Modern.az

8 Martla bağlı yaşlı və gənc nəslin hədiyyə zövqü necə dəyişib? - SORĞU

8 Martla bağlı yaşlı və gənc nəslin hədiyyə zövqü necə dəyişib? - SORĞU

Aktual

7 Mart 2020, 10:09

 

8 Mart elə özəl gündür ki, hər bir qadın doğmalarından, ətrafındakı insanlardan istər-istəməz diqqət, jest, ən əsası hədiyyə gözləyir. Əlbəttə ki, hər bayramın olduğu kimi 8 Martın da çiçək və ətir kimi ənənəvi hədiyyələri var.

 

Bəs müasir dövrdə də klassik hədiyyələrlə xanımların könlünü almaq olurmu? Əvvəlki nəsillə gənc nəslin hədiyyə zövqü necə dəyişib?

 

“Hədiyyənin böyüyü-kiçiyi olmaz” prinsipi ilə hərəkət edən sosioloq Əhməd Qəşəmoğlu 8 Marta imkan daxilində xərc çəkilməsinin tərəfdarıdır:

 

“Bəziləri bu bayramın qeyd edilib-edilməməli olduğunu müzakirə edir. Mən qeyd etməyin tərəfdarıyam. Bu bayramın Klara Setkin, ya başqası tərəfindən irəli sürülməsinin fərqi yoxdur. Əsas bayramın ideyasıdır ki, bu da qadınlarımızın hüquqları ilə bağlıdır.

Biz şagird vaxtı da, tələbə olanda da yoldaşlarımızı həmişə açıqca, gül ilə təbrik edirdik. 8 Martda həm kiçik, həm də böyük hədiyyələr olub. Münasibətlər hədiyyənin bahalığına görə deyil ki. Münasibət xoş olanda insan əlində olan imkanla hədiyyə versə, daha yaxşı olar. Bu hədiyyə elə olmalıdır ki, gərginlik yaranmasın. İnsanın öz son pulunu qoymaqla hədiyyə alması yolverilməz haldır. Olub ki, yaxın, doğma bildiyim adamlara bir dəstə gül də hədiyyə etmişəm”.

 

8 Martda ənənəvi hədiyyələrə üstünlük verdiyini deyən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun isə ən qeyri-adi hədiyyəsi qızına olub:

 

“Hər nəslin özünün bir dəbi, öz baxışı var. Yadıma gəlir ki, məktəbdə oxuyanda və ya tələbə olanda həmin dövrün dəbinə uyğun nələrsə alırdıq. İndi isə dəblər dəyişib. Məsələn, biz 8 Martın əsas atributu olan gül alırdıq. 90-cı illərin əvvəllərində dəbə uyğun olaraq maqnitafon kasetləri hədiyyə edirdik. Əsas da kitaba böyük üstünlük verirdik.

Elə bir qeyri-adi 8 Mart hədiyyəsi aldığımı xatırlamıram. Sadəcə yadımda qalan o olub ki, qızımın 1 yaşı tamam olurdu, ilk 8 Martı idi. Ona “rus matryoşkası” almışdım. Çox xoşuna gəlmişdi. Ona görə yadımda qalıb”.

 

Gənc yazar Kəramət Böyükçöl özəl günlərdə hədiyyə almağı, sürpriz etməyi sevmədiyini deyir:

 

“Boynumda belə bir yük hiss etməmişəm ki, 8 Martdır, ailəmdəki qadınlara hədiyyə alım.  Belə bir məsuliyyət hissindən həmişə azad olmuşam. Çünki istədiyim vaxt, ürəyimdən keçəndə hədiyyə alıram. Bir qadını sevirsənsə, yaxud anan, bacın, həyat yoldaşın sənin üçün qiymətlidirsə, ürəyin istəyən vaxt ona hədiyyə alıb, verə bilərsən. Bir qadın həyatındadırsa, özün təsəvvür edirsən ki, nə onun xoşuna gələ, diqqətini cəlb edə bilər.

Məsələn, 8 Mart olmasın, başqa vaxt olsun, anama alacağı şeyin pulunu verirəm ki, nə istəyirsən, özün al. Yaxud da bilirəm ki, bacımın övladları onun üçün nə qədər əhəmiyyətlidir. Ona pul verirəm ki, özünə nəsə al. O da heç özünə almır, gedir uşaqlarına bir şey alır. Sevdiyim qadına da eyni tərzdə. Xüsusi sürpriz etmək, hədiyyənin başına lent bağlamaq filan mənə süni təsir bağışlayır”.

 

“Qadın üçün ən gözəl hədiyyə nədir?” sualını isə Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu cavablandırdı.

 

Novella xanım deyir ki, bir gülüş, tək bir gül belə qadının qəlbini xoş etməyə kifayətdir. Yetər ki, diqqət olsun.

 

“Qadına hədiyyə hər gün verilməlidir, təkcə 8 Martda yox. Birincisi, qadın dünyaya övlad gətirir. İkincisi, qadın evi idarə edəndir. Qadın evin həm prezidentidir, həm daxili işləri, həm xarici işləri, həm də iqtisadçısıdır. Ona görə qadına təkcə 8 Martda yox, həmişə gül verilməlidir, hörmət olunmalıdır. Qadına hörmət etmək, ona münasibətdə yaxşı olmaq, elə böyük hədiyyədir. Qadına qarşı zorakılıq etməsinlər. Ailədə uşaqları da, yoldaşı da hər gün qadına nəvaziş göstərsələr, bu, qadının ən böyük hədiyyəsidir. Yoxsa bir gün, 8 Martda qadına gül vermək qadını aldatmaqdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü