Modern.az

Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır”

Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır”

25 May 2019, 13:16

Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir.

 

Modern.az-ın məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov 28 May- Respublika günü münasibətilə keçirilən tədbirdə deyib.

Ə.Əhmədov bildirib ki, məcburi köçkünlərin yaşadığı ictimai binalarda bir neçə dəfə xoşagəlməz hadisələr baş verib: “Bu binalarda bir neçə dəfə yanğın olub və bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, onlar hələ ki həmin binalarda məskunlaşmağa məcburdurlar. Onlar hökumətimizin həyata keçirdiyi siyasət nəticəsində tikilən yeni qəsəbələrə köçürülürlər. Amma bu, xeyli vaxt aparır. Məcburi köçkünlərin yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir. Bununla bağlı yaradılmış komissiya yoxlamalar aparır, təhlükəli olan yerlər haqqında bizdə səhih məlumatlar var".

 

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan hökuməti yaranmış vəziyyətin təhlili və aradan qaldırılması üçün lazımi addımlar atacaq: "İmkan daxilində məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün də işlər görülür. Güman edirəm ki, gələcəkdə bizi narahat edən yanğın hadisələri baş verməyəcək".

 

Ə.Əhmədov bildirib ki, bizim yeganə problemimiz Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğal altında olmasıdır:

 

“Azərbaycanın güclü ordusu, xalqımızın iradəsi və Prezidentimizin qətiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün bizdə əminlik yaradır. Azərbaycan müharibə tərəfdarı deyil. Danışıqlar yolu ilə münaqişənin nəticələrinin aradan qaldırılmasına üstünlük verir. Hesab edirik ki, hələ bu istiqamətdə imkanlar mövcuddur. Bu imkanlardan axıra qədər də istifadə etmək lazımdır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü