Modern.az

Şəhid ailələrinin sosial məsələləri ictimailəşdirilib

Şəhid ailələrinin sosial məsələləri ictimailəşdirilib

Aktual

23 Avqust 2019, 14:30

“Qadın Konsensus Mərkəzi” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyilə “Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” layihəsi çərçivəsində ictimai müzakirə təşkil edib.

 

Modern.az xəbər verir ki, layihə barədə məlumat verən “Qadın Konsensus Mərkəzi”nin rəhbəri Aynur Camalqızı bildirib ki, layihədə məqsəd şəhid ailələrinə verilən birdəfəlik ödəmələri təbliğ etmək, şəhid ailələrinin sosial məsələlərini ictimailəşdirmək və şəhidlərimizin qəhrəmanlıqlarını sosial mediada işıqlandırmaqdır:

 

“Bildiyimiz kimi, Azərbaycan dövləti Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirib. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılıb, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilib və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılıb.


Prezident İlham Əliyev həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 19 aprel 2018-ci ildə Fərman verib. Fərmanda 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində birdəfəlik ödəmə almaq hüququ olan ailələrə hüquqi yardımlar göstərilib, onların problemləri internet informasiya resurslarında işıqlandırılıb. Həmçinin layihə çərçivəsində bukletlər çap olunub, şəhid ailələri üçün Xocali.ws saytında xüsusi bölmə yaradılıb, şəhid ailələrindən reportajlar hazırlanıb, müsahibələr hazırlanıb. Reportaj və müsahibələr Xocali.ws saytı ilə yanaşı, Teleqraf.com, Publika.az və Axar.az saytlarında işıqlandırılıb”.

 

İctimai müzakirədə tanınmış ictimai-siyasi xadimlər, media təmsilçiləri, QHT nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.

 

Müzakirələr zamanı politoloq Fərhad Mehdiyev qeyd edib ki, şəhidlərimizin adları əbədiləşdirilməlidir.

 

“Mənim fikrimcə adları yararsız olan küçə və məktəblərə, ictimai yerlərə şəhidlərimizin adları verilsin”.

 

Tədbir müzakirələrlə davam etdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı