq iştirak edib. Tədbir Yaponiyanın bütün televiziya kanalları ilə birbaşa yayımlanıb.

Əfsanəyə görə İmperator Cimmuya məxsus olan qılınc, müqəddəs yaşma daşı, İmperator möhürü və Yaponiyanın dövlət möhürü zala gətirilib. İmperator Akihito təqribən 30 il taxtda olub.

İmperator kimi xalqa son dəfə müraciət edən Akihito deyib: “Bu gün mən İmperator olaraq öz xidmətimi başa vururam. Yapon xalqına, Baş nazir Şinzo Abenin dilindən səslənən sözlərə görə minnətdaram. Xoşbəxtəm ki, taxta çıxdığım andan 30 il ərzində xalqın inam və hörmətindən bəhrələnmişəm. Sabahdan başlanacaq Reiva dövrünün sülh və əmin-amanlıq gətirməsi üçün dualar edirəm. Mən ölkəmizin və bütün dünya insanlarının xoşbəxtliyi naminə dualar edirəm”.

İmperator Akihito öz səlahiyyətlərini aprelin 30-nun başa çatacağı son dəqiqəyədək saxlayacaq. Ertəsi gün isə onun oğlu, 59 yaşlı vəliəhd-şahzadə Naruhito ölkənin yeni İmperatoru olacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı