Modern.az

Ceyhun Bayramovdan gözləntilər nədir?

Ceyhun Bayramovdan gözləntilər nədir?

Ölkə

17 İyul 2020, 13:45

İyulun 16-da Prezident İlham Əliyev Elmar Məmmədyarovu Xarici İşlər naziri vəzifəsindən azad edib. Digər sərəncamla Ceyhun Bayramov yeni Xarici işlər naziri təyin olunub.

Bundan sonrakı diplomatik proseslərdə Ceyhun Bayramovdan gözləntilər nədir?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri, Azərbaycanın Çexiyadakı keçmiş səfiri Fərid Şəfiyev bu və digər məsələləri Modern.az-a şərh edib.


Təhsil adamının diplomatiyaya gəlişi...

Fərid Şəfiyevin sözlərinə görə, dünyada belə təcrübə çoxdur:


“Ceyhun Bayramovu şəxsən tanıyıram. Dövlət orqanlarında müvafiq təcrübəsi var, nazir olub. Nazir vəzifəsi ilk növbədə siyasi vəzifədir. Bir çox ölkələrdə nazirlər müxtəlif sahələrə rəhbərlik edə bilirlər. Hətta bu geniş təcrübədir. Xüsusilə parlament respublikalarında belə təcrübə var. Nazirin vəzifəsi prezidentin, yaxud da partiyanın siyasi qərarlarını yerinə yetirməkdir. Nazir müavinləri və peşəkar heyət artıq xüsusi sahə olan məsələləri həll edirlər. Bu baxımdan bunu normal hesab edirəm və Ceyhun müəllimə uğurlar arzulayıram”.


XİN-də islahatlar ləng gedib

Keçmiş səfir bildirib ki, ümumən diplomatiyamıza  nəzər salsaq, həmişə Azərbaycan diplomatiyasının fəal olduğunu söyləmək olar:


“Əvvəlki illərdə də Azərbaycan diplomatik sahədə bir çox uğurlara nail olub. Son illərdəBMT  Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz (24 oktyabr 2011-ci ildə ölkəmiz Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) iki il müddətinə (2012-2013) qeyri-daimi üzvü seçilmişdi), Qoşulmama Hərəkatına sədrlik və sairə. Təbii ki, Azərbaycan diplomatiyasının uğurunda ilk növbədə prezidentin nüfuzu və  dünya liderlərinin ona olan hörməti ön plandadır. Hesab edirəm ki, bu cür hallar hər zaman diplomatik uğurlarımıza töhfə verib.

Son bir ildə xarici siyasətimizdə ciddi nöqsanlar baş verib. Xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ danışıqları prosesində. Təkmilləşdirmə və islahatlar prosesində Xarici İşlər Nazirliyi ləng olub. Söhbət DTX-nın apardığı əməliyyatlar və sairədən gedir. Gözləntilərə gəlincə, Xarici İşlər Nazirliyinin işində bir neçə istiqamət var. İlk növbədə danışıqlar məsələsində təkmilləşdirmə aparılmalıdır. Təbii ki, cənab prezidentin əsas təlimatı danışıqları imitasiya etməməkdir. Hələ 2019-cu ildəki şərhlərimdə qeyd etmişdim ki,  biz postdanışıqlar dövrünə qədəm qoymuşuq. Ona görə ki, Paşinyanın avqust ayında olan bəyanatından sonra danışıqların mahiyyəti də itmişdi. Ermənistan özü üçün müəyyən edib ki, Dağlıq Qarabağ Ermənistandır. Ona görə ki, Minsk qrupu konfransının mandatı Dağlıq Qarabağın statusunu müəyyən etməkdir.
İkinci məsələ builki Cenevrə danışıqlarından sonra baş vermişdi. Bu prinsipləri keçmiş Sarkisyan rejimi əldə edib. Biz bu əsasda danışıqları aparmaq istəmirik. “Madrid prinsipləri” 10 ildir istifadə olunmur. Rusiyanın xarici işlər naziri müəyyən təkliflərin, tezislərin olduğunu qeyd edərək, onun üzərində işlərin davam edilməli olduğunu deyib. “Madrid prinsipləri”nin bizim üçün də bəzi xoşagəlməz məqamları var. Heç olmasa, danışıqlar çərçivəsində təkliflər, sənədlərlə bağlı işlər gedəcəksə, danışıqların aparılması məqsədəuyğundur. Son  3-4 ayda aparılan virtual danışıqlarda nələrin baş verdiyindən xəbərim yoxdur. Çox güman ki formal xarakter daşıyırdı. Ötən il jurnalistlərin qarşılıqlı səfərləri olsa da, bunun heç bir mənası olmadı. Xarici Işlər Nazirliyinin yeni rəhbərinin əsas hədəfi danışıqların mahiyyətcə konkret olaraq tezislər üzərində iş aparması, imitasiya etməməkdir. Bu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid olan məsələdir”.



“XİN-də struktur dəyişikliklər aparılmalıdır”

BMTM-nin sədri XİN-də struktur dəyişikliklərinin baş verməli olduğunu da qeyd edib:


“Diplomatların seçimində, eləcə də,  təyinatlarda şəffaflıq, peşəkarlıq olmalıdır. Peşəkar tələblər ön plana çəkilməlidir. Bu, təkcə Xarici İşlər Nazirliyində problem deyil. Bütün dövlət orqanlarında olan problemdir. Yerlibazlıq, qohumbazlıq hansısa digər amillər... Cənab prezident islahatların mexanizmini müəyyən edib. İslahatlar Xarici İşlər Nazirliyində də tətbiq olunmalıdır. Təəssüf ki, bəzi dövlət strukturlarında olan problemlər Xarici İşlər Nazirliyində də var. Burada da struktur dəyişiklikləri baş verməlidir.

Digər bir məsələ rotasiya ilə bağlıdır. Bütün vəzifələr rotasiya olunmalıdır. Hansısa müəssisədə, idarədə “JEK” müdiri və ya da kim olursa olsun, əgər bir yerdə uzun illər hərəkət etmədən oturub işləyirlərsə, doğru deyil.  Bu, diplomatiyaya da aiddir. Səfirlər də, idarə rəisləri də bir yerdə uzunmüddət işlədikdən sonra rotasiya olunmalıdır. Heç kim hansısa idarədə kök salmamalıdır. Bu təkcə Xarici İşlər Nazirliyinə aid deyil, bütün qurumlara aiddir”.


“Maliyyə hesabatı təqdim olunmalıdır”

Fərid Şəfiyev  Elmar Məmmədyarovun keçmişdəki fəaliyyətindən də söz açıb:


“Elmar Məmmədyarov  nazir olduğu ilk illərdə XİN-də çox müsbət dəyişikliklər baş vermişdi. Hesab edirəm ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizdə də bir çox şəxslərin rolu var. Orada olan diplomatlar işləyirdi. Rotasiya baş versəydi, indiki problemlərlə üzləşməzdik. Bu, birinci məsələdir. İkinci məsələ kadr siyasəti ilə bağlıdır. Xadimədən tutmuş strateji idarə rəislərinə qədər tamamilə dəyişdirilə bilər. Burada kollegial formada qərarlar qəbul olunmalıdır. Kimsə 3 il işləyirsə, onun ixtiyarı var ki hansısa vəzifəyə getsin. Birdən-birə təzə işə gələni səfir edirlər. Belə olmamalıdır. Gənclər ön plana çəkilməlidir, bu öz yerində. Yenə təkrar edirəm, şəffaflıq olmalı və kolleqal şəkildə qərarlar qəbul olunmalıdır. Eyni zamanda, maliyyə məsələləri də şəffaf formada aparılmalı, hesabatı təqdim olunmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü