Modern.az

İlham Əliyev Respublika Perinatal Mərkəzinin açılışında iştirak edib

İlham Əliyev Respublika Perinatal Mərkəzinin açılışında iştirak edib

Təhsil

28 Dekabr 2009, 19:22

Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 28-də Bakıda Respublika Perinatal Mərkəzinin açılış mərasimində iştirak ediblər. (AzərTAc). Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar. Mehriban xanıma gül dəstəsi təqdim olunub. Prezident İlham Əliyev yeni səhiyyə müəssisəsində yaradılmış şəraitlə tanış olub. Dövlət başçısının tapşırığına əsasən qəbul olunmuş "Ana və uşaqların sağlamlığının qorunmasına dair tədbirlər Proqramı"na uyğun olaraq yaradılmış Respublika Perinatal Mərkəzi dünya standartlarına cavab verən ən müasir avadanlıqla təchiz edilib. Ölkədə perinatal xidmətin keyfiyyətinin artırılması məqsədi ilə mərkəzdə xəstələrin doğumdan əvvəl hərtərəfli müayinəsi və müalicəsi aparılacaq, hamiləliyin normal keçməsi təmin olunacaq, perinatal dövrdə patologiyası olan qadınlara stasionar tibbi xidmət, yeni doğulmuş xəstə körpələrə reanimasiya və reabilitasiya yardımı, habelə hamilə qadınlara tibbi-psixoloji yardım göstəriləcək. Bildirilib ki, 120 çarpayılıq mərkəzdə doğum, hamiləliyin patologiyası, neonatologiya, yeni doğulmuşların intensiv terapiya, reanimasiya və cərrahiyyə şöbələri, laboratoriya, rentgen, ultrasəs müayinəsi, transfuziologiya, fizioterapiya və s. kabinetləri fəaliyyət göstərəcəkdir. Hamilə, zahı qadınlara və körpələrə bu tibb müəssisəsində müsabiqə yolu ilə seçilmiş 125 həkim, o cümlədən ginekoloq, terapevt, mammoloq, cərrah, ultrasəs müayinəsi həkimləri xidmət göstərəcəklər. Dövlət başçısı kollektivi mərkəzin istifadəyə verilməsi münasibətilə təbrik edib, tövsiyə və tapşırıqlarını verib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü