Modern.az

Bu gün "Mixaylo"nun doğum günüdür

Bu gün

Aktual

22 Dekabr 2019, 17:14

Bu gün Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin doğum günüdür.

 

Modern.az xəbər verir ki, Mehdi Hənifə oğlu Hüseynzadə 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub. 1936-cı ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. Sonra Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil alıb. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirib.



1941-ci ilin avqustunda orduya çağrılıb, Tifis hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanıb. Minomyot tağımının komandiri kimi Stalinqrad döyüşündə iştirak edib, Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanıb və almanlara əsir düşüb. Almaniyaya göndərilən Mehdi Berlində üçaylıq tərcüməçi kurslarında iştirak edib və alman dilini öyrənib.



1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşulub. Xüsusi təxribat-kəşfiyyat dəstəsi yaradıb. Hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzib, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayıb. Onun əməliyyatları nəticəsində minlərlə faşist məhv edilib, onlarla dəmir və şose yolu körpüsünü, çoxlu faşist avtomaşınını sıradan çıxarılıb.



1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə, partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən, faşist keşikçiləri ilə üz-üzə gəlib. Qəhrəman döyüşçü, xeyli faşist öldürüb. Lakin döyüşərkən ağır yaralanıb. İgid partizan çoxlu qan itirərək həlak olub. "Mixaylo"nun ölüm xəbəri bütün Adriatik sahilinə yayılmışdı. Çepovani kəndində qəhrəmanın başdaşı üzərinə aşağıdakı sözlər həkk olub: "Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır".



1957-ci il aprelin 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı