Modern.az

Koronavirus qiyamət əlaməti deyil – AXUNDDAN AÇIQLAMA

Koronavirus qiyamət əlaməti deyil – AXUNDDAN AÇIQLAMA

19 Mart 2020, 16:10

Koronavirusun Çində meydana çıxdığı ilk günlərdə insanlarda belə bir fikir yaranmışdı ki, bu, əməllərinə görə Allahın çinlilərə göndərdiyi bəladır.

 

Virusun arealı genişləndikcə onun bütün dünyaya bəla kimi göndərildiyi mifi də yayılmağa başladı.

 

Ümumiyyətlə, belə hadisələr baş verdikdə bəzi insanlar bu kimi olayların baş verməsinə dini nöqteyi-nəzərdən yanaşaraq, məsələyə Allahdan gələn bəla kimi baxır.

 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli deyir ki, əməllərimiz bəşəriyyətin halını müəyyən edir:

 

 

“Təbii ki, hər hansı bir hadisənin səbəbləri var. Elm o səbəbləri araşdırıb, bizə çatdırır. Amma eyni zamanda insanlar əməllərinin törətdiyi işlərin nəticəsi olaraq da müəyyən hadisələrlə qarşılaşırlar. Bəlaya münasibətimiz bir qədər qeyri-elmi, qeyri-fəlsəfi olur. Əslində səbəb-nəticə qanunu var. İnsan etdiyi əməllərin nəticəsini mütləq görür.

 

Bəşəriyyətin törətdiyi əməllər elə təbii qaydalarla onun özünə qayıdır. Ümumilikdə, bəla bu prosesə deyilir. Bəla təkcə göydən hansısa daş yağmaq mənasını ifadə etmir. Məsələn, ekoloji problemlər insanların öz davranışının nəticəsi olur.

 

Müəyyən mənada ekoloji fəlakətləri bəla adlandırmaq olar”.

 

Bəşəriyyətin bu cür xəstəliklərlə bir neçə dəfə qarşılaşdığını deyən Ş. Həsənli belə halları qiyamət əlaməti hesab etməyin düzgün olmadığını da vurğulayıb:

 

“Bəla deyildikdə, etdiyimiz əməllərin səbəb-nəticələr vasitəsi ilə özümüzə qayıtması nəzərdə tutulur. Amma bu heç də koronavirus pandemiyasının hansısa təbii səbəblərinin olduğunu inkar etmir. Müəyyən elmi səbəblər də araşdırılır. Amma bəzən yanlış yanaşmalar olur. Baş verən hadisələri qiyamətin əlaməti kimi təqdim edirlər, panikaya qapılırlar ki, Kəbə boşaldısa, xəstəlik yayıldısa, qiyamət qopacaq.

 

Təbii ki, bunların heç bir əsası yoxdur. Çünki tarixdə dəfələrlə epidemiyalar, pandemiyalar olub və qiyamət də gəlib çatmayıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü