Modern.az

Azərbaycanın məşhur şairi İsgəndər Coşqunun oğlu vəfat edib

Azərbaycanın məşhur şairi İsgəndər Coşqunun oğlu vəfat edib

23 Aprel 2020, 12:57

Azərbaycanın tanınmış şair və dramaturqu, mərhum İsgəndər Coşqunun yeganə oğul övladı Ceyhun Hümbətov vəfat edib.

Bu barədə Modern.az-a mərhumun İsveçin Malmö şəhərində yaşayan bacısı, bu ölkədəki “Vahid Azərbaycan dərnəyi”nin rəhbəri Aygün Coşqun məlumat verib. O bildirib ki, qardaşı aprelin 20-də dünyasını dəyişib:

“Çox üzgünəm ki, son dəfə ona əlimi uzada bilmədim. Yollar da sanki son görüşümüzü istəmədi. Qəriblikdə yaşamağın ən çətin səbəblərindən biri də, üzüntülü günlərimizdə bir-birimizə zamanında yetişə bilməməyimizdir”.  

Aygün Coşqunun sözlərinə görə, qardaşı uzun müddət idi ki, xəstəydi:

“7-8 il bundan öncə beyin qanaması keçirmişdi, axırı da belə oldu. Ceyhun 1960-cı ildə Bakıda anadan olub. Bu il onun 60 illik yubileyini keçirəcəkdik, qismət olmadı. Bir qız övladı var.
Qardaşım Vətəninə, millətinə o qədər bağlı, o qədər həyatsevər və pozitiv insan idi ki... Amma həyatdır, nə etmək olar.
Atam İsgəndər Coşqunun bütün haqlarını qoruyan və yaradıcılığını başdan sonadək bilən, bunu hər zaman qürurla ailəsinə, ətrafindakı insanlara yorulmadan danışan bir övlad getdi. İndi atam da, anam da xoşbəxtdirlər yəqin. Kim bilir...”.

Allah rəhmət eləsin…


Xatırladaq ki, tanınmış şair və dramaturq İsgəndər Coşqun 1927-ci ildə Göyçay şəhərində fəhlə ailəsində doğulub. Burada orta təhsil alandan sonra Bakıda M.A.Əliyev adına Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Həmin il "Mavzoleydə" adlı ilk mətbu şeri "Ədəbiyyat və incəsənət" qəzetində çapdan çıxıbr.


1952-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə daxil olub, 1955-ci ildə oranı bitirib. 1962-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri işləyib.


İ.Coşqun 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" adına layiq görülüb.


1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan İsgəndər Coşqun 1996-cı il dekabr ayının 10-da vəfat edib.

Müxtəlif illərdə "Gəmidə söhbət", "Qığılcımlar", "Mən atamı düşünərkən", "Nəğmə dolu ürək" və s. adlı kitabları çap olunub. "Bakı Komissarları" pyesi 1986-cı ildə tamaşaya qoyulub. Tamaşaya görə ona Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı verilib. S.Vurğunun "Komsomol poeması" əsasında yazdığı pyesinə görə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb.

İsgəndər Coşqunun bəzi şeirlərinə mahnılar bəstələnib.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir