Modern.az

Ən yaradıcı xalq bizik!?

Ən yaradıcı xalq bizik!?

Aktual

18 Mart 2012, 11:56

Səhər tezdən internetdən xəbərlə nəzər salıram. publika.az səhifəsində bir sorgu diqqətimi cəlb edir. Soruşurlar, “Ən yaradıcı xalq hansıdır”. Fikirləşmədən ingilisə səs verib nəticəyə baxıram. 138 səs biz azərbaycanlıların, 68 səs ingilislərin olduğunu görəndə bir az təəccüblənirəm. Ona görə ki, elmdə əldə etdikləri nailiyyətlərə görə cümlə dünyanın şəksiz birinci saydığı ingilislərin bizdən sonra dayandığını görmək, gerçəkdən gülüncdür. Biz azərbaycanlıların isə dünyanın ən yaradıcı xalqı olduğunu qeyd etmək isə ikiqat yox, yüzqat gülünc görünür. Təəssübkeşlik yaxşı şeydir, di gəl ki, kompüteri, interneti icad etmiş ingilisi aşağılamaq da Allaha xoş getməz. İşdir, publika.az xəbər alsaydı ki, rüşvət, korrupsiya, saxtakarlıq, yalan, yaltaqlıq, paxıllıq sahəsində ən yaradıcı xalq kimdir, təbii ki, birinci yerdə biz azərbaycanlılardan savayı başqa bir xalqın adına rast gəlmək mümkün deyildi.

Dünya bilir ki, bizlərin yalan danışmaq üzrə tayı-bərabəri yoxdur. Çıxar istənilən YAP funksionerini telekanallardan birinə elə yalanlar uydursunlar ki, mat qalarsan. Yaxud, Heydər parklarında səhərdən-axşama domino-nərd oynayan, yarımac təqaüdçülərə, evdar kişilərə yaxınlaşıb 90 manat pensiya ilə bir ayı necə başa vurduğunu mikrofana deməsini rica et. Yağ içində böyrək kimi yaşadıqlarını utanıb eləmədən düz gözünün içinə deyəcəklər.

Aç tayfa telekanallarından istədiyin birini, bax gör, yekə-yekə kişilər və arvadlar yaltaqlıqdan, məddahlıqdan yana necə sinov gedirlər.

Get universitetlərə, akademiyanın institutlarına, öyrən elm adamları biri-birinin ayağının altını necə məharətlə qazırlar. Yaxınlaş bir akademikə və soruş ki, sivil dünyanın təsdiq etdiyi hansı icadın, ixtiranın sahibisən, başlayacaq, ölkə prezidentinin elmə olan atalıq qayğısından dəm vurmağa.

Bizim keçirdiyimiz seçkiləri məgər ingilislər və fransızlar saxtalaşdırır? Seçki günü “karusel” əməliyyatlarında iştirak edənlər bəlkə almanlar, yaxud monqollardır?

Saxtakarlığı, yalanı, yaltaqlığı, riyakarlığı yüz illərlə bizim qanımıza yeritdilər. Ruslar etdi bunu, farslar etdi bunu, indi də özümüz edirik. Dövlətçilik ənənəsi olmayan xalqların elmdə nailiyyətlər qazanması əsla mümkün deyil. Elm bir tərəfə, bu xalqlar vətənin təəssübünü çəkmək iqtidarında da olmurlar. Biri var ki. tarix kitabını açıb 300 il, 500 il əvvəl Azərbaycan dövləti haqqında oxuyub qürur duyasan, biri də var ki, həramxanasını, xəzinəsini Azərbaycandan artıq bilən xanlarımız barədə oxuyub təəssüf hissi keçirəsən. Bizlərə birincini oxumaq qismət olmadı, nədən ki, kütbeyin xanlarımız burunlarının ucundan uzağı görə bilmədilər. Onların biri-biri ilə didişməsi, var-dövlət hərisliyi qanımızı zəhərlədi, manqurtlaşdıq və millət kimi formalaşa bilmədik. Xalq millətə çevrilməyəndə, yaradıcılıq əmsalı yüksək ola bilmir. Bu gün dünyanı riqqətə gətirən elmi ixtiraların müəllifləri hansı millətlərdir? Təbii ki, ilkin olaraq hər kəsin yadına ingilislər, almanlar, fransızlar, yaponlar düşür. Onlar MİLLƏT olduqları üçün elm yaradırlar. Onların çiyinləri üzərində gəzdirdikləri baş yaltaqlıq, yalan, saxtakarlıq, riyakarlıq və sair anormallıqlar istehsalı ilə məşğul deyil, elmi axtarışlar istiqamətində fəaliyyət göstərir. Və buna görə də intellektlərinə rəğmən dünyada söz sahibləri olublar.

Bizim yaradıcı xalq olmağımız üçün öncə millət olmağımız gərəkdir. Millət ola bilməsək, bundan sonra da ömrümüz yalanla, yaltaqlıqla, riyakarlıqla keçəcək və düşünmədən adımızı evimizin içərisində keçirdiyimiz sorğularda birinci yazaraq, özümüzü ən yaradıcı xalq sayacağıq. İnternet səhifəsində olduğu kimi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü